• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

İxtisasını mükəmməl bilən, dünyagörüşü olmayan MÜƏLLİMLƏR - ARAŞDIRMA

İxtisasını mükəmməl bilən, dünyagörüşü olmayan MÜƏLLİMLƏR - ARAŞDIRMA

Bu il müəllimlərin işə qəbul imtahanının test mərhələsində 56.24 bal toplayan Gülnarə Hüseynova müsahibə mərhələsində dünya görüşünün olmaması əsası ilə arzusuna çata bilməyib.

G.Hüseynova iddia edir ki, o, yüksək balla ali məktəbə daxil olub, magistr təhsili alıb, işə qəbulun test mərhələsində yüksək nəticə göstərib, müsahibə mərhələsində ona verilən rəy doğru deyil. Apelyasiya şikayəti etsə də, Təhsil Nazirliyinin şikayətlərə baxan müvafiq şöbəsi onun iddiasını qəbul etməyib, əvvəlki rəyi qüvvədə saxlayıb.

G.Hüseynova mətbuata ünvanladığı bu məktubu həm də təhsil nazirliyinə göndərib. Biz də məsələ ilə bağlı nazirliyə sual ünvanlamışıq. Yazılı müraciətə nazirliyin cavabı hələ ki, hazır olmadığından məsələni ekspertlərlə araşdırmaq qərarına gəldik.

Təhsil Nazirliyinin dövlət ümumtəhsil və ali məktəblərinin məzunlarının biliklərinə inanmayıb, onları işə qəbul üçün təkrar imtahan etməsi qədər bu məzunların dünyagörüşünün yetərli olmaması da maraqlı məqamdır. Digər maraqlı məqam onun dünyagörüşünü qiymətləndirərkən hansı nüansların əsas tutulması, kimlərin qiymətləndirməsidir. İstənilən halda 4-6 il təhsil alan məzunun işə qəbul olacaq səviyyədə yetişdirilməməsində günah elə təhsil müəssisələrinin özüdür. Burada həm illərini, həm də pulunu itirən isə məzundur.

Məsələyə münasibət bildirən təhsil eksperti Əjdər Ağayev Publika.az-a açıqlamasında deyib ki, bakalavr və magistr diplomlarının olması həmin şəxsin müəllim kimi hazır olması anlamına gəlmir:

“Müəllim işləmək üçün pedaqoji təhsil almaq mütləqdir. Ali məktəbin bakalavr və magistratura səviyyəsini bitirən məzunlar arasında Azərbaycan tarixi, coğrafiyasını bilməyən, dünyagörüşü zəif olan, pedaqoji problemlərdən xəbərsiz olan şəxslər yetərincədir. Müəllimlərin işə qəbul imtahanından yüksək bal toplamaq çətin deyil. Çünki bu imtahan da testlə keçirilir. Buna görə problemin qaynaqlanma səbəbləri aşkarlanıb aradan qaldırılmalıdır. Hesab edirəm ki, bu problemlər ali məktəblərə qəbul və orta məktəbdə biliyin test üsulu ilə qiymətləndirilməsi ilə bağlıdır. Bu üsul insanları yarımçıq edir, dünyagörüşünün formalaşmasına mane olur. Təlimə testlə yanaşmanın nəticəsi şagird və abituriyentləri həyata tam hazırlamağa imkan vermir. Orta və ali məktəbə qəbulda yazılı, şifahi nitqə fikir verilməsi mütləqdir. Tədrisə dünyagörüşünü genişləndirən, vətəndaş mövqeyini formalaşdıran fənlər daxil olmalıdır. Yaxşı olar ki, test mərhələsində yüksək nəticə göstərib, müsahibədə uğursuz olanlar öz üzərlərində işləsin, pedaqoji hazırlıqlarını artırsın, məktəblərdə praktik dərslər dinləsin”.

Ə.Ağayev hesab edir ki, müsahibə mərhələsindən keçə bilməmək məzunun yox, təhsilin günahıdır, çünki təhsil testə əsaslanıb. Müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin təşkilinə gəldikdə, Ə.Ağayev bu formanın məhz Təhsil Nazirliyi tərəfindən müəyyən edildiyini deyib: “Təhsil Nazirliyi bu məsələdə mütəxəssislərə müraciət etsə, biz onlara fikrimizi deyə bilərik. Lakin hazırkı durumda müsahibə mərhələsini nazirlik özünün müəyyən etdiyi qaydalar əsasında aparır. Bu mənada tələbə, məzunun uğursuzluğunun arxasında bu işi təşkil edənlərin özü dayanır. Tələbə neçə il təhsil alandan sonra müəllim işləməyə hazır deyilsə, günah o təhsili verən, bu işi təşkil edənlərdədir. Məzun nazirliyin müəyyən etdiyi təhsil sistemi üzrə təhsil alıb, testdə yüksək, müsahibədə aşağı nəticə göstərirsə, bu zaman nazirliyi təhsilin səviyyəsini qaldırıb, məzunların onların tələbləri əsasında hazırlanmasına diqqət artırmalıdır”.

Ə.Ağayev məsələdən çıxış yolu kimi məzunların imtahandan əvvəl 1-2 il məktəbdə praktika keçməsinin tərəfdarıdır: “Ali məktəbi bitirən kimi məzunu imtahan edib, müəllim kimi işləməyə hazır olduğunu soruşmaq olmaz. Çünki onsuz da həmin imtahanı ali məktəbdə verib. Müəllim olmaq istəyən şəxslər azı bir il orta məktəbdə təcrübə keçib, müsahibə mərhələsində suallara cavab verəcək qədər pedaqoji biliklərə sahib olacaq. Hazırkı imtahan prosesi ilə tələsik yanaşmanın nəticəsidir ki, əziyyəti tələbələr çəkir”.

Təhsil eksperti Kamran Əsədov müəllimlərin işə qəbulunun müsahibə mərhələsinin vacib olduğunu bildirib:

“İşə qəbulun imtahanla həyata keçirəndən sonra bu sahədə qanunsuz halları aradan qaldırıldı. Müsahibə mərhələsi isə peşəkar kadrların seçimi üçün uğurlu yanaşmadır. Çünki yalnız test imtahanı əsasında işə qəbul olan müəllimlərin şagirdlər, həmkarları ilə necə davranmalı olduqlarını bilmədikləri məlum olurdu. Nəticədə məktəblərdə bu müəllimlər ciddi konfkliktlər yaradır, hətta şagirdlərə qarşı zorakılıq edənlər olurdu. Bu mənada müəllimlərin işə qəbul edilərkən təkcə bilik yox, bacarıqları yoxlanılmalıdır.

Bakalavr və magistr təhsil səviyyəsindən məzun olanları birbaşa auditoriyaya buraxmaq da doğru deyil. Bu gün bir çox bacarıqlara malik müəllimlər məktəblərdə işə cəlb edilməlidir. Çünki bakalavr, magistraturanı bitirən müəllimlərin əskəriyyəti imtahan vermək üçün müəllim yanına hazırlığa gedir. Müəllimlərin işə qəbul imtahanının test mərhələsində yüksək nəticə göstərənlərin 90 faizi müəllim yanına gedənlərdir. Lakin bu nəticəni uğur hesab edə bilmərik. Təəssüf ki, ali məktəblərin bəziləri məzunlarına nə bilik, nə də bacarıq verir. 2011-ci ildən 151 min müəllim diaqnostik qiymətləndirmədə iştirak edib, onların 45 faizi ixtisasından minimum biliklərə malik deyil. Bəzi bölgələrdə öz ixtisasından sıfır bal toplayan müəllimlər var idi. Özünün minimum biliyi olmayan müəllim şagirdə nə öyrədə bilər. Hesab edirəm ki, əlavə olaraq müəllimlərin psixologiyası da yoxlanılmalıdır”.

Ekspert bildirir ki, müsahibə mərhələsində kifayət qədər pedaqoji təcrübəsi olan şəxslər iştirak etməlidir:

“Müsahibəni qərəzli olmayacaq, pedaqoji təcrübəsi olan şəxslər keçirməlidir. Bu mərhələdə müəllimlərə Azərbaycan, dövlət haqqında vacib nüanslar soruşulur. Lakin testdən yüksək nəticə göstərənlər bayrağın rəngləri, işğal olunmuş torpaqlarımız barədə məlumatlardan xəbərsiz olurlar. Bu müəllimləri məktəbə buraxmaq olmaz. Lakin bununla yanaşı müsahibə mərhələsinin yüksək standartlara cavab verdiyini deyə bilmərik. Buna görə də apelyasiya şikayəti üçün imkan yaradılır. Ancaq apelyasiya şikayətinin araşdırılmasını Təhsil Nazirliyi yox, başqa bir təşkilat həyata keçirməlidir. Çünki nazirlik heç vaxt öz əməkdaşının aşağı qiymət verdiyi müəllimə yüksək qiymət verməyəcək”.

Təhsil Nazirliyi isə məsələ ilə bağlı göndərdiyimiz sorğuya cavab verməyib.

Dünya təcrübəsinə toxunan ekspert bildirib ki, Finlandiyada magistr təhsili olmayan məzunlar məktəbdə işə qəbul edilmir:

“Bu ölkədə imtahanı Təhsil Nazirliyi deyil, təhsil institutları həyata keçirir. Türkiyədə isə atama deyilən üsulla müəllimlər məktəblərə yönləndirir. Pedaqoji kadr hazırlayan ali məktəblər kadrları barədə məlumatları Təhsil İnstitutuna göndərir, onlar da məzunun nəticələrinə uyğun yönləndirirlər. Çünki məzunlarının nəticələrinə inanırlar. Bizdə isə Təhsil Nazirliyi öz universitetinin məzununa inanmır və onu imtahan edir. Çünki kadrın normal əmək bazarının tələbinə uyğun gəlmədiyini bilir. Müəllimi imtahanla işə qəbul etmək öz məzunlarına inamsızlıq deməkdir”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>