Azərbaycan dilinin orfoqrafiya qaydaları NİYƏ DƏYİŞDİRİLİR? - ALİM AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Azərbaycan dilinin orfoqrafiya qaydaları NİYƏ DƏYİŞDİRİLİR? - ALİM AÇIQLADI

“1975-ci ildə Azərbaycanda 116 orfoqrafiya qaydası var idi, 2004-cü ildə 38-ə endirildi, indi isə bu say 69-a qaldırılır. Bəziləri buna etiraz edir. Yenidən orfoqrafiya qaydalarını artırmağımızın səbəbi dilin inkişafı, dildəki yeniliklərlə bağlıdır. Həmin yenilikləri dilə tətbiq etməliyik”.

Bu sözləri Publika.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli qaydaların sayının yenidən artırılmasına münasibət bildirərkən deyib.

Dilçi alim təklif olunan qaydalar ətrafında geniş müzakirələrin aparılmasını müsbət hal kimi dəyərləndirib:

“Orfoqrafiya lüğəti ətrafında aparılan müzakirələr məni sevindirir. Bu onu sübut edir ki, xalq öz dilinə, dilinin taleyinə laqeyd deyil. Bu müzakirələrdə müsbət fikirlərlə yanaşı, yenilikləri dərk etmədən çıxış edənlər də var. Dilçi alim, akademik dilin daha da səlisləşməsi üçün təklif irəli sürürsə, alınma sözləri danışığa uyğunlaşdırırsa biz nə üçün ona etiraz etməliyik? Biz dəyişiklik təklif etdiyimiz sözləri farslaşdırıb, ərəbləşdirmirik, istəyirik ki, onlar milliləşsin. Bu məsələdə mübahisənin olması yaxşıdır, lakin əsas odur ki, ümumi rəyə gələk. Bu məsələ ictimai müzakirəyə ona görə çıxarılıb ki, hər kəs öz fikrini bildirsin”.

İ.Məmmədli onu da vurğulayıb ki, orfoqrafiya qaydalarında 3 prinsip var, onlardan biri də sözün deyildiyi kimi yazılmasıdır.

“Biz də bu fonetik prinsipdən çıxış edirik. Səsləndirilən bütün təkliflərin qeydiyyatını aparmışıq, yekun rəydə bu çıxışlar da nəzərə alınacaq. Deyə bilmərik ki, bütün təkiliflərimiz qəbul ediləcək.

Bəzi sözlər var ki, ötən əsrin ortalarında fərqli yazılıb. Bu gün isə yenidən dəyişikliyin edilməsi ilə dil qaydalarını pozmuruq, əksinə dili milliləşdiririk. Dili dilçilər başqalarından az istəmir. Dildə müqayisə aparıb, yazılı və şifahi ədəbi dili yaxınlaşdırırıq. Dilimizdə bu məqamlara ehtiyac olmasaydı, bunu etməzdik. Dildə dəyişikliklərin edilməsinə zamanla ehtiyac yaranır. biz də bu ehtiyaca uyğun olaraq hərəkət edirik. 1975-cü il orfoqrafiya lüğətinə “stəkan” sözü salınmayıb. Lüğətlər dövrün ictimai-siyasi vəziyyətinə uyğun yenilənməlidir”.

İ.Məmmədlinin sözlərinə görə, XX əsrdə əlifbamız 3 dəfə dəyişilib və bu keçidlərdə yazı ilə bağlı müəyyən problemlər yaranıb:

“Ərəb qrafikasından istifadə edəndə dildə durğu işarələri, sözün böyük kiçik yazılışı və orforafiya qaydaları yox idi. Bu gün də bəzi dillərdə sözün böyük və ya kiçik yazılması ilə bağlı qaydalar yoxdur”.

Professor bu gün dildə yersiz olaraq xarici sözlərdən istifadə edildiyini və bunun doğru yanaşma olmadığını deyir: “Nəyə görə biz "əlinə sağlıq" deyirik, amma onun yerinə dilimzdə olan "əlin-qolun var olsun" demirik?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm