Məktəbli forması ilə bağlı YENİ TƏKLİFLƏR: qiymətlər 50% enə bilər - ARAŞDIRMA
Bizi izləyin

Elm və təhsil

Məktəbli forması ilə bağlı YENİ TƏKLİFLƏR: qiymətlər 50% enə bilər - ARAŞDIRMA

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Qələm, dəftər, çanta almaq bir tərəfə, bu ərəfədə valideynləri ən çox maraqlandıran məktəbli formalarının qiymətidir. Ötən il birdən-birə bu geyimlərinin qiymətinin 8.5 faiz qalxması valideynlər arasında ciddi narazılığa səbəb oldu. İki uşağını məktəbə göndərən valideyn azı 100 manat ancaq formaya xərcləməli idi. Çünki məktəb rəhbərləri məhz həmin istehsalçı şirkətin geyimlərini geyinməyi tələb edirdilər. İkinci variant eyni firmanın sexlərdə istehsal edilmiş saxta geyimlərini almaq idi ki, onların keyfiyyəti barədə şübhələr valideynləri bu fikrindən daşındırırdı.

Çarəsiz valideynlər bahalı forma almaq məcburiyyətində qalırdı. Düzdür, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bu fikirlərə son qoymaq üçün açıqlama yaydı və bildirdi ki, məktəbli geyimlərinin alınması ilə bağlı məcburetmə tədbirləri tətbiq edilə bilməz: “Valideynlərə üz tutaraq demək istəyirik ki, heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının valideynlər qarşısında müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.

Amma bu açıqlama məktəb rəhbərlərini fikrindən daşındırmadı. Yeni tədris ili ərəfəsində məsələ yenidən aktuallaşıb. Bu il də formalarla bağlı məsələdə heç bir dəyişiklik yoxdur. Valideynlər yenə də məktəbli formasını seçməkdə tərəddüd yaşayırlar.

Baxmayaraq ki, 2007-ci ildə təhsil naziri Misir Mərdanovun vahid məktəbli formasının tətbiqi ilə bağlı əmrində bütün məktəblilərin eyni geyimi geyinməsi tələbi qoyulmayıb.

“3.Məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra həyata keçirilsin.

4.Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), məktəb rəhbərlərinə tapşırılsın ki, aşağıdakı məsələlərin həllində valideyn və şagird təşkilatlarının, ayrı-ayrı valideynlərin və şagirdlərin rəyinin, arzu və istəklərinin nəzərə alınmasını təmin etsinlər:

4.1. Ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının müəyyən olunması.

4.2. Hər bir təhsil pilləsində məktəbli geyiminin şagirdlərin yaş xüsusiyyətinə, müasir dəbə və mövsümə uyğun müəyyənləşdirilməsi.

4.3. Məktəbli geyimi üçün müvafiq materialın seçilməsi, fərdi və ya kollektiv surətdə tikdirilməsi, geyimin qiymətinin dəqiqləşdirilməsi.

5. Hər bir məktəb üzrə oğlan və qızlar üçün müəyyən olunmuş yay və qış geyim formalarının şəkilləri müəssisənin foyesində asılsın”.

Həmin əmrdən sonra geyimlə bağlı tələblər dəyişmədi. İndi məktəblilərin geyindiyi forma sadəcə standart kimi təqdim edilmiş və məktəblərin bu ölçüdə formalar seçmələri tövsiyə edilmişdi. Lakin nədənsə, məktəblər öz geyim formalarını müəyyən etməkdənsə, illər əvvəl sadəcə standart kimi təqdim edilən formanı geyinməyi şagirdlərdən tələb edir.

Təhsil eksperti Əjdər Ağayev Publika.az-a açıqlamasında bildirib ki, məktəblilərin vahid forma geyinməsi, həm onların bərabərliyinin təminatında mühüm rol oynayır, həm də bir-birilərinə münasibətlərinə təsir edir. Lakin bu geyimlərin hər kəs üçün əlçatan olması üçün forma hazırlayan firmalar məktəblərin xeyrinə öz qazanclarından imtina edə bilərlər.

“Dünyada təhsil, məktəblilərlə bağlı iş adamları müəyyən güzəştlərə gedirlər. Bu baxımdan, məktəbli forması tikən şirkət və ya şirkətlər bu məsələdə qazanca çox da diqqət ayırmamalarıdır. Şirkət bu formalardan gələn gəlirin işçilərin zəhmət haqqı və xərclərin ödənilməsinə yönəltməklə kifayətlənməlidir. Təəssüf ki, bizdə formalar baha olduğundan hər kəs onu ala bilmir. Rəqabət mühiti olmadığından valideynlərin alternativi yoxdur. Şirkətlər yalnız çox qazanmaqda maraqlıdırlar.

Məktəbli geyiminin materialında əsas tələb materialın keyfiyətli, hava keçirən və bədənin inkişafına mənfi təsir göstərməməsidir. Hər hansı sexdə keyfiyyət tələblərinə uyğun tikilən formanı almaq olar”.

Ekspert bu məsələnin birdəfəlik həlli üçün məktəblərə tövsiyələr də verib:

“10 məktəbin valideynləri, yaxud Valideyn-Müəllim Assosiasiyaları hər hansı sexə sifariş verə, hətta özləri seçdikləri vahid formanı tikə biləcək sex yarada bilərlər. Bizdə isə hər hansı işlə yalnız bir şirkət məşğul olur və bacardığı qədər başqalarının fəaliyyətinə mane olmağa çalışır. Bir çox sahələrdə olduğu kimi, məktəbli formalarının istehsalı sahələrində də bu problem var. Ona görə bu məsələdə valideynlər aktiv olmalıdır ki, məktəbli forması tikən yeni sexlər yaransın. Təşəbbüslə çıxış etmək lazımdır. Düzdür, onlara bu fəaliyyətdə bu işlə məşğul olan şirkət tərəfindən mane ola bilər. Lakin hüquqi bazaya əsaslanaraq istəkləri üzərində mübarizə apara bilərlər. Təəssüf ki, bu gün məktəblərin müstəqillikləri yoxdur. Hər hansı məktəbin müəllimini qeyri-hökümət təşkilatının tədbirinə çağıranda onlar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazə lazım olduğunu deyirlər. Bu gün məktəb rəhbərliyi təşəbbüslərdən yayınır, ya da təşəbbüs irəli sürmək istəmir ki, ya Təhsil İdarəsi, ya da Təhsil Nazirliyindən sözçülər onlara xəbər verməmələrini irad tutacaq. Məktəblərdə asılılıq o qədər artıb ki, yaradıcı fikirlərini irəli sürə bilmirlər. Forma məsələsində də bu maneələr onların qarşısını kəsir. Məsələnin yeganə həll yolu kimi məktəblərin hər birinin özünün vahid forma müəyyənləşdirməsini məqbul hesab edirəm”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son günlər məktəbli formaları ilə bağlı təşkilata gün ərzində azı 10 zəng daxil olur.

“Müraciət edənlər əsasən, məktəb rəhbərliyi tərəfindən məhz BTE nişanlı geyimlərin alınması tələbinin qoyulduğunu, tələb olunan formanı geyinməyən uşaqları məktəbə buraxmadıqlarını, qiymətlərin bahalığı, formanın dizaynından narazılıqlarını dilə gətirirlər. Ona görə də valideyn uşağının məktəbdə utandırılmaması üçün əvvəldə tələb olunan geyimi alır. Bu isə istehlakçı hüquqlarının pozulmalıdır.

4500 məktəb, 52 min müəllim, böyük bir Təhsil Nazirliyinin bir fabrikin arxasında durması anormal haldır. Bu bazar iqtisadiyyatının tələblərinə ziddir. Dünyanın heç bir ölkəsində bu qədər insan bir fabrikin arxasında durmayıb. Bizneslə məşğul olan şirkət müəyyən olunmuş standart əsasında bu məhsulları hazırlayıb bazara çıxarmalıdır. Bu zaman qiymətlər 50 faiz aşağı düşəcək”.

E.Hüseynov məktəbli forması ilə bağlı problem yaşayan valideynlərin aidiyyəti qurumlara müraciət emələrini tövsiyə edir:

“Hazırda bazarda məktəbli forması istehsal edən yeganə şirkət bu sahəni monopoliyaya alıb. Nəticədə, problem yaranır. Dövlət qurumları bazarın bu seqmentini tam liberallaşdırmalıdır. Bu cür hallarla qarşılaşan valideynlər həm bizim təşkilata yazılı, həm də İqtisadiyyat Nazirliyinə 498-15-04 nömrəsinə müraciət edə bilərlər”.

Məktəb rəhbərlərinin vahid forma ilə bağlı tələb və şərtləri forma istehsalı ilə məşğul olan digər şirkətləri də narahat edir. Bu müəssisələrdən birinin rəhbəri Aqil Uluxanlı isə problemin həlli üçün valideynlərin özlərinin və uşaqlarının hüquqlarını qorumalarını tövsiyə edir:

“Bizə müraciət edən valideynlər hələ də seçim qarşısında qaldığını, onların bəzi məktəb direktorları və müəllimlərin təzyiqi ilə rastlaşdıqlarını deyirlər. Bizim geyimlərimiz standarta tam uyğundur. Mətkəbli formasında əsas tələb onun keyfiyyətinin standartlara uyğun olmasıdır. Yaxşı olar ki, valideynlər buna diqqət etsinlər”.

Araşdırmamız bir daha təsdiq etdi ki, məktəblilərin geyimi ilə bağlı qərarda məktəb rəhbərliyi qədər valideyn və şagirdlər də hüquq sahibidirlər. Müəllim, direktor sizin məktəbli forması seçiminizə təzyiq göstərə bilməz.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm