Sınaq və qəbul imtahanlarının qiyməti neçəyə olacaq? - Bizi gözləyən TƏHLÜKƏ
Bizi izləyin

Elm və təhsil

Sınaq və qəbul imtahanlarının qiyməti neçəyə olacaq? - Bizi gözləyən TƏHLÜKƏ

Bizi gözləyən TƏHLÜKƏ

Bu ildən orta ixtisas, ali təhsilin bakalavr, magistr və rezidentura pillələrində imtahanda iştirak etmək üçün ödəniş tələb ediləcək. Artıq ödənişin müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib. Yaxın zamanda bu barədə açıqlama veriləcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu vaxta qədər hər bir imtahan iştirakçısı üçün xərclərin 25 manat təşkil etdiyini açıqlamışdı. Bu rəqəm isə ali təhsilin müxtəlif pillələri üzrə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərdə narahatlıq yaradıb.

Təhsil eksperti Kamran Əsədov isə Publika.az-a açıqlamasında bu rəqəmin yüksək olacağını düşünmədiyini deyib. Ekspert bildirib ki, onsuz da bu vaxta qədər də buraxılış imtahanları istisna olmaqla, TQDK (DİM) tərəfindən təhsilin istənilən pilləsi üzrə keçirilən qəbul imtahanları ödənişli idi: “Bu imtahanda iştirak edən iddiaçı xidmət haqqı ödədikdən sonra iştirak hüququ əldə edib. Sadəcə olaraq, bu ilə qədər TQDK-ya həm də dövlət büdcəsinin vəsaiti ilə maliyyə dəstəyi olurdu. TQDK ləğv olunub publik şəxsə çevrildikdən sonra bu quruma dövlət tərəfindən verilən vəsait ayrılmadı. Bu ildən etibarən TQDK özü göstərdiyi xidmətlərə görə öz maliyyələşdirilməsini həyata keçirəcək. Bu qurumun hazırda yeganə gəlir mənbəyi təhsilin müxtəlif pillələri üzrə sınaq və qəbul imtahanlarını keçirməklə əldə edəcəyi vəsait olacaq. Hesab edirəm ki, məhz bu ildən etibarən qəbul imtahanlarının iki mərhələdə keçrilməsini zəruri edən halların başında bu gəlir. Nəzərə alsaq ki, hər il bakalavr, magistr və rezidenturaya qəbul imtahanlarında həmçinin bu pillələr üzrə sınaq imtahanlarında 150 mindən çox insan iştirak edir, məhz bu imtahanları iki dəfə etməklə gəliri iki dəfə çoxaltmaq mümkündür. Dövlət İmtahan Mərkəzi sınaq və imtahanlarının qiymətini ciddi şəkildə artırsa, nəzərdə tutulan kimi gəlir əldə edə bilməyəcək, əksinə ciddi şəkildə maliyyə itkisi ilə qarşılaşa bilər. İndiyə qədər imtahanlarda iştirak edənlərin sayına diqqət yetirəndə bunu görmək mümkündür. 2014/2015 tədris ilində orta məktəbdə buraxılış və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7% qəbul imtahanlarında 200-dən az bal toplayıb. Bu isə əslində qeyri-məqbul (“2”) deməkdir. TQDK ümid edir ki, bu qədər insan yenidən onların ictimaiyyətə eşitdirdiyi 25 manatı ödəyib imtahana girəcəklər, bu yanlışdır. Onsuzda onlar bilirlər ki, yüksək bal toplamayacaqlar, daha boşuna niyə 25 manat pul ödəsinlər? Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,89%-i 0-100 bal, 20,76%-i 100-200 bal toplayıb. 200-300 bal arasında abituriyentlərin 13,61%-i, 300-500 arasında 15,73%, 500-700 bal arasında isə abituriyentlərin 6,01%-i nəticə göstərib. Azərbaycan bölməsindəki abituriyentlərin sayı 84739 nəfər, rus bölməsində isə 7904 nəfər olub. Azərbaycan bölməsi üzrə median 116,92 bal, rus bölməsi üzrə isə 186,43 bal olub”.

Ekspert bildirib ki, aşağı balı toplayanlar 25 manatı ödəməyəcək. Onun sözlərinə görə, həqiqətən də imtahan qiymətləri 25 manat müəyyən edilərsə, TQDK gəlirlərlə bağlı gözlədiyinin tam əksi olacaq.

K.Əsədov hazırkı durumda 25 manat xərcin də real olmadığını deyib: “TQDK qeyd edir ki, imtahana böyük məbləğdə xərc çəkir. Son qəbul ilində qəbul prosesində ümumilikdə, respublikanın ümumi təhsil müəssisələrinin 11724 nəfər müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 800 nəfərdən çox mütəxəssis isə imtahan rəhbəri qismində qatılıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin edib. Daxili İşlər Nazirliyi, “Azərbaycan Hava Yolları” Dövlət Konserni, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşəkarlığı imtahanların mütəşəkkil keçirilməsində mühüm rol oynayıb. Bunların arasında yalnız nəzarətçilərə pul ödənir. Digərləri xidməti vəzifəsini yerinə yetirir. 10 il bundan əvvəl TQDK sınaq və qəbul imtahanlarına daha çox xərc çəkə bilərdi. O vaxtı abituriyentə bütün xidmət kağız daşıyıcılarla edilirdi. İndi bütün proses elektron qaydada həyata keçirilir. Elektron ərizə qəbulundan tutmuş hər ixtisas qrupu üzrə qəbul imtahanı keçirildikdən sonra abituriyentlərin imtahan balları internet vasitəsilə əldə edilməsinə qədər bütün proseslər ödənişli olub, və iddiaçı buna görə məbləğ ödəyib. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ qazanmış abituriyentlər internet vasitəsilə ixtisas seçimi edirlər. Deməli TQDK-nın xərcləri azdır”.

O, imtahanda iştirak üçün ödənişlərin məbləğinin nə qədər ola biləcəyinə də toxunub: “İndiyə qədər keçirilən sınaq və qəbul imtahanlarının qiymətləri fərqli olub. Sınaq imtahanları 3.54, qəbul imtahanları 2.54 AZN olub. İndi bu rəqəm maksimum 7-8 manat ola bilər. TQDK qeyd edir ki, bir sual kitabçası onlara 25 manata başa gəlir. Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər. Bu gün kifayət qədər kurslar qazanc əldə etmək üçün sınaq imtahanları keçirirlər. Onların qiyməti 7 manatdan artıq deyil. Onlar da TQDK xərcləri qədər maliyyə sərf edirlər. Bundan əlavə, 2 il ərzində hələ ənənəvi qaydada qəbul həyata keçiriləcək. Yeni test tapşırıqları qəbul olunmur. Deməli, TQDK test tapşırıqlarına vəsait sərf etməyəcək. Magistr pilləsi üçün imtahan qiyməti isə 10-15 manatdan baha ola bilməz. Ənənəvi test tapşırıqlarının yoxlanılmasına da o qədər vəsait sərf olunmur. Bundan başqa, imtahan nəticələrinin öyrənilməsi ilə bağlı SMS qiymətləri də var. Hesab edirəm ki, bu da 0.50 azn dən çox ola bilməz”.

Ekspert bildirib ki, imtahanda iştirak qiymətlərinin artması universitetləri böhrana sürükləyə bilər: “Hazırda Azərbaycanda 36 dövlət və 15 özəl ali məktəb var. Azərbaycanda yalnız dövlət universitetlərinə deyil, özəl universitetlərə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tamamilə bunun əksidir. Dövlət universitetləri istisna olmaqla, özəl ali məktəblərə nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyənləşdirirlər. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən özəl universitetə köməklik göstərilir. Bu da öz növbəsində təhsilin keyfiyyətinə təsir göstərir. Əgər imtahanda iştirak edənlərin sayı azalsa və müsabiqə şərtlərini ödəyən abituriyentlər yalnız dövlət universitetlərini seçsələr, özəl universitetləri böhran gözləyir”.

O, artımın ölkədə ali təhsillilərin sayına da təsir edəcəyini düşündüyünü bildirdi: “Bu ildən etibarən orta məktəblər tam şəkildə təmayülləşməyə keçir. Bu regionlarda şagirdlərin 10-11-ci siniflərdə kütləvi şəkildə məktəblərdən yayınmasına və məhrum olmasına gətirib çıxaracaq. Bundan başqa yüksək qiymətlərlə sınaq və qəbul imtahanları keçirsək, bu da onların təhsilə cəlb olunmasına ciddi şəkildə maneə yaradacaq. Onsuz da Azərbaycanda ali təhsillilərin sayı o qədər də çox deyil.

Dünya ölkələrində əhalinin və burada ali təhsillilərin sayı:

Azərbaycan: əhali 9,811 milyon, ali təhsillilərin sayı 17 faiz

Avstriya: əhali 8,39 mln, ali təhsillilərin sayı 9 faiz

Belarus: əhalisi 9,472 mln, ali təhsillilərin sayı 19 faiz

İsveç: əhalisi 9,354 mln, ali təhsillilərin sayı 21 faiz

ABŞ: əhalisi 313, 232 mln, ali təhsillilərin sayı 35 faiz

İsrail: əhalisi 7,746 mln, ali təhsillilərin sayı 34 faiz

Kanada: əhalisi 34,213 mln, ali təhsilli əhalinin sayı 23 faiz

Çin Xalq Respublikası: 1.347,375 mln, ali təhsillilərin sayı azdır 4,7 faiz

Rusiya: əhalinin sayı 142,8 mln, ali təhsillilərin sayı 21 faiz

Almaniya: əhalinin sayı 81,757 mln, ali təhsillilərin sayı 15 faiz

Fransa: əhalinin ümumi sayı - 65,447 mln, ali təhsillilərin sayı 15 faiz

Türkiyə: əhalinin sayı 79,723 mln, ali təhsillilərin sayı 10 faiz

CAR: əhalinin sayı 49,991 mln, ali təhsillilərin sayı 3 faiz

Təhsil Nazirliyi Azərbaycanda ali təhsillilərin sayının artması istiqamətində iş apardığı halda orta məktəblərin təmayülləşməsi və sınaq qəbul imtahanlarının qiymətinin kəskin artması buna mənfi təsir edəcək. İnsanlar yüksək imtahan xərci və yüksək təhsil haqqı ödəyib Azərbaycanda oxumaqdansa, daha ucuz qiymətə xarici ölkələrə üz tutacaqlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm