Qəbul imtahanı PROBLEMİ: "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək" - EKSPERT
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanı PROBLEMİ: "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək" - EKSPERT

“2019-cu ildən etibarən ali məktəblərə və orta ixtisas təhsil müəssislərinə qəbul yeni standartlarla, qiymətləndirilmə üsulları ilə aparılacaq. Yəni 2008-ci ildən tətbiq edilən və təhsil sistemini bərbad hala salan kurikulum üsulu ilə”.

Bu sözləri Publika.az-a təhsil üzrə ekspert Kamran Əsədov 2019-cu ilin qəbul imtahanlarına təklif edilən dəyişikliklər barədə danışarkən deyib. O bildirib ki, ənənəvi qəbul imtahanları son dəfə 2018-ci ildə keçiriləcək, daha sonra tətbiq ediləcək üsullar təhsil sisteminə ciddi zərbə vura bilər:

“Ənənəvi üsul ilə sonuncu imtahanlara qəbul proqramına orta ümumtəhsil proqramında istifadə olunan bütün dərsliklər salınırdı. Dərsliklər elə mərhələləşdirilib ki, 6-cı sinfin mövzusu ibtidai, 11-ci sinfin mövzusu isə yüksək səviyyə hesab olunur. Amma yeni kurikulum üsullarında bu belə olmayacaq. Dünən, yəni, fevral ayının 1-də Dövlət İmtahan Mərkəzi ilkin olaraq keçirdiyi tarix seminarında yeni qərar qəbul etmək üçün ekspertlərin fikirlərini dəyərləndirib. Həmin müzakirələrdə 2019-cu ilin qəbul imtahanları üçün bir neçə model irəli sürülüb. Onların içərisində elə modellər var ki, bu, birbaşa Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına, 2020-ci il üçün nəzərdə tutulan təhsil hədəflərinə, təhsil haqqında qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasında tanınan vətəndaşın təhsil hüququna ziddir. Dövlət İmtahan Mərkəzi bu təklifləri qəbul edərsə, şagirdlərə əlavə problemlər yarada bilər".

Ekspert onu da əlavə etdi ki, belə olan halda hər bir valideyn birmənalı olaraq qəbula hazırlaşan uşağına satışdan çoxsaylı dərsliklər almaq məcburiyyətində qala bilər:

“2019-cu il qəbul imtahanları üçün irəli sürülən imtahan modelləri arasında kurikulumun bütün standartlarından qəbul imtahanlarında istifadə edilməsi də var. Bu standartlar isə qəbul imtahanları üçün yox, orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulub. Təsəvvür edin ki, orada şagirdin təqdimat hazırlaması, mənbələr üzərində iş aparması və s. qeyd olunub. Qəbul imtahanında təqdimat hazırlanmasına və ya mənbə üzərində işləməyə hansısa bir resurs varmı? Xeyr. Bütün bu xırdalıqlar şagirdlərə əlavə yükdən başqa bir şey deyil”.

K.Əsədov onu da bildirdi ki, bütün bu yersiz dəyişikliklər abituriyentlərə mənfi təsir edir, onlarda psixoloji problemlər yaradacaq:

“Abituriyent qəbul imtahanından keçmədiyi üçün intihar edir. Bu qədər qəlizləşdirilmiş sistem heç də təhsil sahəsində irəliləyişlərə səbəb olmayacaq. Əksinə DİM birmənalı olaraq sözdə təhsili repetitor xidmətindən uzaqlaşdırmağa çalışdığını desə də, tam əksinə, repetitorlara əlverişli şərait yaradacaq. Halbuki birmənalı olaraq qəbul imtahanlarında şagirdlərin işinin asanlaşdırılmasına səy göstərməlidir. İnsanların kütləvi şəkildə təhsil almasına şərait yaradılmalıdır”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Mövzu ilə bağlı bildirildi ki, hələ heç bir model rəsmi şəkildə təsdiqlənməyib:

"Hazırda bu istiqamətdə müzakirələr davam etdirilir. Müəllimlər tərəfindən bir neçə model irəli sürülüb. Lakin heç biri öz rəsmi təsdiqini tapmayıb. Müzakirələr yekunlşadıqdan sonra, yekun nəticə, Dövlət İmtahan Mərkəzi tərəfindən dərc olunan "Abituriyent" jurnalında öz əksini tapacaq".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm