• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Qəbul balları artırılacaq, buraxılış imtahanları keçirilməyəcək

Qəbul balları artırılacaq, buraxılış imtahanları keçirilməyəcək

Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

Azərbaycanda ilk dəfə tətbiq ediləcək bu yeniliklə bağlı fikirlər müxtəlifdir.

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bu addımın atılmasının zəruri olduğunu deyib: “Hesab edirəm ki, son 3 il ərzində istər qəbul imtahanlarında, istərsə də təhsilin idarə olunmasında ciddi islahatlar aparılıb. Bunlar təkcə məzmun dəyişikliyi ilə nəticələnməyib, həm də təhsil göstəriciləri nəzərə çarpacaq qədər irəliləyib. Dünya təcrübəsində ildə bir dəfə keçirilən və 3 saatlıq imtahanda məzunun gələcəyinin, taleyinin həll olunması qəbul edilmir. Bu qayda abituriyentlərin imkanlarını məhdudlaşdırırdı. Ona görə də belə bir addım atılmalı idi. Bundan əlavə TQDK (DİM) onsuz da il ərzində ali məktəblərə qəbul imtahanlarını iki dəfə həyata keçirirdi. Belə ki, may ayında əvvəlki illərdə məzun olmuş şəxslər, iyul ayında isə cari ilin məzunları I, II, III və IV ixtisas qrupu üzrə qəbul imtahanı verirdi. Sadəcə olaraq mayda qəbul imtahanı verən abituriyent iyulda, iyulda imtahan verən abituriyent isə mayda keçirilən qəbul imtahanında iştirak edə bilməzdi. İndi hər iki imtahanda bütün abituriyentlərə iştirak etmək imkanı verildi”.

Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzinin il ərzində abituriyentlərin bir neçə dəfə qəbul imtahanını keçirmək təklifini verməsinə onun Publik şəxs olması nəticəsində dövlət büdcəsinin vəsaitlərindən məhrum edilməsi və maliyyə gəlirlərinin az olması ciddi səbəb olub: “Hər il ali məktəblərə qəbul imtahanlarında 80 minə yaxın abituriyentin iştirak etdiyini nəzərə alsaq, DİM bu proseslə öz maliyyə sıxıntısını həll edə biləcək. Yəni azı beş dəfə sınaq, iki dəfə qəbul imtahanı keçirməklə özünə lazım olan vəsaiti əldə edəcək. Həmçinin qəbul imtahanlarının iki dəfə keçirilməsi abituriyentləri əlavə stressdən də qurtaracaq. Bir çox abituriyentlər ildə bir dəfə keçirilən sınaq imtahanında yüksək səviyyədə hazırlıq prosesi keçsələr də, imtahan zamanı yaşadıqları stress onların yüksək nəticələr əldə etməsinə mane olurdu. DİM-in qərarını görəndə şagirdlərim üçün çox sevindim. Bir şagirdin biliyini bir dəfə imtahan etməklə tam dəqiq bilmək qeyri-mümkündür. Bunu hər bir peşəkar müəllimi, xüsusən də məktəbdə dərs deyən və repititorluqla məşğul olan müəllimlər təsdiq edər. Hər gün dərsə hazır olan, bütün suallara doğru cavab verən şagird bir də görürsən imtahanda, KSQ, BSQ-də elə səhvlər eləyib ki, adamın heç inanmağı gəlmir. Başqa vaxt bəlkə də o, sualların hamısını doğru yazardı. Həmin gün şagird özünü çox narahat hiss edər, xəstə, həyəcanlı ola bilər və s. Bu, bir psixoloji amildir və hər bir şagirddə ola bilər. Hesab edirəm ki, ikinci imtahanın olması o şagirdlərə daha bir şansın verilməsi deməkdir və bu qərarı çox yüksək dəyərləndirirəm. Abituriyentlərimiz də heç də arxayın olmamalıdırlar. Çünki bu, daha böyük rəqabət deməkdir, yəni keçid balları daha çox ola bilər”.

K.Əsədov hesab edir ki, imtahanların ildə iki dəfə keçirilməsi universitet yerlərinin tam dolmasına da imkan verəcək: “Hər il keçid balını toplayanların sayının plan yerindən az olması elə yerləşdirmənin birinci mərhələsində boş plan yerlərinin qalması ilə nəticələnirdi. Amma indi iki dəfə imtahan olacağına görə keçid balı toplayanların sayı ciddi şəkildə çoxalacaq ki, bu da müsabiqə vəziyyətinin və qəbul ballarının artmasına səbəb olacaq. Bundan başqa keçid balını toplayanların sayı ciddi şəkildə artacağına görə ali məktəblərdə plan yeri tam şəkildə dolacaq və boş yerlərin qalması problem yaratmayacaq. Bu gün dünyanın ən nüfuzlu universitetlərinin qəbul etdiyi beynəlxalq imtahanlar var, İELTS, SAT, TOEFL, YÖS kimi. Bu imtahanlar il ərzində bir neçə dəfə keçirilir. İELTS imtahanı, hətta Azərbaycanda belə il ərzində 30 dəfədən çox keçirilir. Bir İELTS imtahanın qiyməti 255 manatdır. Siz hətta 30 dəfə ayrı-ayrı bu xidmət haqqını ödəyib imtahanda iştirak edə bilərsiniz və əldə etdiyiniz ən yüksək nəticələrlə ali məktəblərə müraciət edə bilərsiniz”.

Onun sözlərinə görə, birinci qəbul imtahanının iyul ayında keçirilməsi gözlənilir: “Yeni qaydalara görə bir neçə il əvvəl olduğu kimi qəbul imtahanlarında əvvəlki illərin məzunları cari ilin məzunları ilə birlikdə imtahan verəcək. Bildiyiniz kimi, 11-ci siniflər 14 iyun tarixində orta məktəbi bitirəcəklər. Və bundan sonra regionlar üzrə buraxılış imtahanları keçiriləcək ki, bu, bütün ölkə ərazisində iyun ayının sonuna qədər yekunlaşacaq. Bu o deməkdir ki, cari ilin məzunları təhsil aldıqları müddətdə qəbul imtahanında iştirak edə bilməzlər, deməli birinci qəbul imtahanının iyun ayında olması inandırıcı görünmür. Ən tez halda birinci qəbul imtahanının iyul ayında olacağını düşünürəm”.

Ekspert onu da vurğuladı ki, imtahanlarının iki dəfə keçirilməsi abituriyentlərin imtahan qrafikini sıxlaşdıra və hətta imtahanlar arasında vaxt toqquşması yarada bilər. Ona görə də, buraxılış imtahanlarının keçirilməyəcəyini düşünür: “Hazırda buraxılış və qəbul imtahanları ilə bağlı mövcud qaydaları nəzərə alsaq, rus bölməsinin şagirdi azı bir uğursuz nəticə əldə edərsə, iki dəfə Azərbaycan dilindən imtahan verəcək. Yeni dəyişikliyə görə, şagirdlər seçdiyi ixtisas qrupu üzrə iki dəfə qəbul imtahanı verəcəklər. Bundan başqa bildiyiniz kimi, keçən il I, II, III və IV ixtisas qruplarından birini seçmiş abituriyentlər həm də V ixtisas qrupunu seçib imtahan verirdilər. Doğrudur, cari ilin məzunları ayrıca V qrup imtahanı vermirdilər, onların buraxılış imtahanlarının nəticələri V qrupun nəticəsi kimi qəbul edilirdi. Amma əvvəlki illərin məzunları ayrıca V qrup imtahanı verirdilər. Belə çıxır ki, onlar seçdiyi I-II, III və IV ixtisas qruplarından birini seçmiş abituriyentlər həm bu ixtisas üzrə iki dəfə qəbul imtahanı verəcəklər, həm də V ixtisas qrupuna. Bu zaman cari ilin məzunlarının hüququ tapdanmış olur. Çünki onlar buraxılış imtahanını bir dəfə verirlər. Bundan başqa abituriyentlər imtahanlara səmərəli hazırlaşmaq üçün DİM (TQDK) tərəfindən keçirilən azı beş sınaq imtahanında iştirak etməlidirlər. Bu da o deməkdir ki, abituriyentlər aprel ayından etibarən hər bazar günü bu və ya digər sınaq-qəbul imtahanlarına qatılacaqlar. Düşünürəm ki, buraxılış imtahanları keçirilməyəcək. Yalnız iki dəfə keçirilən qəbul imtahanlarında müəyyən edilmiş bal həddini keçmiş şəxslər attestatla təmin olunacaq”.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR