“Türk mənşəli sözlər lüğəti” təqdim edildi - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

“Türk mənşəli sözlər lüğəti” təqdim edildi - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində İsmayıl Məmmədli, Ənvər Abbasov və Hüseyn Mirzəyevin müəllifi olduğu “Türk mənşəli sözlər lüğəti” kitabının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə nə dərəcədə zəngin olduğunu bütün oxucu kütləsinə çatdırmaq və Azərbaycan dilinə dair məktəb kursunun səmərəli tədris olunmasına dəstək verməkdir.

Tədbiri universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açıb. O, yeni lüğətin tədris sistemindəki yerindən və əhəmiyyətindən danışıb.

Filologiya elmlər doktoru, professor Buludxan Xəlilov kitabın 21-ci əsr lüğətşünaslığı üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

"Bu gün sizə təqdim edəcəyimiz "Türk mənşəli sözlər lüğəti" bütün normalara cavab verir. Hər bir dilin lüğət tərkibinin zəngin olması onun müasir dilçiliklə ayaqlaşdığından xəbər verir. Yaşadığımız əsrdə müxtəlif növ lüğətlərə tələbatlar artır. Dilimizin lüğət tərkibinə hər sahədən çoxsaylı alınma sözlər daxil olur. Hələ bu alınma sözlərin 44 minə yaxını türkmənşəlidir. Bütün bu sözlər dilimizin tərkibinə daxil edilərkən Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqivistik və ensiklopedik lüğətlərə istinad edilib. Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub".

Millət vəkili Aydın Mirzəzadə də lüğət haqqında fikirlərini bölüşüb:

"Bu kitab içərisində olan söz ehtiyatına görə olduqca faydalıdır. Burada 50-dən çox lüğət növünə daxil olan və olmayan bir sıra yeni sözlər var. Kitabın quruluşu, adı, izahı olduqca uğurlu seçilib. İlk baxışda insana güvən aşılayır. Fikrimcə, bu Azərbaycan dilçiliyində əsrlərlə qalacaq və istinad ediləcək bir kitabdır. Təəssüf ki, hazırda çox az sayda tirajlanıb. Amma əminəm ki, gələcəkdə bu kitab daha yüksək tirajda nəşr ediləcək".

Müəlliflərdən Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoqika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Ənvər Abbasov lüğətə əlavə edilən yeni sözlərdən danışıb:

"Bu gün orta məktəb şagirdlərinin ən böyük problemi söz bazalarının zəifliyi, ifadələri yerində istifadə edə bilməmələridir. Bu kitab şagirdlərdə dilə böyük məhəbbət, maraq yaradacaq. Bu lüğətdə 44 mindən çox türkmənşəli söz var. Gələcəkdə bu lüğətin daha da təkmilləşdirilməsini planlaşdırırıq. Dilimizin dərindən öyrənilməsi üçün bu kimi mənbələrin sayının artırılması önəmlidir".

Xalq şairi Sabir Rüstəmxanlı isə kitabı "Divanü lüğət-it Türk" ilə müqayisə edib:

"Bu günə qədər sonsuz sayda lüğətlər hazırlanıb. Bu elə də asan məsələ deyil. Bu lüğətin hazırlanması son dərəcə önəmlidir. Türklər tərkibində 613 min söz olan lüğət hazırlayıb. Ümumi türk xalqlarının dillərini əhatə edəcək 1 milyona yaxın kəlmə var. Bura Altayların, Başqırların və digərlərinin sözləri daxildir. Bu gün dilimizdə bir çox istifadə edilən sozlərin çoxu rus, Avropa mənşəlidir. Bir vaxtlar ərəb dilindən gələn axın indi də Avropadan gəlir."

O bildirib ki, dilimizdə, xüsusilə təhsil sahəsində istifadə edilən "üzrə", "kurikulum" kimi sözləriə ehtiyac yoxdur:

"Təhsil sistemində rusların əsrlərlə hazırlanan böyük lüğətləri olub. Bizdə də Füzuli, Dədə Qorqud lüğəti var. Biz bu kiçik lüğətləri araşdırıb, bir yerə yığıb böyük Azərbaycan dilinin lüğətini hazırlamalıyıq. Bəzən deyirlər ki, türk dilindən gələn sözlər bizim dilimizi korlayır. Bununla qətiyyən razı deyiləm. Necə oldu illərlə rus dilindən gələn sözlər dilimizi korlamadı, amma türk dilindən gələn doğma sözlər dilimizi pozur? Xeyr, bizim dilimizi insanlarımızın özləri pozurlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, ailə öz evində uşaqları ilə rus, ingilis dillərində danışsın. 100 faiz azərbaycanlı olan uşağın öz dilinin normalarından bixəbər şəkildə xarici dillər öyrənməsi milli xəyanətdir. Mən dil öyrənməyin əleyhinə deyiləm, amma gərək ən birinci vətəndaş öz dilini yaxşı bilə. "Türk mənşəli sözlər lüğəti" bu mənada olduqca faydalı mənbə olacaq. Doğma dilimizdə vaxtilə istifadə edilən sözlərin yavaş-yavaş geri qaytarılması rus və Avropa mənşəli lüzumsuz sözləri dilimizdən çıxardacaq və daha gözəl, aktiv lüğət tərkibi formalaşdıracaq".

Digər müəllif, professor İsmayıl Məmmədli isə bildirib ki, dilimizin zənginliyini ortaya çıxarmaq üçün dilçilərimiz bu kimi təşəbbüslərə tez-tez yer verməlidirlər:

"Dilçilər arasında kimsə bu təşəbbüsü etməli idi və düşündüm ki, bunu biz edək. Mən bu kitabı əməkdaşlarımızla birlikdə hazırlamışam. Çox geniş araşdırmalar aparmışıq. Məsələn, uzun illər bizim bildiyimiz "tüfəng", "pələng" kimi sözlər fars sözləri kimi bilinir. Əslində isə bunun dərinliyində çox məqamlar var. Təəssüf ki, bu gün Azərbaycanın etimoloji lüğəti çap olunmayıb. Türklər çoxsaylı lüğətlər çap etdirir və hər birində bir qrup yeni sözlər tapmaq olar. Bu kitabın ardınca da Cəfər Cabbarlının lüğətini hazırlamışıq. Sadəcə, müəyyən maliyyə məsələləri bizə mane olur. Ümumilikdə Azərbaycan dili çox zəngin tərkibə malikdir. Sadəcə, əsrlər keçir və bəzi sözlər unudulur. Bu sözlərin unudulmaması üçün də gərək biz özümüz çalışaq. Həmin sözlərin mənalarını yeni nəsil bilməyə bilər. Buna görə, gələcək nəsillərin də hazırki sözləri unutmamaları üçün biz müəllimlər, pedaqoqlar öz dilimizi mükəmməl bilməliyik".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm