• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

“Şalvar qadağası” olan kollecdən REPORTAJ - FOTOLAR

“Şalvar qadağası” olan kollecdən REPORTAJ - FOTOLAR

“Azərbaycan kollecində cins geyinmək qadağan edilib”. Bu günlərdə haqqın.az saytında bu sərlövhədə dərc olunan yazıda Azərbaycan dövlət incəsənət akademiyası nəzdində İncəsənət kollecinə Bədayə Ramazanovanın direktor təyin ediləndən sonra baş verən dəyişikliklərdən yazılıb. Bu məqalədə B.Ramazanovanın cins şalvarı qadağan etməsi, sovet təhsil sistemini bərpa etməsi, diktator rejim qurması, qızların ətək boyuna məhdudiyyət qoyulması, az qala ağ köynək, qara şalvar geyilməsinin tələb edilməsi kimi nüanslara toxunulub. İddiada tələbə və müəllimlərin bu dəyişikliklərə qarşı olduğu yazılıb.

XXI əsrdə belə tələb olar?

Zamanın XXI əsr, yerin yaradıcılıq kolleci olması ilə bu deyilənlərin ziddiyyət təşkil etməsini əsas tutaraq adıçəkilən tədris ocağına istiqamət aldıq. Binaya daxil olanda ilk diqqət etdiyimiz tələbələrin geyimi oldu. Geyimlər xeyli sərbəst idi, hərə öz zövqünə görə geyinmişdi. Təsadüf idi ya yox, amma əksəriyyət elə cins şalvarda idi. Bu ilk təəssüratdır, iddiaların davamını araşdırmaq üçün əvvəl direktorun otağına getdik. İclasda olduğunu öyrəndik. Bu isə reportaja elə tələbə, müəllim heyəti ilə söhbətdən başlamağımız üçün bir fürsət oldu.

Bir-bir otaqlara daxil oluruq. Fasilə vaxtı olsa da, tələbələr iş başındadır. Amma bizə az da olsa vaxt ayırırlar. Tələbələrdən əvvəlcə yayılan xəbər haqqında soruşduq. Kimi xəbəri saytdan oxuduğunu, kimi söhbətlərdən eşitdiyini dedi.

Geyimlə bağlı məlumatın doğru olmadığını deyən kollecin 3-cü kurs tələbəsi Mehriban Sultanova tələbənin yaşına uyğun geyinməli olduğunu düşünür: “Yeni direktor gələndən sonra bir sıra dəyişikliklər olub. Amma bunlar müsbət yönədir. İndi kollecdə daha çox tədbirlər, sərgilər keçiririk. Geyimə görə heç bir məhdudiyyət yoxdur. Lakin mənim şəxsi fikrimə görə, geyim çox da diqqət çəkən olmamalıdır. Nəticədə tələbəyik və kənarda baxanda geyimimiz statusumuza uyğun olmalıdır. Mən geyinərkən həmişə buna diqqət edirəm”.

Rəngkarlar otağındakı qızlardan yeni direktor gələndən sonra kollecdəki dəyişikliklər barədə soruşduq. İkinci kurs tələbəsi Aynur Məmmədova Bədayə xanım kollecə gələndən sonra çoxlu tədbirlər keçirdiklərini və bunun çox müsbət hal olduğunu deyir: “Bu tədbirlər sayəsində çoxlu sertfikat, diplomlarımız var. Həmçinin əyləncələr də təşkil edirik. Yəni burada hər şey ürəyimizcədir”.

Xəbərdə yazılanlara gəldikdə, onun qrup yoldaşı Rəyalə Vəliyeva yazılanların doğru olmadığını dedi: “Məncə, bu, paxıllıqdan yazılmış xəbərdir. Bunu kimin yazdığını bilmirəm. Ancaq orada yazılan hər cümlə yalandır. Ümumiyyətlə, kollecdə hər hansı tələbənin etirazına səbəb olacaq bir məqam yoxdur. Geyimimiz tam sərbəstdir”.

Şortla da gəlmişəm...

Qızlarla söhbəti bitirib digər otaqlara yön alırıq. Dekorativ tətbiqi sənət fakültəsinin ikinci kurs tələbəsi Leyla Bəkirli kollecdə təhsil alan hər bir şəxsin həmin xəbəri oxuyan kimi onun yalan olduğunu anladığını qeyd edir: “Çünki burada heç bir tələbəyə qarışan yoxdur. Əlbəttə, bizə tələblər var, bu isə yalnız dərslərlə bağlıdır. Bu xəbəri yayanlar kollecimizin uğurlarına paxıllıq edənlərdir. Düşünmürəm ki, hər hansı tələbə kollecdə nəyəsə etiraz etsin. Biz hamımız Bədayə xanımı çox sevirik”.

Dəhlizdə qarşılaşdığımız heykəltaraşlıq fakültəsinin dördüncü kurs tələbəsi Fərid Rzayev dərs vaxtı qızların əksərən kollecə cinsdə, hətta yayda təcrübə vaxtı sortla da gəldiyini deyir: “İndi gördüyünüz kimi, mən hətta şalvarımın balağını da qaldırmışam. Buna görə mənə heç bir irad bildirilməyib. Bura elə bir kollecdir ki, hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. Yazılmış xəbər isə böhtandan başqa bir şey deyil. Özünüz də kollecimizi gəzib bunun şahidi ola bilərsiniz.Mən uşaq vaxtında T.İsmayılov adına sarayda heykəltaraşlıq dərnəyinə getmişəm. Bədayə xanım o zaman orada rəhbər idi və hər bir uşağa qayğı göstərirdi. Onun bura təyin olunduğunu eşidəndə çox sevindik. Bilirdik ki, o, gələndən sonra hər şey müsbət mənada dəyişəcək. Çünki Bədayə xanm olan yerdə tələbəyə hörmət, müasirlik və uğur var.”.

Tətbiqi Dekarativ Sənət fakültəsinin dördüncü kurs tələbəsi Aygün Xanəliyeva Bədayə xanımın tələbələrə cins geyinməmək, ya da ətəyin qısa olması barədə irad bildirməsini nə gördüyünü, nə də eşitdiyini söyləyir.

O, Bədayə xanımın direktor təyin ediləndən sonra kollecin İnstagram səhifəsinin yaradıldığını deyir.

“Bütün tələbələrin yaxşı işlərini Bədayə xanım özü həmin səhifədə yerləşdirir. Bununla da bizi yaradıcı işlərə həvəsləndirir”.

Qrafika fakültəsinin birinci kurs tələbəsi Ruslan Quliyev kollecdəki vəziyyəti sovet dövrü ilə müqayisə etməyi doğru hesab etmir: “Bizdə bütün idarəçilik, dərslər müasir dövrün tələblərinə uyğundur. Heç bir tələbəyə geyim, ya da başqa bir şeydə qadağa yoxdur. Əsas tələblər dərsə gecikməmək, dərsdə fəal iştirak etməkdir. Bunlar da tələbəyə görə normal qaydalardır. Yəqin ki, qısa zamanda kollecimizin adının tanınması kiminsə xoşuna gəlmir, ona görə belə xəbərlər uydururlar. Çünki burada başqa bir səbəb ola bilməz.Bədayə xanım hər bir tələbəyə xüsusi diqqətlə yanaşır.Mənim gözlərimdə problem var idi, Bədayə xanım məni çağırıb səbəbini öyrəndi, müalicəyə imkanımın olmadığını söylədim.O, Z.Əliyeva adına Göz xəstəxanasına zəng edib Aygün xanımdan mənim müalicəmi xahiş etdi. İndi müalicəm uğurla davam edir. Rayondan gəldiyimə görə burada qalmağıma yer yox idi, Bədayə xanım mənə kirayə ev də tapdı. Onun tək mənə yox, ehtiyacı olan bütün tələbələrə bu köməkliyi edir”.

Dizayn fakültəsinin ikinci kurs tələbəsi Samir Səfərəliyev çox qısa ətək geyinənlərə qadağa qoyulmasını normal hesab edir: “Geyimə heç bir qadağa yoxdur. Çünki məktəbdə çox qısa geyinmək olmaz. Bədayə xanım bizə heç nəyi qadağan etməyib, əksinə bizimlə dostdur. Əvvəlki direktoru tanımırdıq, indi Bədayə xanımın otağına daxil olub, istəklərimizi ona deyirik”.

Kollecin müəllimləri ilə də söhbətləşmək imkanımız oldu. Onlar yaradıcı insanlara qadağa qoymağın mümkünsüz olduğunu bildirirdilər.

Müəllim Eldar Həsənov kollecdə oxuyan və işləyən şəxslərin azad, yaradıcı insanlar olmasına diqqət çəkir: “Onlara necə qadağa ola bilər? Yaradıcı insan ancaq sərbəst mühitdə işləyə bilər. Bunu Bədayə xanım yaxşı bilir, o uzun illər yaradıcı müəssisəyə rəhbərlik edib.”.

Dizayn fakültəsinin müəllimi Sevinc Qurbanova da həmkarı ilə eyni fikirdədir. O, yeni direktor təyinatından sonra kollecdə vəziyyətin daha yaxşı olduğunu düşünür: “Əksinə tələbələr dərsə daha ciddi yanaşır. Vaxtında dərsə gəlirlər. Bu da çox yaxşı haldır. Biz də müəllimlər olaraq dərslərimizi keçirik. Başqa nə lazımdır ki? Kollecimizdə nə müəllim, nə də tələbələrə heç bir qadağadan söhbət gedə biləz. Bədayə xanım həm müəllim, həm də tələbəyə hörmətlə yanaşır”.

Baş çəkdiyimiz otaqlarda tələbələrdən kimi palçıq, kimi də boya ilə məşğul idi. Bu işi isə şübhəsiz ki, kostyumda görmək və ya görülməsini tələb etmək heç bir məntiqə uyğun gələ bilməz. Heç tələbələr də o cür geyinməmişdi. Bəs onda bu xəbərlər nə üçün və necə yayılıb?

Səbəbləri kollecin direktoru Bədayə Ramazanovadan öyrəndik.

- Bədayə xanım, yəqin ki, barənizdə yazılan xəbərlə tanışsınız. Kollecə “beda” bədbəxtlik gətirdiyinizi yazırlar. Adınızın mənasını bu cür yozurlar. Nə üçün belə yazılıb, sizcə?

- Adım Bədayədir bu da bədiilik, incəsənət sözündəndir, bədbəxtlik yox. Jurnalist çox uğursuz nüqayisə aparıb, sözün kökünü “beda” kimi yazıb. Həmin sayta, onun rəhbərliyinə bu cür təqdimatı heç yaraşdırmadım. Uzun müddət Azərbaycan təhsili, mədəniyyətinə xidmət edən, 25 ildən çox idarə rəhbəri işləyən, şəhid həyat yoldaşı və azərbaycanlı bir xanımam. Adımı təhrif edib, bu cür təqdim etmək nə jurnalist etikasına, nə mətbuata, nə də Azərbaycan kişisinə yaraşır. Məhz buna görə məhkəməyə müraciət edə bilərəm. Lakin işlərim o qədər çoxdur ki, buna vaxtım yoxdur. Amma onu qələmə alan adam kollecdə belə bir mühit olmadığını və bu yazını sifarişlə, qaralamaq məqsədilə yazdığını yaxşı bilir. Hesab edirəm ki, insanın daxili, vicdanı öz məhkəməsi olmalıdır. Həmin sayta məlumat daxil olandan sonra ən azı bunu araşdıra bilərdi. Heç məndən soruşmağa ehtiyac yoxdur, kollecin qapısından içəri daxil olub, baxmaq yetərli idi. Bu yazıdan sonra gənclər o saytı şərçi bir mətbuat kimi tanıdı. Onlar bilməlidir ki, gənclər haqqında yazanda düzünü yazmalıdırlar. Çünki onlar bizdən, saytlardan həm də nümunə götürürlər. Ancaq düzünü yazan saytlar hörmət qazanır. Azərbaycan torpaqları və azadlığı uğrunda şəhid olan bir kişinin xanımı kimi iki dəyərli övlad böyütmüşəm, minlərlə istedadlı uşağın istedadını üzə çıxarıb Azərbaycan cəmiyyətə tanıtmışam. Mən Azərbaycanım, dövlətim, xalqım, hökümətim və millətim üçün lazımlı, bütün mənəvi və mədəni dəyərləri daşıyan xanım olduğum üçün fəxr edirəm.

- Gələk xəbərə. Sovet təhsil sistemini bərpa etdiyiniz deyilir. Bu, doğrudurmu?

- Kollec barədə yayılan həmin xəbərin qərəzlə və sifarişlə yazıldığını yüksək savadı olmayan insan belə oxuyan kimi anlayır. Sovet təhsil sisteminə gəldikdə, birinci burada elə bir mühit yoxdur. O saytın rəhbəri də başda olmaqla hamımız sovet dövründə təhsil almışıq. Nizam- intizamı pozanlar, dərsdən qaçanlar barədə mənə məlumat verilməsini sovet tərbiyəsi hesab edirlərsə, qoy elə bilsinlər. Məni bütün respublika tanıyır, 25 ildən artıq müddət ərzində uşaq və gənclərin təlim-tərbiyəsi, yaradıcılığı, mənəviyyatı ilə məşğul olan bir sahəyə rəhbərlik etmişəm. Uşaq rəsm qalereyası, Tofiq İsmayılov adına uşaq, gənclər yaradıcılıq sarayının direktoru olmuşam, oradakı “Cücələrim” qrupu ilə bütün dünyanı gəzmişik. Azərbaycan mədəniyyətini azərbaycanlı uşaqların dili ilə dünyaya çatdırmışıq. İndi tanınan, istedadlı əksər gənc rəssamlarımız məhz mənim rəhbərlikm etdiyim sarayın yetişdirmələridir. Onlar dünyada keçirilən rəsm sərgilərində iştirak edib, ölkəmizə qızıl, gümüş medallar gətiriblər. Həmçinin o sarayda minlərlə uşaq rəqqaslıq, vokal, instumental alətlərdə müşayiət, idman, şahmat və s. sahələrdə mənim rəhbərliyim altında böyük uğurlar əldə edib. Azərbaycan mədəniyyətini dünyada tanıdıblar. Həmin məqalədə rəssam olmadığıma görə kollecə rəhbərlik etməyimin doğru olmadığı yazılıb. Bu yanaşmanın özü köhnə fikirlilikdən xəbər verir. Çünki Sovet dövründə yalnız ixtisas sahibinin hər hansı sahəyə rəhbərliyinə icazə verilirdi. İxtisasca rəssam olmasam da, estetika üzrə fəlsəfə doktoruyam. Bu işə ömür qoymuşam, yaradıcı uşaqların psixologiyasını mənim qədər bilən az olar. Hətta uşağın üzünə, geyiminə və danışıq manerasına baxaraq onun istedadını müəyyən edə bilirəm. Ona görə də hesab edirəm ki, bu iş yeri mənim daxili mənəviyyatıma, bu sahədəki təcrübəmə tam uyğundur.

- Yəqin, gördüyünüz işlərdən xoşlanmayanlar, sizdən narazı olanlar da var. Məhz odur ki, mətbuatda belə bir yazı verilib. Siz necə düşünürsünüz?

- Musiqi, rəssamlıq kimi istedadlı uşaqların yetişdirildiyi kolleclərdə fikir ayrılıqları ola bilir. Bu kollecdə çox istedadlı, işini bilən, uzun illər bu sahədə çalışan müəllim kollektivi var. Ancaq kolleclərdə əmək haqqı aşağıdır. Ona görə də müəllimlər məcbur olub bir neçə yerdə işləyirlər. Bu da bəzi müəllimlərin dərsə davamiyyəti, dərsdən tez getmələrinə səbəb olur. Çünki digər iş yerlərinə çatmağa tələsirlər. Bu da kolelcdə nizam-intizamın aşağı düşməsi və dərslərin keyfiyyətinə təsir edir. Bəzi rəssam müəllimlərdə belə fikir var ki, rəssamlar sərbəst olmalı, bu ixtisasda oxuyan tələbəyə də eyni sərbəstlik verilməlidir. Onların fikrincə, dərsə girib tapşırıq verəndən sonra auditoriyada oturmaya da bilərlər. Mən isə həmin müəllimlərə izah etməyə çalışıram ki, bura qəbul olan tələbələrin hamısı yüksək istedadlı rəssam deyil. Çünki qabiliyyət imtahanını kollec götürmür. Rəssam olmaq istəməyənlər balları çatmadığına görə bura qəbul olurlar. Bunu müəllim, tələbələr də etiraf edir. Hesab edirəm bu məsələlərə də yenidən baxmaq lazımdır. 4 –cü kurs tələbəsinə tapşırıq verib sinifdən çıxmaq olar, amma aşağı kurslara bu mümkün deyil. Onların bir çoxu şəkil çəkə bilmir. Bunun üçün auditoriyada olub, dərs saatında hər bir uşaqla fərdi məşğul olmaq, hər şeyi detallı izah etmək müəllimin borcudur. Bu da yəqin ki, bəzilərinin xoşuna gəlməyib. Ancaq bunu etməklə, istedadsız dedikləri uşaqların istedadını üzə çıxartmışıq,şəkil çəkə bilməyənlər artıq sərgilərdə iştirak edirlər.

- Xəbərdə sizi dəmir əl, diktator kimi təqdim ediblər. Buna səbəb nədir?

- Mənim həyat yoluma baxanda aydın olur ki, təbiətcə yaradıcı insanam, diktator yox. Bu kollecə təyin olunanda bəzi tələbə, müəllimlərin davamiyyəti aşağı səviyyəsində idi. Kim nə vaxt istəyir, gəlib-gedirdi. Kollecdə dərsə gəlməyən və dərsə gecikən müəllim, tələbələr var idi. Mən kollec daxili komissiya yaratdım, nəzarətçilər təyin etdim və dərs vaxtı hamının kollecdə olması üçün özün qapıda dayanıb nəzarət etdim.Bir-bir dərslərə girirəm, bununla da nizam-intizamı qaydaya saldım. Yazıda qeyd olunub ki, guya qaibləri mənə xəbərləyirlər. Mənə heç kim xəbərləmirdi, özüm onları görürdüm. İstəyən müəllim qaibləri silirdi, ona görə də jurnallara nəzarət edilir. Müəllim yazandan sonra jurnallara dəyişiklik olmaz, çünki onlar dövlət sənədidir. Bütün bunlar diktatorluq, dəmir əl deyil, hər bir direktorun vəzifə borcudur. Təhsil Nazirliyi kollecə direktoru ona görə təyin edir ki, onlar bu işlərlə məşğul olsun.

- Bəlkə, elə narazılıqlar da buradan qaynaqlanır?

- Təbii ki, gördüyüm bu işlər işə barmaqarası baxan, habelə dərsə gəlməyən, gecikən, dərsin keyfiyyətinə fikir verməyənlərə xoş gəlməyə bilər. Buranın təhsil müəssisəsi olduğunu unutmamalıyır, direktor kimi borcum, Təhsil Naziriliyinin məndən tələbi kollec qayda-qanuna uyğun işləməlidir. Yaradıcı insanların işləməlidir, heç kimin yaradıcılığını, sərbəstliyinə məhdudiyyət yaratmıram. Burada işləyən rəssamlar, ilk növbədə müəllimdirlər. Biz müəllim kimi öz vəzifə borcumuzu yerinə yetirməliyik. Mənim müəllimlərdən yeganə tələbim bu olub. Tələbənin dərs başlayandan iki saat sonra gəlməsi, müəllimin dərs müddətində ancaq 5-10 dəqiqə sinifdə olması azadlıqdır? Xaosla, sərbəstlik səhv salınmamalıdır.

- Əsas məsələlərdən biri geyimə gələk. Cinsə qarşı olduğunuz yazılmışdı. Baxıram özünüz də cins geyinmisiniz. Yazıya görədir, yoxsa həmişə geyinirsiniz?

- Əslində mən səhər işə gələndə bütün tələbələr məni cinsdə qarşıladı. Yazını oxumuşdular, gülə-gülə dedilər ki, “bu gün cins parti təşkil etmişik”. Lakin ümumiyyətlə, qarderobumun çox hissəsi cinsdir. Azərbaycanda cinsdən çox geyinilən material yoxdur. Çünki bu, həm də rahatlıqdır. Heç kimə cins geyinmək məhdudiyyəti qoyula bilməz. Müasir təbiətli insanam. Yaradıcı tələbənin saçını göy rəngləyib, pirsinq taxması, şort geyinməsinə mən təbii baxıram. Bu, onun fərqli düşünməsindən, özç dünyasının olmasından xəbər verir. Amma 16 yaşlı tələbəni auditoriyaya bu cür buraxmaq nə dərəcədə doğrudur? Həmin tələbəyə “get geyimini dəyiş” demirəm, sadəcə pirsinqi qabarıq göstərməməyi, sortun qısa olmasının pilləkən çıxarkən yaradacağı narahatlığı izah edirəm. Əlbəttə, balam, dostum kimi. Sonda yenə də onları geyinirlər, amma vulqar yox, modern görünürlər. Tələbələrlə həmişə görüşəndə deyirəm ki, sizin geyiminiz qida sənayesi, pedaqoji, dəmiryolu kollecinin tələbələrindən fərqlənməlidir. Geyiminiz, saç düzümünüz, aksesuarlarınızda belə bu fərqi göstərməlisiniz. Qapıdan içəri girən incəsənət kolleci olduğunu hiss etməlidir.

- Ətək boyuna necə, məhdudiyyət qoyursunuz?

- Bu da cins şalvar məsələsi kimidir. Mən müasir və dəbə uyğun geyinməyi xoşlayıram. Əlbəttə, yaşımı, statusumu, şəhid xanımı olmağımı nəzərə alaraq. Lakin mənim seçimlərimin tələbələrə aidiyyəti yoxdur. Heç bir tələbəni çağırıb, geyindiyi ətəklə bağlı irad tutmamışam. Təbii ki, bura təhsil müəssisəsidir, burada geyilən ətək boyunun da direktor kimi nəzərə alınmasını məsləhət görmüşəm.

- Sizcə, bu söhbətlər nə üçün yayılıb?

- Bu yazını mətbuata çıxaran kollecdə işlərin yüksək səviyyədə olmasından narahat olan şəxslərdir. Mən bura təyin ediləndən sonra kollecdə böyük işlər görmüşəm. Hər günün üç-dörd saatı tələbələrlə görüşürəm, onların problemlərini öyrənirəm. Bu münasibət müəllimlərin də ürəyincədir. Kollecdə gördüyümüz işlər, apardığımız islahatlar kimlərinsə xoşuma gəlmir, onların maraqlarına zidd olur. Ona görə də mətbuata belə məlumatlar çıxır. Gördüyünüz kimi bütün müəllim, tələbələr mənə hörmət edir. Mən gələndən sonra kollecin əvvəlki populyarlığını geri qaytardığını deyirlər.

- Dediklərinizdən belə anladıq ki, bir neçə ayda kollecdəki bir çox pozuntular aradan qalxıb. Hansı problemlər qalıb və gələcək üçün planlarınız nələrdir?

- Bu müddətdə dəfələrlə sərgilər keçirmişik, xeyli istedadlı tələbələri üzə çıxartmışıq, onların mətbuatla əlaqəsini yaratmışıq. Bu gördüyüm işlərə görə Ömər Eldarov (Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru – red.) iclasda mənə təşəkkür etdi. Bu mənim üçün dəyərlidir. Hesab edirəm ki, bu kollec kimi demokratik mühiti olan, həm milli, həm də Avropa dəyərlərinin yaşadığı kollec tapmaq çətindir. Bu da həm Ömər müəllim, həm də mənim müəllim, tələbələrə sevgi, hörmət ilə humanist yanaşmağımızla əlaqədardır. Hər sərgidən, tədbirdən sonra partilər təşkil edib, müğənni, dj-lər dəvət edib, tələbələrlə birlikdə xoş vaxt keçiririk. Kollektivimizdə çox fərqli mühit var. Maddi vəziyyəti çətin olan istedadlı tələbələri yaradıcılıq işlərinə kömək üçün iş adamlarına yönləndirmişik. Tələbələrimiz YARAT-ın bütün tədbirlərində, dövlət əhəmiyyətli mərasimlərdə iştirak edirlər. Gələcək planlarımıza gəldikdə, seçilən, tanınmış, xaricdən gələn rəssamların ustad dərslərinin keçirilməsi, nazirliklər, qeyri-hökumət təşkilatları ilə əlaqələr, fərdi sərgilərin sayını artırmağı planlaşdırırıq. Məzunlarımızın işlə təminatı üçün müxtəlif şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Zaman var, planlarımız da çoxdur. Kollecin maddi-texniki bazası zəifdir. Bdigər kolleclərdən fərqli olaraq burada maddi materiallar- kətan, malbert, fırçalar, kağız, dəzgah, xalça toxumaq üçün ipliklər, xüsusi işıqlar və digər avadanlıqlar lazımdır. Həmçinin otaqlarımız kiçikdir, işıq normal düçmür bu da iş prosesinə mane olur. Bütün bu problemləri Təhsil Nazirliyinə yazılı olaraq bildirmişik, kollecin materiallarla təminatı üçün söz verilib. Ümidvaram ki, bütün bunları həll edə biləcəyik.

Təkrar söyləyim ki, mən tələbələrlə dostluq edirəm. Sosial şəbəkədə hamısı ilə dostam, onları izləyirəm. Hətta bir çoxunun sosial problemlərini həll etmişik, həyat yoldaşı tərəfindən dərsə buraxılmayan, təzyiq göstərilən qızlarımızın hüquqlarının bərpası üçün çalışmışıq. Qapım hər bir tələbənin üzünə açıqdır. Burada mənə ruh verən, daha böyük işlər görməyə sövq edən kollec müəllim və tələbələrin mənə olan hörmət və sevgisidir. Onlar da bilir ki, bu qarşılıqlıdır.

Kollecədə olduğumuz zaman qarşılaşdığımız mənzərə, ab-hava burada ailə mühitinin hökm sürməsindən xəbər verirdi. Biz burada diktaturanı deyil, əsl demokratiyanı, bərabər mühiti, dost münasibətlərini gördük. Təbii ki, tələbə də davranışı, geyimi ilə təhsil ocağında olduğunu unutmamalıdır. Axı onlar təhsil müəssisəsinə təhsil almağa, müəllimlər isə təhsil verməyə gəlir...

Gülxar,

Foto: Nurlan Gülməmmədov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR