Müəllimlər vahid formaya keçsinmi? - MÜTƏXƏSSİS RƏYLƏRİ
Bizi izləyin

Elm və təhsil

Müəllimlər vahid formaya keçsinmi? - MÜTƏXƏSSİS RƏYLƏRİ

Müasir təhsil sisteminin ən son özəlliklərindən biri də şagirdlərin vahid məktəbli formalarına keçidi oldu. Əvvəllər bu qərar həm valideynlər, həm də şagirdlər tərəfindən birmənalı qarşılanmasa da, zaman keçdikcə öz müsbət təsirlərini göstərməyə başladı. Müxtəlif sosial təbəqələrə məxsus şagirdlər eyni platformada, eyni səviyyədə status qazandı.

Son zamanlar müəllimlərin də vahid geyim formasına keçidi məsələsi gündəmə gəlib. Hətta bəzi məktəblər bu mövzuda irəliyə doğru addımlar atıb və müəllimlər vahid forma geyinməyə başlayıb. Məsələn, Zaqatala, Balakən, Tovuz rayonlarında müəllimlər vahid geyimə keçiblər. Bu təşəbbüs, xüsusilə, kənd məktəbləri tərəfindən həyata keçirilir. Lakin vahid geyimlər bütün respublika üzrə deyil, ayrı-ayrı müəssisələrdə, yəni pərakəndə formada tətbiq edilir.

Müəllimlərin vahid formaya keçidinin müsbət və mənfi cəhətlərini öyrənmək məqsədilə mütəxəssislərlə əlaqə saxladıq.

“Təhsil Şurası” İctimai Birliyinin sədri Əjdər Ağayev Publika.az-a hazırda müəllimlərin vahid geyimə keçməsinin mümkünsüz olduğunu dedi:

“Azərbaycanda müəllimlərin vahid formaya keçməsi o qədər də asan məsələ deyil. Bu, mümkünsüz haldır. Ona görə mümkün deyil ki, hazırda təhsil sistemi vahid bir mərkəzdən idarə olunmur. İndi dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər, həmçinin publik sistemi ilə işləyən müəssisələr var və bunların hərəsinin öz nizamnaməsi mövcuddur. Bu qədər müxtəlifliyin olduğu bir sahədə vahid mərkəzdən vahid forma qərarını vermək çətindir.

Bundan əlavə, Təhsil Nazirliyinin “Müəllimlərin etik davranış qaydaları” adlı sənədi mövcuddur ki, burada bu kimi məsələlərə aydınlıq gətirilib. Müəllimlərin nümunəvi davranışları, iş zamanı həyata keçirməli olduqları öhdəlikləri məhz bu sənəddə öz əksini tapıb. Bu sənəd kifayət edir ki, təhsilin aparıcı qüvvəsi olan müəllimlər öz vəzifələri və hüquqları ilə tanış olsun və onları lazımi səviyyədə həyata keçirsin.

Həmin sənəddə müəllimlərdən yalnız səliqəli, təmiz, zövqlü və rahat geyim tələb edilir. Burada, xüsusilə, qadın müəllimlərin bahalı, rəngli geyimlərdən istifadə etməsi, parlaq aksesuarlar taxması kimi nüanslara irad bildirilir, lakin qadağan edilmir. Tövsiyə edilir ki, dərsdə şagirdlərin diqqətini yayındıracaq, xoş zahiri görkəm yaratmayan əşyalardan mümkün qədər uzaq dursunlar.

Konkret olaraq vahid geyim formasının tətbiq edilməsi peşə xüsusiyyətindən asılıdır. Məsələn texniki, hərbi, tibbi məktəblərdə, yaxud orta məktəblərin bu bölmələrində fəaliyyət göstərən müəllimlərin peşələrinə uyğun vahid geyim formaları mövcuddur.

Kişi müəllimlər isə uzun müddətdir ki, kostyum, qalstuk, köynək kimi klassik geyimlərdən istifadə edirlər. Lakin son zamanlar, xüsusilə, gənc müəllimlərdə saç və ya saqqal uzatmaq kimi xoşagəlməz hallara rast gəlinir. Lakin məktəb direktorları və bu sahəyə nəzarət edən vahid qurumlar belə arzuedilməz halların qarşısını almaq üçün tədbirlər görürlər.

Lakin belə bir yazılmayan qanun da var ki, müəllim öz müəllimlik simasını geyimində və yaxud üzündə deyil, xarakterində və peşəsində biruzə verməlidir.

Bu gün cəmiyyətimizdə müəllimlərin, eləcə də şagirdlərin geyim qaydalarına Təhsil Nazirliyi ilə yanaşı, ictimai normalar da bilavasitə təsir göstərir.

Xalqımızın dünyagörüşündə müəllim obrazı başbilən, ictimai xadim, mütəfəkkir, örnək insan kimi canlanır. Ona görə də, müəllimlərdə mental qaydalara uyğun olmayan hər hansı nüans olduqda bu, birbaşa ictimai qınağa səbəb olur".

Ə.Ağayev bildirdi ki, hazırda müxtəlif peşə sahiblərinin özlərinə məxsus iş formaları var:

"Bu formalar həmin peşə ilə məşğul olan insanların rahatlığı, təmizliyi və digərlərindən seçilməsi məqsədilə tətbiq edilir. Bəs müəllimin işi nədir? Nümunəvi şəxsiyyət olmaq, nümunəvi davranış sərgiləmək. Geyim məsələsi də məhz bu tələblərə uymalıdır. Bunun üçün vahid geyim kimi təşəbbüsslərə ehtiyac yoxdur. Müəllimlər sadəcə onlardan tələb edilən formada geyim geyinsələr, əlavə vahid formalara ehtiyac qalmaz.

Beynəlxalq standartlarda sadəcə akademik geyim forması mövcuddur. Bu geyim gündəlik iş üçün deyil, akademik iclaslarda, müşavirələrdə və bu kimi təntənəli tədbirlər üçün nəzərdə tutulub. Mən ABŞ-da, İranda, Türkiyədə, Macarıstanda ziyarət etdiyim məktəb və universitetlərin heç birində müəllimlərin vahid geyimdən istifadəsinə rast gəlməmişəm.

Müəllimlərin vahid formaya keçməsi üçün ilk olaraq hökumətin sərəncamı olmalıdır. Qanuni bir sənəd olmadığı üçün heç kim vahid geyim prinsipi tətbiq edə bilməz.

Müxtəlif bölgələrdə, xüsusilə, kənd yerlərində vahid geyim formalarının pərakəndə şəkildə tətbiq edilməsi heç bir qanun çərçivəsinə sığmır. Həmin direktorlar idarə etdiyi məktəbdə vahid geyim tətbiq edirsə, bu, sırf kommersiya məqsədilə həyata keçirilir. Yəni, heç bir qanuni əsası yoxdur. Bu hala da müvafiq qurumların, xüsusilə, Təhsil Nazirliyinin güclü nəzarəti olmalıdır. Respublikada müəllimlər üçün vahid geyimin tətbiq edilməsi mövcud olmadığı halda, bəzi məktəblərin bunu tətbiq etməsi, əlbəttə, təhsilimiz adına mənfi haldır.

Tez-tez belə bir suala rast gəlinir ki, şagirdlərə vahid geyim forması tətbiq edilirsə, niyə müəllimlərdə bu prinsip olmasın? Öncə bunu qeyd etməliyik ki, şagirdin başqa, müəllimin başqa missiyası var. Müəllim ictimai xadimdir, deputatdır, müxtəlif fəaliyyət sahələrində çalışan insandır. Şagird isə evdə valideynin, məktəbdə müəllimin tabeliyində öyrənən şəxsdir. Bu iki təbəqə yaşına, biliyinə, təcrübəsinə, fəaliyyətinə və cəmiyyətdəki mövqeyinə qədər fərqli ampuladadır. Buna görə onları primitiv bir prinsip daxilində eyniləşdirmək qətiyyən düzgün deyil".

Ə.Ağayev qeyd edib ki, şagirdlərin vahid forma geyinməsi sosial təbəqə anlayışının aradan qalxması üçün vacibdir:

"Yəni, varlı insan övladını yaxşı, bahalı geyindirir, kasıbın isə buna gücü çatmır. Bu zaman uşaqlarda bir-birinə qarşı həsəd, paxıllıq, valideynlərinə qarşı küskünlük hissi baş qaldırır. Bu da onların uşaq yaşlarında psixoloji travma almalarına səbəb olur. Şagirdin bu problemin öhdəsindən gəlməsi və nizam-intizam qaydalarına uyğunlaşması üçün vahid forma geyinməsi vacibdir. Ancaq müəllimin hər hansı intizam qaydalarına alışması kimi bir məcburiyyəti yoxdur. Ona görə də müəllimin səliqəli və təmiz geyinməsi onun peşəsini layiqli həyata keçirməsi üçün tələb olunan zahiri görünüşə bəs edir”.

Təhsil eksperti Kamran Əsədov isə müəllimlərin vahid geyim formasına keçidinin vacib olduğunu bildirdi:

“Vahid geyim işin keyfiyyətinə müsbət təsir göstərən amildir. Ölkəmizdə Nazirlər Kabineti tərəfindən 2009-cu ildə “Təhsil haqqında qanun”, 2011-ci ildə isə “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi” qəbul edilib. Düzdür, bu qanunvericiliklərdə müəllimlərin vahid geyimə keçidi konkret olaraq nəzərdə tutulmayıb. Ancaq 2011-ci ildə qəbul edilmiş nizamnamədə hər bir məktəbin özünün birbaşa məktəbli forması tətbiq etməsi məsələsi öz əksini tapıb.

Hazırda Naxçıvan Muxtar Respublikasında müəllimlərin vahid formadan istifadəsi prinsipi tətbiq edilir. Bu prinsip özünün kifayət qədər müsbət təsirini göstərir. Hazırda həkimlərin, vəkillərin, prokurorların, hərbçilərin vahid forması var və həmin peşə sahibləri cəmiyyətdə özlərinə fərqli mövqe, hörmət qazanıblar. Eləcə də, müəllimlərin vahid forması olmalıdır. Müəllimlərin vahid formaya keçidi barədə qərar hər bir məktəbin daxili pedaqoji şura iclasında qəbul edilir. Çünki qərarın maliyyələşməsi müəllimlərin öz hesabına aparılır. Təbiidir ki, burada onların razılığı olmalıdır.

Hazırda Türkiyədə müəllimlərə vahid forma tətbiq edilir. Ancaq bu forma xüsusi geyim kimi deyil, ağ xalat formasındadır. Eynilə Belçikada, Hollandiyada və bu kimi Avropa ölkələrində geyim standartları qəbul edilib. Bu standartlara geyimlərin ölçüləri, formaları, rəngləri də daxil edilib.

Bu gün ölkəmizdə də şagirdlər kimi müəllimlər də vahid geyim formasına keçməlidir. Bu həm onlar arasında sosial bərabərliyi aradan qaldıracaq, həm də müəllimin nüfuzuna gələn xələlin qarşısını alacaq. Çünki elə müəllimlər var, məktəb geyimi ilə toy geyimi arasında fərq yoxxdur. Müəllimlər, həmçinin, ictimai məkanlarda geyiminə görə seçiləcək və xüsusi hörmət görəcəklər.

Bəzi məktəb direktorları məktəblərə şəxsi biznes mühiti kimi baxırlar. Buna görə də işçiləri ilə istədikləri formada davranır və özlərinin istehsal etdiyi geyimləri almaqlarını tələb edirlər. Lakin onlar pedaqoji şuranın iclasını təşkil etmədən heç bir qərar qəbul edə bilməz. Pedaqoji şurada 3 müəllimin iştirakı ilə qəbul edilmiş qərar keçərli sayılır. Təəssüf ki, bu, təhsilin dərin boşluqlarından biridir. Ola bilsin ki, müəllimlərdən vahdi forma tələb edən direktorlar özlərinə yaxın 3 müəllimlə belə qərarlar qəbul edə bilir. Lakin bu, qanuni faktlara əsaslanaraq həyata keçirilir. Əks halda, özbaşınalıq sayılır.

Hesab edirəm ki, müəllim öz geyimi ilə cəmiyyətdə digər fərdlərdən seçilməlidir. Seçilməlidir ki, seçilən əməkhaqqı da alsın”.

Bu ildən vahid geyim formasına keçən Neftçala rayonu Yeniqışlaq kənd orta məktəbinin tarix müəllimi Tanrıverdi Hüseynov bu qərardan bütün müəllimlərin məmnun olduğunu dedi:

“Məktəbimizdə işləyən 12 müəllim bu ildən etibarən vahid geyim formasına keçid etdi. Bu qərar pedaqoji prosesin keyfiyyətini artırmaq məqsədilə pedaqoji şuranın iclasında qəbul edildi. Qeyd edim ki, məktəbimizdə təhsil alan şagirdlərin vahid məktəbli forması yoxdur. Onları nizam-intizama salmaq və nümunə olmaq üçün problemi həll etməyə müəllimlərdən başladıq. Məktəbin direktoru və müəllimlərlə birgə qərar qəbul etdik və valideynlərin müsbət rəylərini aldıqdan sonra öz hesabımıza vahid forma tikdirdik.

Mənim hazırda 65 yaşım var və etiraf edim ki, dərsə gedərkən geyimimə o qədər də diqqət etmirdim. Lakin vahid formaya keçid etdikdən sonra istər-istəməz məsuliyyətli davranmağa başladım və məktəbə hər gün səliqəli formada getdim. Qeyd edim ki, məktəbin direktoru da müəllimlərlə eyni geyimi geyinir. Bu da şagirdlərimizə və digər məktəblərə müsbət örnək olur.

Bu təşəbbüsümüz şagirdlər tərəfindən maraqla qarşılandı və onlarda da vahid geyimə keçid üçün stimul yaratdı”.

Psixoloq Elnur Rüstəmov da müəllimlərin vahid geyimə keçidinin cəmiyyətdə müsbət qarşılanacağını vuğuladı:

“Müəllimlərin vahid geyimə keçid etməsi təhsilin inkişafı baxımından müsbət haldır. Burada nə müəllimin, nə də təhsilin itirəcəyi heç bir şey yoxdur. Müəllimlər vahid forma geyinərsə, ən azı tanınmadığı ortamda vəzifəsinə görə hörmətlə qarşılanacaq. Necə ki, biz bu gün hərbçiləri, həkimləri, hakimləri xüsusi formalarında görəndə ehtiramla yanaşırıq. Eləcə də, müəllimlər eyni ehtiramı görəcəklər.

Bununla yanaşı, müəllimlərin müxtəlif cür geyinməsi dərsdə şagirdlərin diqqətinin dağılmasına və başqa yönlərə getməsinə səbəb olur. Məsələn, qızlar öz aralarında müəllimin taxdığı aksesuarları, geyindiyi geyimin rənglərini müzakirə etməyə başlayır və dərsdən istər-istəməz uzaqlaşır. Bu kimi halların qarşısının alınması üçün də müəllimlərin vahid formaya keçidi mütləqdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm