Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib
Bizi izləyin

Elm və təhsil

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Publika.az-a BANM-dən verilən məlumata görə, öncə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən BANM-in tədris və elmi işlər üzrə prorektoru Ramiz Hümbətov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Prorektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə bu hadisələrə siyasi-hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Ali məktəbin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev isə tədbir iştirakçılarına 31 mart soyqırımı barədə məlumat verib.

BANM-in tələbəsi Qurban Həsənov “Mart soyqırımının baş vermə səbəbləri və nəticələri” adlı təqdimatında 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınları bütün faktları ilə auditoriyaya çatdırıb. O qeyd edib ki, daşnak-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüb. Ümumilikdə isə martın 30-31-də və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox əhəmiyyətli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.

BANM-in tələbəsi Rufət Abdullayev isə “Mart soyqırımı və tarixi həqiqətlər” adlı təqdimatında erməni silahlı dəstələrinin təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirdiyini bildirib.

Sonda 31 mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm