“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans - FOTO
Bizi izləyin

Elm və təhsil

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans - FOTO

“Cümhuriyyət İli” çərçivəsində AMEA-nın Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tarix İnstitutundan Publika.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan institut direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların ilk mənbə kimi əhəmiyyətinin böyük olduğunu deyib:

“Azərbaycan” qəzetinin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilib. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin başında qəzetin adı ilə yanaşı “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilib”.

Yaqub Mahmudov qeyd edib ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar.

İnstitut direktoru vurğulayıb ki, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda “Azərbaycan” qəzeti və qəzetin ilk redaktorları barədə geniş məqalələr yer alıb.

“O il yoxdur ki, “Azərbaycan” qəzetindən bizim instituta azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi, müxtəlif dövrlərdə erməni millətçilərinin xalqımızın başına açdıqları qanlı olaylar barədə yazılar hazırlamaq xahişi edilməsin, özü də dəfələrlə. Bununla, “Azərbaycan” qəzetinin timsalında Bəxtiyar Sadıqov tarixçiləri təkcə bu istiqamətdə yeni tədqiqatlar aparmağa səsləmir, eyni zamanda həmin tədqiqatlar nəticəsində tapılan faktların işıq üzü görməsinə şərait yaradır”, - deyə akademik bildirib.

Elmi konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi” adlı məruzə ilə çıxış edib.

“Azərbaycan” bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olmuşdu. Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunub”, - deyə baş redaktor qeyd edib.

Deputat bildirib ki, “Azərbaycan” qəzeti ölkəmizin tarixində, bugünkü inkişafında və xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb və oynayır: “Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetinin kollektivinə iki dəfə təbrik məktubu göndərib”.

Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin 1993-2017-ci illərdə dərc edilmiş saylarını çap və elektron variantda Tarix İnstitutuna hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm