• USD 1,7000 0,00% EUR 1,9794 -0,64%
    • GBP 2,2278 -1,08% RUB 0,0271 -0,74%

200 və 43 saylı məktəb-liseydə nə baş verir?

200 və 43 saylı məktəb-liseydə nə baş verir?

Son iki gündür 200 və 43 nömrəli məktəb-liseydə təkcə Bakı yox, bəlkə də, respublika məktəbləri arasında öyrəşmədiyimiz hadisələr yaşanır. Valideynlər bu dəfə direktordan şikayətçi olduqları üçün yox, onun məktəbdə qalması üçün mübarizə aparırlar. Övladları 200 və 43 nömrəli məktəb-liseydə oxuyan bir qrup valideyn məktəb qarşısına toplaşaraq direktor Qafar Hüseynovun işdən çıxarıldığını əsas gətirərək bu təhsil ocağının binası qarşısında aksiya keçirir. Məktəb qarşısına toplanan valideynlər direktorun vəzifəsinə qaytarılmasını tələb edirlər. Onlar Q.Hüseynovun çox yaxşı direktor olduğunu və hətta məhz o rəhbərlik etdiyinə görə uşaqlarını bu məktəbə qoyduqlarını deyirlər.

Hazırda məktəbdə idarəçilik Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Əfqan İsgəndərova tapşırılıb. BŞTİ-dən isə bildirilir ki, direktor Q.Hüseynov hazırda səhhətilə bağlı bülletendədir, bu günə olan məlumata görə məktəb rəhbərliyində heç bir dəyişiklik yoxdur. Amma bu cavab valideynləri qane etmir. Elə bizi də. Bunun üçün əvvəlcə Q.Hüseynovun özü ilə danışmağa cəhd etdik, lakin onun telefonu bağlı olduğundan istəyimiz uğursuz alındı.

Biz də Publika.az olaraq vəziyyəti yerində dəqiqləşdirmək və məktəbdəki son durumu öyrənmək üçün üz tutduq sözügedən təhsil ocağına. Çünki direktorun səhhətinə görə bülletenə çıxması ilk hal deyil. Bəs nə üçün bu məsələ valideynlər tərəfindən bu qədər həyəcanla qarşılanır? Nə üçün direktoru müavinləri deyil, məhz BŞTİ-nin nümayəndəsi əvəz edir?

Bu suallara cavab almaq ümidi ilə məktəbə yaxınlaşdıq. Məktəbin həyətində xeyli sakitlikdir. Həyətdə söhbət edən valideynlər hadisə barədə fikirlərini bizimlə bölüşmək istəmirlər. 200 nömrəli məktəbin adətən, eləcə də dünən də açıq olan giriş qapısı bağlıdır, məktəbə giriş üçün arxa qapıya getməli oluruq. Lakin qapıda bizi qarşılayan gözətçi direktor müavininə məlumat vermək üçün saxlayır. Bir müddət sonra özünü direktor müavini kimi təqdim edən Xədicə xanım idarəçiliyin həvalə edildiyi Ə.İsgəndərovla danışmağımızın və məktəbə girişin mümkün olmadığını deyir.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovla əlaqə saxlasaq da, o da məktəbdə çəkiliş aparmağımızın mümkünsüz olduğunu bildirdi. Bunu çəkilişin məktəbdəki tədris prosesinə mane olması, tədrisin pozulması ilə əsaslandırdı.

Halbuki, bizim məqsədimiz tədrisə mane olmaq yox, məhz məktəbdəki real vəziyyəti əyani göstərmək idi. Bəlkə də, elə müəllim, şagirdlərin dilindən məktəbdə əsl vəziyyətə aydınlıq gətirmək, əsas istəyin nə olduğunu anlamaq və oxuculara anlatmaq idi. Bunun üçün dərs prosesinə mane olmadan, 5-10 dəqiqəlik tənəffüs vaxtı belə yetərli ola bilərdi. Ə.İsgəndərov isə məktəbdə nə qədər məşğul olsa da, yəqin ki, bir neçə dəqiqə bizə məktəbdəki vəziyyət barədə məlumat verə bilərdi. Amma bunların heç biri olmadı.

Yalnız valideynlərdən öyrənə bildik ki, Qafar müəllim illər əvvəl yıxılaraq ayağından yaralanıb. Həmin vaxtdan da ayağına görə hər il müalicə olunur. Bu il də o əməliyyat üçün bülletenə çıxıb, amma onun nə vaxt qayıdacağı ilə bağlı məlumat yoxdur.

Görünən odur ki, Təhsil İdarəsi və onun nümayəndəsinin Q.Hüseynov vəzifəsindən azad edilmədiyi ilə bağlı iki cümləlik açıqlaması yetərli deyil.

Hadisə yerində cavab verilməsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov suallarımıza şifahi cavab verdi.

O, hələ də, bu yanlış məlumatın haradan qaynaqlanmasının İdarə üçün də maraqlı olduğunu bildirdi:

“Məktəb rəhbəri hazırda səhhəti ilə bağlı bülletendədir. Rəsmi sənədlərə görə, o vəzifəsindən azad edilməyib. Məktəbin fəaliyyətinə həm müavinləri nəzarət edir, həm də idarənin nümayəndəsi Əfqan İsgəndərova məktəb rəhbərliyinə nəzarət həvalə edilib. Direktor məktəbdə olmayanda onu qəti şəkildə kimin əvəz etməsi ilə bağlı qəti şərt yoxdur. İdarə nümayəndəsinin orada olması qanunlara uyğundur. Burada qeyri-adi heç nə yoxdur. Bir daha bəyan edirik ki, məktəb rəhbəri səhhəti ilə bağlı bülletendədir, bunun üzərindən kimsə, ehtimal qurursa, bunun səbəbini həmin adamlardan soruşmaq lazımdır. Məktəb rəhbərinin fəaliyyəti ilə bağlı, olmayan bir halı bu səviyyədə qabartmaq, məktəbin fəaliyyətinə mane olmaq cəhdləri yaxşı qarşılanmayan məqamlardır”.

B.Məmmədov ötən gün BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın məktəbdə rəhbərliklə görüşdə bu məsələlərlə bağlı tövsiyələrini verdiyini deyib:

“Məhəbbət Vəliyeva məktəbdə tədris, təlim-tərbiyənin təşkili ilə bağlı müvafiq məsləhətlərini verib. Bu günlər ərzində tədris normal şəkildə davam edir, şagirdlərin davamiyyəti tədrisin normal aparılmasına imkan verir. Hər şey qaydasındadır. Hər hansı şəxsin arzu-istəyi də məktəbin fəaliyyətinə mane olacaq səviyyədə olmamalıdır. Bu məsələlərdə digər ehtimallar-kimin və nə üçün təşkil etməsi Təhsil İdarəsinin araşdırma predmeti deyil. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin funksiyası məktəbdaxili vəziyyəti tənzimləməkdir. Kənarda kiminsə istəyinə cavabdeh deyilik”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>