Ali məktəblərin hazırlıq qruplarına kimlər qəbul ediləcək? - İsa Həbibbəyli ilə MÜSAHİBƏ
Bizi izləyin

Elm və təhsil

Ali məktəblərin hazırlıq qruplarına kimlər qəbul ediləcək? - İsa Həbibbəyli ilə MÜSAHİBƏ

Milli Məclisin Elm və Təhsil Komitəsində ötən gün “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələyə baxılıb. Sənəddə ölkədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkili nəzərdə tutulur. İclasda qanun layihəsini Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli təqdim edib.

İsa Həbibbəyli Publika.az-a müsahibəsində ediləcək dəyişiyin məqsədini şərh edib.

- Dünən Sizin rəhbərlik etdiyiniz Komitədə “Təhsil” Qanununa edilmiş dəyişikliklərin əsas mahiyyəti nədən ibarət olacaqdır?

- Elm və Təhsil Komitəsində “Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur.

Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcəkdir. Bundan başqa, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını alacaqdır. Bu da öz növbəsində o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaqdır. Çünki tələbələrimiz ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcəkdir.

Ən əsası isə ondan ibarətdir ki, hazırlıq qruplarında gənclərimiz bir il ərzində öz biliklərini xeyli inkişaf etdirdikdən, hazırlıq səviyyələrini artırdıqdan sonra universitetlərə daxil olacaqdır. Bu, birinci kursda yüksək balla qəbul olan tələbə ilə hazırlıq qruplarından gələn tələbə arasındakı fərqi aradan qaldıracaqdır.

Hazırlıq qruplarına tələbələrin cəlb olunması gənc nəslin təhsildən kənarda qalaraq zərərli meyllərə maraq göstərməsinin də qarşısının alınmasına xidmət edir.

Həmçinin bu addım gənclərin xarici ölkələrin bizə yad olan ideoloji təsirlərindən qorunmasına da kömək edəcəkdir.

- İsa müəllim, hazırlıq qruplarında tələbə qəbuluna şəffaflıq təmin ediləcəkmi?

- “Təhsil” Qanununa təklif edilən dəyişikliyə görə ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulu test üsulu ilə qəbul imtahanlarının nəticələrinə görə aparılacaqdır. Tutaq ki, abituriyent qəbul imtahanı zamanı 300-400 arası bal toplamış, lakin seçdiyi ixtisasa görə müsabiqədən keçə bilməmişdir. Dövlət ali məktəblərin humanitar fakültələrində, xarici dil ixtisaslarında, informatika ixtisasında, ADA Univesitetində, Ali Neft məktəbində belə hallar kifayət qədərdir. Fikrimcə, belə abituriyentlərin birillik hazırlıq qruplarında təhsilini bir qədər də artırdıqdan sonra ali məktəb tələbəsi hüququ qazanması çox ədalətli iş olardı.

Hazrlıq qruplarına tələbə qəbulunun test üsulu üzrə imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcəkdir. Kütləvi informasiya agentliklərində hazırlıq qruplarına tələbə qəbulunun imtahansız olacağı barədə yayılan məlumatlar əsassızdır. Təklif olunan dəyişiklikdə “Təhsil” Qanununun 26-cı maddəsində hazırlıq qruplarına qəbulun test üsulu üzrə keçirilən imtahanların nəticələri əsasında müəyyən olunması öz əksini tapmışdır. Eyni zamanda, hazırlıq qruplarında təhsil alanlar birillik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər.

- Bəs hazırlıq qruplarında təhsilin səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Edilmiş dəyişikliyə əsasən hazırlıq qruplarında təhsilin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir. Yəni Thsil Nazirliyi hazırlıq qruplarında tədris proqramlarını hazırlamalı, zəruri elmi-metodiki ədəbiyyatın və kadr potensialının olmasını təmin etməlidir.Hazırlıq qrupları yaradılmış ali məktəblərin rektorlarının da üzərinə ciddi vəzifələr düşür.

Bildiyiniz kimi, hazırlıq qrupları ali məktəb sistemində yeni hadisə deyildir. Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm