“Azərbaycan tərcümə ensiklopediyası” təqdim olundu
Bizi izləyin

Elm və təhsil

“Azərbaycan tərcümə ensiklopediyası” təqdim olundu

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan tərcümə ensiklopediyası” kitabının təqdimat-təhlil mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan universitetin rektoru və kitabın ideya müəllifi, akademik Kamal Abdulla ensiklopediya haqqında danışıb: “Kitabın hazırlanmasında böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin əməkdaşlarının birgə əməyinin məhsulu olan bu kitab tərcüməçilər, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli “Azərbaycan tərcümə ensiklopediyası”nın dövlətçilik baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir. Bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Hesab edirəm ki, “Azərbaycan tərcümə ensiklopediyası” tədris-metodika baxımından da əhəmiyyətlidir”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, Möhsün Nağısoylu isə kitabın gənclər üçün xüsusi əhəmiyyətindən bəhs edib.

Redaksiya heyətinin üzvü, Türkiyənin Səlcuq Universitetinin müəllimi Rövşən Əliyev kitabın 13 illik zəhmətin bəhrəsi olduğunu bildirib: “Ensiklopediyanın ərsəyə gəlməsinin 8 ilində mən də iştirak etmişəm. Bu 600 səhifəlik kitabda bir çox insanın rolu var. Ən böyük rol isə layihə rəhbəri Kamal Abdullanındır. Bu kitabı hazırlayanda belə tərcümə ensiklopediyanın olub-olmaması barədə araşdırma apardıq, Türkiyədə belə bu cür kitabın olmadığını gördük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm