Qəbələdə yeni peşə mərkəzi açıldı - FOTO
Bizi izləyin

Elm və təhsil

Qəbələdə yeni peşə mərkəzi açıldı - FOTO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması çərçivəsində istifadəyə verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə liseyi statusunda olmaqla Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək son illərdə ölkəmizdə peşə təhsili sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini və yeni binanın istifadəyə verilməsinin görülən işlərin davamı olduğunu bildirib.

Təhsil naziri Mikayıl Cabbarov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edən nazir mərkəzdə turizm, otelçilik, kənd təsərrüfatı və digər mühüm ixtisaslar üzrə kadr hazırlığının aparılacağını bildirib.

Təhsil naziri burada yaradılan şəraitin təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını, yaxın gələcəkdə belə müəssisələrin digər bölgələrdə də istifadəyə veriləcəyini bildirib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlət başçısının rəhbərliyi altında Qəbələdə aparılan böyük quruculuq, abadlıq işlərindən söz açıb, rayonun bir çox ilklərə imza atdığını qeyd edib. Səbuhi Abdullayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə beynəlxalq musiqi festivalının, rəsm sərgilərinin keçirildiyini vurğulayıb və mərkəzin yeni binasının istifadəyə verilməsini aparılan işlərin davamı kimi dəyərləndirib.

Millət vəkili Fəttah Heydərov təhsilin bu vacib sahəsində aparılan müsbət dəyişikliklərin, yeni peşə təhsil mərkəzlərinin yaradılmasının ölkənin davamlı inkişafının təmin edilməsinə xidmət etdiyini bildirib. Fəttah Heydərov mərkəzin müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı baxımından peşə təhsili sahəsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Təhsil müəssisəsində regionun xüsusiyyətləri nəzərə alınmaqla, aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük əhəmiyyət verilir. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm