Universitetlərə qəbulda hansı yeniliklər tətbiq olunacaq? - EKSPERT
Bizi izləyin

Elm və təhsil

Universitetlərə qəbulda hansı yeniliklər tətbiq olunacaq? - EKSPERT

Universitetlərə qəbulda hansı yeniliklər tətbiq olunacaq?

Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yəni təklifləri hökumətə təqdim edib.

Yeni təkliflərdə ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsi, qəbul olan tələbələrin sayının artırılması kimi məqamlar yer alıb.

Yeniliyi Publika.az şərh edən təhsil eksperti Kamran Əsədov bunu mütərəqqi və vaxtında atılmış bir addım hesab etdiyini deyir. Onun sözlərinə görə, bu yenilik ilk növbədə ölkədə xaricə tələbə axının qarşısını alacaq: “Bildiyiniz kimi hər il minlərlə abituriyent öz maddi imkanları hesabına xaricdə təhsil alır. Bu həm də xaricə beyin və maliyyə axını deməkdir. Bundan başqa, bu layihənin hazırlanmasının bir səbəbi də ali təhsil müəssisələrinin maliyyələşməsi ilə bağlıdır. Hər il ali təhsil müəssisələri müəyyən sayda tələbə qəbul edir, sonrakı illərdə bəzi tələbələr təhsili davam etdirə bilmir. Ali məktəblərin yeganə gəlir yerinin təhsil haqqı olduğunu nəzərə alsaq, tələbələrin sayının az olmasının maddi göstəricilərə necə təsir edəcəyini təxmin edə bilərik”.

Ekspert bildirir ki, bu yeniliklərin tətbiq edildiyi halda ali məktəblərə qəbulda buraxılış imtahanlarında nəticələr və həmçinin şagirdlərin yazı qabiliyyəti də nəzərə alınacaq: “Lakin bu qəbul imtahanlarının ləğv edilməsi anlamına gəlməməlidir. Təhsil naziri Mikayıl Cabbarov akademik göstəriciləri yüksək olan şagirdlərin ali məktəbə qəbul olacağını deyir. Lakin orta məktəblərdə hər hansı akademik göstərici yoxdur. Təklif edilən dəyişikliyin iki il ərzində həyata keçirilməsi real deyil. Çünki hazırda 10-11-ci sinif şagirdlərin biliyi 5 ballıq sistemlə qiymətləndirilir. Hər il orta məktəbi bitirən 100 mindən çox şagirdin böyük əksəriyyətinin göstəriciləri oxşardır. Onların hamısı ali məktəbə qəbul edilə bilməz. Üstəlik, hər il ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda kollec məzunları, xarici ölkə vətəndaşları da iştirak edir ki, onların akademik göstəricilərinin müəyyən edilməsi ilə bağlı hər hansı konsepsiya yoxdur. Ona görə də burada məsələ qəbul imtahanlarının ləğvi yox, ali məktəblərə qəbulda buraxılış imtahanların göstəricilərinin nəzərə alınmasından gedir. Həmçinin şagirdlərin beynəlxalq və yerli olimpiadalardakı göstəriciləri də əsas götürülə bilər. Yəni şagird yalnız ali məktəbə hazırlaşmaqla kifayətlənməyəcək, o, əlavə göstəricilər də əldə etməyə çalışacaq. Yeni təhsil strategiyası ilə ilk dəfə təhsil alan şagirdlər 2019-cu ildə məzun olacaqlar. Həmin il qəbul imtahanlarında köklü dəyişikliklər gözləniləndir. Onların bilik və bacarıqlarının sadəcə testlə yoxlanılması mümkün deyil. Həmin şagirdlərin esse yazmaq, özünü ifadə bacarığı, xarici dil bilgisi də akademik göstərici kimi qəbul edilə bilər. Bir sözlə, bu addımı mütərəqqi hesab edirəm. Qəbul imtahanlarında ciddi yeniliklərə səbəb olacaq”.

Göstəriciləri zəif olan abituriyentlər üçün kursların təşkilinə toxunan ekspert bildirdi ki, həmin mərhələdə akademik göstəriciləri zəif olanlar iştirak edə biləcək: “Məsələn, Tarix fakültəsinə qəbul olmaq istəyən abituriyentin orta məktəbdə tarixdən akademik göstəriciləri zəifdirsə, o hazırlıq qrupunda akademik göstəricilərini artıracaq. Bu təcrübə bütün dünyada tətbiq olunacaq. Ana dilindən “2” qiymət alan abituriyent ali məktəbə qəbul edilməyəcək, yalnız əlavə kurs keçib uğurlu nəticə göstərəndən sonra onun ali təhsil almaq şansı yarana bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm