Ali məktəblərə qəbul üçün YENİ ŞANS
Bizi izləyin

Elm və təhsil

Ali məktəblərə qəbul üçün YENİ ŞANS

Ölkədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkili nəzərdə tutulur. Həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Ötən gün Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirəyə çıxarılan bu məsələ ilə bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi irəli sürülüb.

İclasda qanun layihəsini təqdim edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

Qanuna dəyişiklik edilməsini Publika.az-a şərh edən təhsil eksperti Etibar Əliyev hesab edir ki, məzunların xaricə axınının qarşısını almaq üçün yeganə yol kimi bu dəyişikliyin olunması düzgün deyil:

“Orta məktəbi bitirən oğlanların məzun olduqdan sonra ordu sıralarına çağırış yaşı tamam olur. Bu məzunların xaricə axınının qarşısı müvafiq orqanlar tərəfindən alınmalı idi. Onlar təhsilin digər pillələrinə üz tuta bilərdi. Bu gün ixtisaslaşmış peşə təhsili sahəsində mütəxəssislərin sayı azdır. Ali məktəbə daxil ola bilməyənlər kollec, peşə məktəblərinə müraciət edə bilərdilər. Lakin digər tərəfdən ölkədə hər min nəfərə düşən ali təhsilli şəxslərin sayı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir. Bunu əsas gətirərək də, bu yeniliyi təklif etmək olar. Qaydaların müəyyən qədər sərtləşdirilməsinə ehtiyac var. 0-100 bal arası nəticə göstərən məzunları hazırlıq fakültələrinə qəbul etmək doğru deyil. Bütün hallarda bu məzunlar hazırlıq şöbələrində birinci kursa qəbul olmaq üçün müvafiq bilikləri qazanmaq iqtidarında olmayacaqlar. Ona görə də bu məsələdə müsabiqədə keçid balına yaxın nəticə göstərən abituriyentlərin hazırlıq şöbələrinə cəlb edilməsi daha doğru olardı. Hesab edirəm ki, bu dəyişiklik kəmiyyət göstəricisinə təsir edəcək. Ali məktəblərdə bu istiqamətdə sturuktur dəyişiklikləri normal həyata keçirilsə, keyfiyyət dəyişikliklərinə səbəb ola bilər”.

Məsələnin müzakirəyə ehtiyacı olduğunu deyən ekspert, sovet dövründə də belə bir təcrübənin olduğunu bildirdi: “Ali məktəbə daxil ola bilməyənlər, bu hazırlıq qruplarında təhsil alandan sonra yenidən qəbul imtahanı verirdi. O zaman nisbətən istedadlı gənclər hazırlıq fakültələrinə qəbul edilirdi. Həmin məzunlar həm də istehsalat işlərinə cəlb olunurdular. Bununla yanaşı bu gün qərb təcrübəsində kolleclərin ali məktəblərin nəzdində fəaliyyət göstərməsi ənənəsi var. Kollecləri müəffəqiyyətlə bitirənlər ali məktəblərin birinci kursuna qəbul olurlar. Çünki kollec təhsilinin səviyyəsi çox yüksək olur. Hesab edirəm ki, bu təcrübənin ölkəmizdə də tətbiqi daha yüksək effekt verə bilərdi. Ən azından kollecə qəbul olan tələbə müəyyən bal toplayır, habelə iki il müddətində lazım olan təhsili alır. Kolleclərdə uyğun fənləri orta səviyyədə mənimsəyə bilir. Məsələ gündəliyə çıxıbsa, onu qəbul etmək çətin deyil. Lakin sonrakı addımların geniş müzakirəyə ehtiyacı var. Düzdür, məzunların xaricə axını, kəmiyyət göstəricilərinə görə bu qərar qəbul edilə bilər. Lakin bizi kəmiyyətdən daha çox keyfiyyət maraqlandırmalıdır”.

E.Əliyev onu da vurğuladı ki, kursları bitirənlərin universitetə qəbul edilməsi üçün imtahanı ali məktəb, yoxsa Dövlət İmtahan Mərkəzi tərəfindən keçirməsi müəyyən edilməlidir.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Publika.az-a bildirib ki, qanunvericilikdə hansı dəyişiklər olacaqsa, qurum da imtahanları həmin qaydada keçirəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm