Şagirdlərimizin hər gün qarşılaşdığı ERMƏNİ ONLARA "NƏ DEYİR"?
Bizi izləyin

Elm və təhsil

Şagirdlərimizin hər gün qarşılaşdığı ERMƏNİ ONLARA "NƏ DEYİR"?

Şagirdlərimzin hər gün qarşılaşdığı ERMƏNİ

“Qızım 5-ci sinifdə oxuyur. Onun tarix kitabını vərəqləyəndə gördüm ki, dərslikdə erməni xətti səbəbsiz yerə çox qabardılıb. Belə təsəvvür yaranır ki, Azərbaycanın bütün siyasi tarixinin dövrlərində erməni bizim ən böyük problemlərimizdən olub, uğurlarımızın qarşısını onlar kəsib. Əslində belə deyil, ermənilər heç zaman Azərbaycan siyasi tarixində öndə olan fiqur olmayıblar. Onlardan müəyyən məsələlərdə təsiredici qüvvə, alət kimi istifadə edilib. Bu kitabı oxuyanda isə əksinə ermənilərin güclü olduğunu və bizi irəli getməyə qoymadıqları görünür”.

5-ci sinif Azərbaycan tarixi dərsliyindən narahatlığını dilə gətirən jurnalist Xaqanı Səfəroğlu Publika.az-a danışarkən belə deyib.

O bildirib ki, istər Babək hərəkatının sona çatması, Qarabağ, İrəvan xanlığının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda və digər hallarda erməni faktoru çox qabardılıb: “Əlbəttə, buna ehtiyac yoxdur. Tarix kitabı ictimai, siyasi münasibətlərin ümumi bir məzmunu kimi sadə dildə çatıdırılmalıdır. Uşaq öz dövlətinin tarixinin ümumi təsəvvürlərini almalıdır. İstərdim ki, Tarix kitabında şagirdlər Azərbaycanının uğurlarını daha çox görsünlər. Hətta dövlət süqut etsə belə, o hər hansı düşmən obrazı ilə bağlanmasın. Əksinə sona qədər mübarizə aparmağımız vurğulansın”.

Həqiqətən də, jurnalist həmkarımızın sadaladığı hadisələrin baş verməsində ermənilərin birbaşa səbəb olmadığı məlumdur. Lakin olsa belə, 5-ci sinif şagirdinin tarixlə ilk tanış olduğu dərslikdə erməni faktorunu qabartmaq birmənalı qarşılana bilməz. Biz tarixin təhrifinin tərəfdarı deyilik, lakin 5-ci sinif şagirdinin beynində bu qədər çox erməni sözündən sonra hansı hisslərin yarandığını təsəvvür etməkdə çətinlik çəkmirik. Bütün bunların nəticəsində 11 yaşlı uşağın ermənilərə məğlubedilməz qüvvə kimi baxması, onların əməllərindən qorxuya düşməsi, hətta sarsıntı keçirməsi inkaredilməz məqamlardandır. Bəs bu məqamlar övladlarımızın şəxsiyyət kimi yetişməsinə mane olmayacaqmı?

Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov bu problemlərin dərsliklərimizdə hələ də, vahid strategiya müəyyən etməməyimizdən qaynaqlandığını deyir: “Dərsliklərimizdə qəhrəmanlıq səhifələrimizi önə çəkə bilməmişik. Babək hərəkatı ilə bağlı mövzuda erməni kimi təqdim edilən Sumbatyanın satqınlığı rolunu qabardırıq, lakin Babəkin 3 qitəni işğal etmiş ərəblərə qarşı mübarizəsini kiçildirik. Yaxud Qarabağ xanlığının erməni xəyanətindən məğlubiyyətini xatırladırıq, amma Pənahəli xanın rolunu kiçildirik. Gəncəli Cavad xanın məğlubiyyəti, Quba xanlığındakı hadisələrdə erməni faktoru təəssüf ki, qəhrəmanlıq səhifəmizi üstələyib. Ermənilərin tariximizdəki rolunu inkar edə bilmərik. Lakin yaxşı olardı ki, erməni faktorunu dərsliklərimizdən çıxaraq, hökmdarlarımızın qəhrəmanlıq obrazını canlandıraq”.

Lakin bununla yanaşı ekspert dərsliklərdəki erməni faktorunun onların güclü olması barədə təəssürat yaratmadığını düşünür: “5-ci sinif “Azərbaycan tarixi” kitabı tariximizə giriş dərsliyi hesab edilir. Burada mövzular nağıl, hekayə formatında uşaqlarda tarixə maraq yaratmalıdır. Təkcə 5-ci sinif deyil, ümumilikdə tarix kitablarına baxdıqda belə fikir yaranır ki, biz böyük uğurlar əldə edərkən azsaylı xalq olan, əraziyə sonradan köçürülən ermənilər mane olub. Lakin orta məktəbin əsas funksiyası şəxsiyyət yetişdirməkdir. Biz dərsliklərdə tarix boyu düşmənlərimizin kimlər olduğunu göstərməliyik. Babək hərəkatının məğlubiyyəti, Qarabağ, İrəvan Xanlıqları, yaxud Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda ermənilərin rolunu vurğulamaq onların böyük gücə malik olması anlamına gəlmir. Bu, onların xəyanətkar mövqe tutduğunu göstərir”.

Adıçəkilən dərsliyin müəlliflərindən Hafiz Cabbarov isə iradlarla razılaşmır: “Tarixi obyektiv, olduğu kimi işıqlandırmaq lazımdır. Müasir təhsilin tələbi şagirdlərə hər hansı mövzuda hökm qoymamaqdır. Biz materialı təqdim edirik. Kimin qəhrəman, kimin tarixdə böyük rol oynamasına şagird özü qərar verməlidir.

Babəklə bağlı iradı haqlı qəbul etmirəm. Köhnə kitablarda Səhl ibn Sumbat erməni hakimi kimi təqdim edilib. Bu səhvlərə sovet dövründə rast gəlinirdi. Tarixçi Ziya Bünyadov da sübut etdi ki, həmin şəxs erməni deyil, albandır. Ona görə də Babəki erməni feodalı S.Sumbat tapdığını yazsaq, ermənilərin bu torpaqlarda əvvəldən yaşadığını demiş olarıq. Tarix elmi isə əksini sübut edir. Sumbat alban olub, dərslikdə də biz onu erməni kimi təqdim etməmişik.

İrəvan, Qarabağ xanlıqları və Azərbaycan Xalq Cümhuriyyətinin tarixini işıqlandırarkən istər-istəməz erməni mövzusundan yan keçə bilmirik. Çünki tariximizin bu dövrlərində ermənilərlə yolumuz kəsişib. Bu məlumatları şagirdə yalnız bir fakt kimi təqdim etmirik. Məqsədimiz şagirdlərin tarixdən ibrət dərsi alması, tarixdə edilmiş səhvləri təkrarlamamaları düşüncəsini formalaşdırmaqdır.

Adıçəkilən xanlıqlar və AXC tarixinin müəyyən məqamlarında ermənilərlə bağlı məqamlara yer verilib. İrəvan qalasının alınmasında ermənilərin ruslara yaxından köməklik etməsi yazılıb. Ancaq mövzularda əsas güc kimi ermənilər göstərilməyib”.

Dərslik müəllifi də dərsliklərdə ermənilərin rolu qeyd edilərkən buna daha diqqətli yanaşılmasının tərəfdarı olduğunu deyir: “Biz hər dəfə dərslikləri yenidən işləyərkən, daha da təkmilləşdirməyə, ictimai rəyi nəzərə almağa çalışırıq. Özüm praktik müəllim olduğuma görə şagirdlərin də münasibətini qeydə alıram. Amma bəzi məqamlar var ki, tarixi olduğu kimi çatdırmalıyıq. İrəvan xanlığı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini yazarkən ermənilərlə bağlı məqamlara toxunmamaq olmaz. Hər addım başı ermənilərin adını çəkəndən, onların daim bizimlə birlikdə olması təəssüratı yaranır. Bacardıqca bundan da qaçmaq lazımdır. Amma Azərbaycan tarixinə vurduqları zərərləri qeyd etməmək mümkün deyil. Hesab edirəm ki, 5-ci sinif “Azərbaycan tarixi” dərsliyi ermənilərin rolunun qabardılması təəssüratı yaratmır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm