İtaliyada ali təhsil alsan... - Azərbaycanlı tələbənin dilindən - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

İtaliyada ali təhsil alsan... - Azərbaycanlı tələbənin dilindən - - FOTOLAR

"Müəllimdən qorxmağı yox, onunla dost olmağı öyrəndim burda".

İtaliya. Bu sehrli ölkədə olmaq yəqin ki, çoxlarının arzusudur. Romada Kolizeyi görmək, Milanda Duomo meydanına getmək, Vezuvi vulkanına çıxmaq, Vatikan muzeyində olmaq və s. Üstəlik bunları gerçəkləşdirmək üçün kifayət qədər vaxtın varsa, şanslısan. Elə müsahibimiz Pərviz İmanov kimi. Pərviz İtaliyaya təhsil almaq üçün gedən azərbaycanlı tələbələrdəndir. Bakı Dövlət Universiteti Tarix fakültəsinin məzunu olan İmanov magistr pilləsi üçün İtaliyanın Siena Universitetində Beynəlxalq münasibətlər ixtisasını seçib:

- Bizim təhsillə ordakı təhsil arasındakı fərqləri nədə görürsən?

- Deyərdim ki, iki ölkə arasındakı təhsil sistemi çox-çox fərqlidir. Burada tələbələrə daha çox sərbəstlik verilir. 90 dəqiqə auditoriyada oturub müəllimi dinləmək, mühazirə yazmaq, çıxıb dərs danışmaq və s. bu kimi şeylər yoxdu. Universitetin səndən bir tələbi var, o da hər semestrin sonunda imtahandan keçmək. Biz dərsə girib-girməməkdə azadıq. Dərs zamanı müəllimə qulaq asıb-asmamaq da bizim seçimimizdir, təbii ki, dərsin gedişatını pozmamaq şərti ilə. Hər tələbə aldığı dərslərlə bağlı bir mövzu seçir və onu öz təxəyyülünə uyğun işləyib təqdim edir. Qiymətləri bu formada alırıq. Azərbaycanda isə müəllim-tələbə münasibəti daha çox müdür-işçi münasibəti kimidir. Müəllimdən qorxmağı yox, onunla dost olmağı öyrəndim burda.

- Xaricdə təhsil almağa başladıqdan sonra özündə nələri dəyişdin?

- Çox şeyi. Daha az aqressiv olmuşam. Çünki burada insanlar üzündə daim təbəssüm var. Özümü daha müstəqil hiss etməyə başlamışam. Burada tələbələrə həftədə 20 saat işləmək icazəsi verirlər. Mən də bundan istifadə edib işləyirəm və özümü təmin edəcək qədər qazancım olur. Bir də italyanların mental cəhətdən azərbaycanlılarla bənzər cəhətləri var. Ona görə bura adaptasiya olmaqda çox çətinlik çəkmədim.

- Əcnəbi tələbələrlə münasibətin necədir?

- Əla. Burada hər kəs bir-birinə dəstək olmağa çalışır. Məsələn, ilk gəldiyim günlərdə ev tapmaq problemi yaşamışdım. Fələstinli bir tələbə məni 1 həftə evində təmənnasız qonaq etdi.

- Universitetdə müəllim-tələbə münasibəti necədir?

- Qısaca deyə bilərəm ki, iki dostun səmimi münasibəti kimi.

- İtaliyada Azərbaycanla bağlı nələri tanıtmısan?

- Əvvəla deyim ki, burada Qarabağ həqiqətləri, ümumiyyətlə Qarabağ haqqında demək olar ki, məlumatsızdırlar. Bəzən Qafqaz regionunu belə tanımırlar. Bilmirəm, bəlkə də, Romada belə deyil. Amma Sienada insanlar siyasətdən çox uzaqdırlar. Hər kəs bu tarixi və sehrli şəhərdə yaşamağın dadını çıxarır. Amma həm dərsdə, həm də ictimaiyyətdə bacardığım qədər Azərbaycanı təbliğ edirəm. Məsələn, dərsdə seçdiyim mövzulardan biri torpaqları işğal olunmuş ölkələrlə bağlı idi və mən yüzlərlə tələbənin olduğu auditoriyada Qarabağ həqiqətlərini izah etdim.

- Nəticəsi nə oldu bəs?

- Xocalı faciəsi ilə bağlı göstərdiyim şəkillər insanları heyrətə gətirmişdi. Çıxışda mənə yaxınlaşanlar oldu və bu haqda məlumatsız olduqlarını bildirdilər. Bu il birinci ilim olduğu üçün təcrübəsiz idim. Odur ki, gələn il Xocalı və “20 Yanvar” faciələri ilə bağlı universitetdə tədbir keçirməyi düşünürəm. Bunu azərbaycanlı tələbələrlə birgə edəcəyik.

- Yeri gəlmişkən, şəhərdə səndən başqa azərbaycanlılar varmı?

- Siena Universitetində məndən başqa cəmi 4 azərbaycanlı oxuyur. Bu say kütləvi tədbirlər keçirmək üçün azdır. Ona görə türkiyəli tələbələrdən kömək istəyəcəm. Ümid edirəm, istəyimi reallaşdıra biləcəm. Burada yemək festivalı olur. İstəyirəm ki, milli yeməklərimizlə festivalda təmsil olunaq. Lakin özüm bişirməyi yaxşı bacarmıram. Eləcə də, digər azərbaycanlılar. Buna görə də, Romaya gedib səfirliyə müraciət etməyi düşünürəm.

- Təhsilini başa vurduqdan sonrakı planın nədir?

- Bu haqda dəqiq qərar verməmişəm. Yəni 50-50-yə. Həm burada qalmaq istəyirəm, həm də ailəm və doğmalarım üçün darıxıram. Ona görə qərarımı sonra verəcəm.

- Xaricdə oxumaq istəyənlərə tövsiyən...

-Hər bir gənc xaricdə təhsil ala bilməsə də, ən azı bir neçə aylıq hər hansı kurs, təlim və sairdə iştirak etməlidir. Onda özlərini daha yaxşı hiss edəcəklər.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm