Bu il birinci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlandı
Bizi izləyin

Elm və təhsil

Bu il birinci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlandı

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a bildirilib ki, martın 15-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 359 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 258-i ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunacaqlar. Müsabiqə üçün sorğuların sayı isə 3 101-dir.

Ümumilikdə, martın 15-dən ötən müddətdə I sinfə qəbul üzrə 43 533 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 6 ay (15 mart-15 sentyabr) davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideyn ilk mərhələdə iyunun 15-dək övladının sənədlərini müvafiq məktəbə təqdim etməlidir. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm