BDU-da doktorantlar və gənc tədqiqatçıların konfransı
Bizi izləyin

Elm və təhsil

BDU-da doktorantlar və gənc tədqiqatçıların konfransı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edən rektor təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkib. BDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Təhsil naziri Mikayıl Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, müasir elmi biliklərin təbliği baxımından hər il ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi”, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi” və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu bildirib.

Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkəmizin ali təhsil müəssisələrində elmi potensialın mövcudluğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər.

Sonra BDU-nun doktorantı, Gənclər üçün Prezident Mükafatçısı Aygün İsrayılova “Uğurun açarı gərgin zəhmət nəticəsində qazanılır”, ADNSU-nun doktorantı Elnur Səfərli “İKT-nin təhsildə rolu”, BDU-nun doktorantı Tural Həsənov “Uranın süxurlardan ekoloji təmiz üsullarla ayrılması və miqdarının təyini”, SDU-nun doktorantı Günay Şükürova “Qloballaşan dünyada miqrasiya prosesləri” mövzusunda təqdimat ediblər.

Qeyd edək ki, iki gün davam edəcək kоnfransa 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm