Elm və təhsil
Azərbaycanlı alim Altayda iskit kurqanını araşdırdı - FOTO
.jpg?v1745327159)
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsən oğlu Həsənov bu il avqust və sentyabr aylarında Qazaxıstan Altayında yerləşən iskit-sak (skif-sak) zadəganlarına məxsus Berel arxeoloji abidəsindəki arxeoloji qazıntılarda iştirak edib.
İnstitutdan Publika.az-a verilən məlumata görə, tədqiqat layihəsinin və arxeoloji ekspedisiyanın rəhbəri dünya şöhrətli görkəmli qazaxıstanlı alim, arxeoloq, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü Zaynolla Samaşev idi.
Abidə Şərqi Qazaxıstan vilayətinin Katon-Karağay rayonundakı Berel kəndinin 8 kilometr yaxınlığında, Rusiya və Çinə həmsərhəd ərazidə yerləşir. Qeyd edək ki, yalnız Qazaxıstanın Daxili İşlər Nazirliyindən alınmış icazə ilə abidənin yerləşdiyi əraziyə daxil olmaq mümkündür. Berel abidəsi Ust-Kamenoqorsk (Öskemen) şəhərindən avtomobil nəqliyyatı ilə 6-7 saatlıq məsafədə yerləşir.
Z.Həsənov bildirib ki, Berel kurqanları müasir zamanda Qazaxıstanın simvollarından biri hesab edilməkdədir. Burada son 20 il ərzində iskit hökmdarının və zadəganlarının mumiyalaşmış qalıqları, 100-ə qədər tam təntənəli geyimdə olan at dəfnləri tapılıb. Atların başları nəfis hazırlanmış xüsusi buynuzlu maskalarla bəzədilib. Bundan əlavə kurqanlardan minlərlə iskit-sak heyvani üslubunda düzəldilmiş nəfis sənət əşyaları da aşkar edilib. “Torpağın donmuş alt səthi nəfis maddi mədəniyyət nümunələrinin yaxşı vəziyyətdə qalmasına səbəb olmuşdur” - deyə Z.Həsənov bildirib.
Tədqiq olunan iskit kurqanlarının təxminən 2500 il yaşı var. Berel nekropolunda alman, fransız və rusiyalı alimlərin iştirakı ilə tədqiqatlar 1998-ci ildən başlayaraq Zaynolla Samaşevin başçılığı altında bu günə qədər davam etməkdədir. Bu il Berel abidəsindəki tədqiqatlarda Qazaxıstan arxeoloqları ilə birgə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, t.ü.f.d. Zaur Həsənov və Sankt-Peterburqdan tanınmış skifşünas, Rusiya Elmlər Akademiyası Maddi Mədəniyyət Tarixi İnstitutunun əməkdaşı, professor Nikolay A. Bokovenko da iştirak etmişlər. Həmçinin, qazıntılara Qazaxıstanın A.Marqulan adına Arxeologiya İnstitutunun və S.Amanjolov adına Şərqi-Qazaxıstan Universitetinin 30-a yaxın əməkdaşı və tələbələri də cəlb edilib.
Zaur Həsənovun verdiyi məlumata görə, tədqiqat zamanı Berel nekropolunun 5 saylı kurqanı qazıldı. Kurqan - iskitlərin e.ə. VI - III əsrlərdə mövcud olmuş Pazırık mədəniyyətinə məxsusdur. Beynəlxalq elmi çevrələrdə çox məşhur olan bu tip Pazırık kurqanları Rusiya Altayında 20-ci əsrin ortalarında da tədqiq edilib.
Qeyd edək ki, qədim Avropa yazılı mənbələrində “avarlar” kimi məlum sənbi-jujan tayfaları eramızın IV əsrdə hunlar üzərində qələbə çalıb, qədim Altay regionunda hakimiyyəti ələ keçirmişlər. Daha sonralar isə, VI əsrdə türklər sənbi-jujan tayfalarını məğlub edib Türk Xaqanlığını yaradırlar.
Z.Həsənov bildirib ki, Altayda bu arxeoloji materialların öyrənilməsi Azərbaycan elmi üçün çox vacibdir. Altayda iskitlərin, hunların, sənbi-jujan və Türk Xaqanlığının arxeoloji abidələri ardıcıllıqla təqdim olunub. Zaur Həsənovun bildirdiyinə görə, Altaydakı bu abidələrin xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanda eyni tipli abidələrlə müqayisələrin aparılmasına və tarixi şərqi türk xalqlarının buraya gəlişini daha qədim dövrlərdən başlayaraq izlənilməsinə imkan yarada bilər.
.jpg)
.jpg)
.jpg)
.jpg)

-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir
-
Qoroskop10:44
Detektiv olaraq doğulan 4 bürc: Onlardan sirr saxlamaq mümkün deyil