Qarabağın neolit-eneolit dövrünə aid yeni tapıntılar - FOTO
Bizi izləyin

Elm və təhsil

Qarabağın neolit-eneolit dövrünə aid yeni tapıntılar - FOTO

Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlanılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, qazıntı işləri “Qarabağ neolit-eneolit ekspedisiyası” 2017-ci il tədqiqat planına əsasən aparılır.

Ekspedisiyanın rəisi Xaqani Alməmmədov kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılır.

“2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisində Xaçınçay hövzəsində, onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınıb. Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxıb. Məhz bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edir və neolit tayfalarının yayılma istiqamətləri haqqında yeni bilgilərin əldə olunmasına səbəb olub.“Arxeoloji kəşfiyyat işləri zamanı Bərdə, Yevlax və Tərtər ərazisində təxminən 1000 kv.km ərazidə 26 marşrut üzrə Google Earth proqramı əsasında GPS koordinatları götürülmüş 200-dən çox obyekt yoxlanılıb və nəticədə müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqanlar aşkar edilərək qeydiyyata alınıbr. Qeyd etmək istərdik ki, bu abidələrin böyük əksəriyyəti yeni abidələrdir” –Xəqani Alməmmədov bildirib.

Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar qədim yaşayış yerlərində topoqrafiq ölçmə işləri aparılıb, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilib. Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Piyadalar yaşayış yerləri neolit dövrünə, Soğanverdilər yaşayış yeri isə Leylatəpə mədəniyyətinə aid abidələrdir və Bərdə rayonu ərazisində belə qədim abidələrin arxeoloji tədqiqatı ilk dəfə olaraq aparılır.

Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsi baxımından çox maraqlı olmaqla yanaşı, bölgədə neolit dövrü abidələrinin aşkar edilməsi istiqamətində də daha səlis yanaşmanın formalaşmasına yardımçı olacaq.

Xaçınçayın sağ sahilində, Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit dövrü abidələrində gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılmasına böyük ehtiyac var. Çünki, məhz bu ərazidə bu tip abidələrin öyrənilməsi, neolit dövründə Qarabağ, ümumilikdə Azərbaycan və Cənubu Qafqazda erkən əkinçi-maldar tayfaların məskunlaşma topoqrafiyası, onların yayılma istiqamətləri və yayılmanın xronoloji dövrlərinin öyrənilməsi baxımından çox maraqlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm