Ehtiyat dərsliklər gəlir - Yeni siyasət bu sahədəki problemləri həll edəcəkmi?
Bizi izləyin

Elm və təhsil

Ehtiyat dərsliklər gəlir - Yeni siyasət bu sahədəki problemləri həll edəcəkmi?

Növbəti tədris ilindən Azərbaycan məktəbliləri üçün ehtiyat dərsliklər hazırlanacaq. Lakin bu təklif birmənalı şəkildə şərh edilmir. Belə ki, bir neçə il əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə variativ dərsliklər istifadəyə verildi. Lakin bu dərsliklər arası fərqlər istifadəçilər arasında çaşqınlığa səbəb oldu. Birbaşa səbəbin bu olduğu məlum olmasa da, variativ dərsliklər layihəsi bir müddət sonra tarixə qovuşdu. Bu günlərdə isə Təhsil Nazirliyi ehtiyat dərsliklər layihəsini irəli sürüb.

Ehtiyat dərsliyin variativ dərslikdən fərqi və üstünlükləri nədir?

Əvvəlcə onu xatırladaq ki, dərsliklər Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən hazırlanacaq. Nazirlər Kabinetinin son qərarına görə, nazirliyə dərslik təklif olunmadıqda, yaxud təklif olunmuş dərsliklərin keyfiyyəti qənaətbəxş sayılmadıqda, istifadəyə ehtiyat dərslik veriləcək.

Bu barədə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov ehtiyat dərsliklərlə bağlı beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilərin məzmun baxımından nəzərə alındığını bildirib.

"Pislər içində ən az pis dərslik qəbul edilir"

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında Təhsil Nazirliyi tərəfindən tətbiqi planlaşdırılan ehtiyat dərsliklərin istifadəyə verilməsini əhəmiyyətsiz qərar hesab etdiyini bildirib:

“Ehtiyat dərsliklərin mahiyyətinə görə, tenderə qoşulmuş dərslik Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən yoxlanılıb, tələb olunun balı toplamasa onları ehtiyat dərsliklər əvəz edəcək. Konsepsiya olaraq müsbət dəyərləndirilə bilər. Ən azı bu mexanizmdən Qazaxıstan, Türkmənistan, Özbəkistan və Rusiya kimi keçmiş sovet ölkələrində istifadə edilir. Amma bu, Azərbaycan üçün real görünmür. Çünki tenderə qoşulmuş dərsliklərin, hətta 50 faizə qədəri tələb olunan balı toplamır və pislər içində ən az pis dərslik qəbul edilir və düzəlişlər olunması üçün rəylər müəlliflərə göndərilir. Belə çıxır ki, həmin dərslikləri birbaşa ehtiyat dərsliklər əvəzləyəcək. Amma onları geniş ekspert qrupu yoxlamayacaq, ictimai müzakirəyə çıxarılmayacaq. Dar çərçivədə qəbul edilmiş dərsliklər istifadəyə veriləcək. Ehtiyat dərslik çox əhəmiyyətsiz layihədir. Çünki təhsil Nazirliyi özü də hazırlayır və başqasına da sifariş verir. Hər iki tərəf də pul itirir. Təhsil Nazirliyi çalışacaq ki, öz dərsliyi istifadə edilsin.

Bundan başqa, hazırda dərsliklər hazırlanarkən həm siniflər arası, həm də fənlərarası keçid nəzərə alınır. Amma ehtiyat dərslik yazılarkən bu əlaqə pozulacaq. Çünki ehtiyat dərsliyi yazan komanda uzun müddət ərzində araşdırma aparıb bir dərslik hazırlayacaq. Digər tərəf isə 2 ay ərzində bir dərslik ortaya qoyacaq. Məsələn, 2-ci sinifdə ehtiyat dərslik istifadə ediləcəksə, 3-4-cü siniflərdə ənənəvi dərsliklər tətbiq olunacaq. Bu zaman da şagridlər üçün informasiya balansı pozulacaq”.

"Bütün şagirdlərin mənimsəmə qabiliyyətləri eyni deyil"

Ekspert bildirir ki, ehtiyat dərsliklər alternativ dərsliklə əvəz edilməlidir:

“Azərbaycanın 4472 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Onların heç də hamısının dərsliklərdəki məlumatları mənimsəmə qabiliyyətləri eyni deyil. Təhsil Nazirliyi onlara ümumi bir dərslik təqdim edir. Hollandiya, Finlandiya təhsil sistemində bizim məktəblərdə olduğu kimi siniflər A, B, C kimi nömrələnir. Lakin bizdən fərqli olaraq bu ölkələrdə bu siniflərdə təhsil alan uşaqların səviyyəsi də, istifadə etdikləri dərslik də fərqli olur. Yəni A siniflərində təhsil alan şagirdlərin mənimsəmə qabiliyyətləri yüksək olduğundan onların istifadə etdiyi dərslikdə nisbətən ağır terminlərdən istifadə edilir. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında qanun”da da alternativ dərsliklərdən istifadə edilməsi göstərilib. Yəni Təhsil Nazirliyi alternativ (variativ) dərsliklər təqdim edir, müəllim və şagirdlər istədiyi dərsliyi seçib istifadə edir. Azərbaycanda bu məsələnin həll edilməməsinin səbəbi bizim ali məktəblərə qəbul proqramı ilə bağlıdır. Qəbul imtahanı vahid proqramla aparıldığına görə alternativ dərsliyə keçə bilmirik. Bu gün bir çox orta məktəbdə təmayülləşmə tətbiq edilir, lakin humanitar, texniki və ya təbiət üzrə təmayülləşənlərin hamısı eyni tarix, riyaziyyat dərsliklərindən istifadə edir. Bu, düzgün deyil, təmayüllər üzrə alternativ dərsliklər istifadəyə verilməli idi”.

"Ekspert qrupu 2 milyonluq xalqın müqəddəratını həll edə bilməz"

K.Əsədovun sözlərinə görə, tenderdə iştirak edən dərsliklərin 50 faizi alternativ dərslik kimi dövriyyəyə buraxılmalıdır:

“Bir müddət istifadədən sonra şagird və müəllimlər razı qalmadığı halda onsuz da həmin dərslik istifadə edilməyəcək. Məhsulun yaxşı və ya pis olmasını alıcı müəyyənləşdirməlidir, 5-6 nəfərdən ibarət ekspert qrupu 2 milyonluq xalqın müqəddəratını həll edə bilməz. Çünki onsuz da komissiyadan keçən dərsliklərdə səhvlər aşkarlanır. Səbəb isə dərslik hazırlamaq üçün verilən müddətin çox az olmasıdır. İki aya mükəmməl dərslik yazmaq olmaz.

Çıxış yolu isə iki müxtəlif yerdə ayrı-ayrı dərslik yazmaqdansa, Təhsil Nazirliyi “Dərslik İdarəsi” yaradıb müəllifləri cəlb edərək daha optimal dərslik yaradılmasıdır. Ehtiyat dərsliklər hazırlanarkən həm nəşriyyatlar müəllif kollektivinə dərslik hazırlamaq üçün qonorar verir, özü vəsait sərf edir, həm də eyni prosesi Təhsil Nazirliyi təkrarlayır. Yaxşı olar ki, ehtiyat dərslik də tenderə qoşulsun, əgər həqiqətən də o daha uyğundursa, rəqabət mühiti yaradıb qalib gəlsin”.

"Birinci siniflərdə tətbiq ediləcək"

Təhsil Nazirliyindən ehtiyat dərsliklərlə bağlı Publika.az-ın sorğusuna verilən cavabda isə bildirilir ki, ehtiyat dərsliklər ilk növbədə ibtidai siniflərdə istifadə ediləcək.

“Nazirlər Kabinetinin Sərəncamına əsasən, ehtiyat dərsliklərin hazırlanması üçün Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutunda Tədris resursları Mərkəzi yaradılıb. Mərkəzdə ilkin olaraq ibtidai siniflər üçün Azərbaycan dili və Riyaziyyat fənləri üzrə dərsliklərin hazırlanması nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssislər əməkdaşlığa dəvət edilib. Bunun üçün elan verilmiş, müvafiq kompetensiyalara malik namizədlərlə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Dərsliklər hazırlanmazdan əvvəl dünyanın qabaqcıl ölkələrində ibtidai siniflər üçün dil və riyaziyyatın tədrisi təcrübəsi araşdırılıb və ehtiyat dərsliklərin hazırlanmasının konsepsiyası hazırlanıb. Hazırda həmin konsepsiya əsasında 1-ci sinif Azərbaycan dili və Riyaziyyat dərsliklərinin hazırlanması prosesi gedir.

Ehtiyat dərsliklər əvvəlcə respublikanın bəzi məktəblərində pilot layihə kimi sınaqdan keçiriləcək, nəticələr təhlil edilərək dərsliklər üzərində təkmilləşdirmələr edildikdən sonra kütləvi istifadəyə veriləcək. Kütləvi istifadəyə veridikdən sonra dövlət ümumtəhsil məktəbləri həmin dərsliklərlə tələbat əsasında təmin olunacaqlar”.

Tətbiqi mexanizmi müəyyən deyil

Ehtiyat dərsliklərin əsas dərsliyi tam əvəz edə biləcəyinə gəldikdə, nazirlikdən bildirilib ki, bu dərsliklərin tətbiqi mexanizmi ilə bağlı hələ hər hansı qərar verilməyib. Müvafiq qərar verildikdən sonra o, ictimaiyyətə açıqlanacaq.

Təhsil Nazirliyindən ehtiyat dərsliklərin bir sıra üstünlüklərə malik olacağı proqnozlaşdırıldığı vurğulanıb:

“Ehtiyat dərsliklərin məzmununun inkişaf etmiş ölkələrin təcrübəsinə, həmçinin TİMSS və PİRLS beynəlxalq qiymətləndirmə proqramlarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bundan əlavə dərsliyin komplektinə “Valideynlər üçün tövsiyələr”in də daxil olması planlaşdırılır ki, bu da valideynlərin təlim prosesinə daha səmərəli cəlb olunmasına imkan yaradacaq”.

Bu problemlər həll olacaq

Nazirlikdən bildirilib ki, ehtiyat dərsliklər bir sıra problemləri də aradan qaldıracaq:

“Hazırda dövlət ümumtəhsil məktəbləri üçün dərsliklərin dövlət vəsaiti hesabına nəşr və çap olunması “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq həyata keçirilir. Buna müvafiq olaraq, Təhsil Nazirliyi tərəfindən tender elan olunur. Tenderdə iştirak etmək istəyən nəşriyyatlar öz hazırladıqları dərslikəri tenderə təqdim edirlər. Bu mexanizmin üstünlükləri çox olsa da, bəzi problemlər də mövcuddur. Məsələn, tenderdə ən yaxşı hesab edilən qalib dərsliyin məzmunu belə, bəzən nazirliyi tam qane etməyə bilir. Amma qaydalara görə nazirlik onu almaq məcburiyyətində qalır. Çünki, nazirlik məzmunun yaradıcısı deyil, onun sifarişçisi kimi çıxış edir. Məzmun üzərində isə dəyişikliyi yalnız onun yaradıcıları (nəşriyyatlar) edə bilərlər. Ehtiyat dərsliklərin hazırlanması birbaşa Təhsil Nazirliyinin özünün rəhbərliyi ilə həyata keçirildiyinə görə, o, dərslik müəlliflərinin seçimində birbaşa iştirak edə biləcək, eyni zamanda həm də ehtiyat dərsliklərin məzmunun tərtibinə yaxından nəzarət etmək imkanına malik olacaq.

Daha bir problem nəşriyyatların bütün fənlər üzrə dərslik hazırlanmasına maraq göstərməməsidir. Təcrübədə elə hallar olur ki, bəzi fənlər üzrə müsabiqəyə dərslik ümumiyyətlə, təqdim olunmur. Təhsil Nazirliyi tərəfindən ehtiyat dərsliklərin hazırlanması bu sahədə olan boşluqları aradan qaldıracaq və dövlət ümumtəhsil məktəblərinidə tədris olunan bütün fənlər üzrə dərsliklərin tərtib edilməsini yerinə yetirəcək.

Cari praktikada digər problem dərsliklərin sınaqdan keçirilmədən birbaşa kütləvi istifadəyə verilməsidir. Ümumiyyətlə, dərsliyin ilk nəşri sınaq nəşr hesab olunur və onda müəyyən problemlərin və müzakirə doğuracaq məsələlərin olması normaldır. Bu faktla müqayisədə Təhsil Nazirliyi tərəfindən tərtib ediləcək ehtiyat dərsliklərin əvvəlcə respublikanın bəzi məktəblərində pilot layihə kimi sınaqdan keçirilməsi, nəticələrin mütəxəssislər tərəfindən təhlil edildikdən sonra dərsliklər üzərində təkmilləşdirmələr edilməsi, və yalnız bundan sonra kütləvi istifadəyə verilməsi nəzərdə tutulur.

Sadalanan arqumentlərin dərsliklərin elmi və metodiki baxımdan daha düzgün hazırlanmasını təmin edəcəyi, bütün bunların nəticə etibarilə dərsliklərin məzmun keyfiyyətinin daha da təkmilləşdirilməsinə səbəb olacağı proqnozlaşdırılır”.

Nazirlikdən bildirilib ki, növbəti illərdə ibtidai təhsil səviyyəsinin 2-ci, 3-cü və 4-cü sinifləri üçün Azərbaycan dili və Riyaziyyat fənləri üzrə dərsliklərin hazırlanması nəzərdə tutulur.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm