“İstək” liseyinin bağlanması maliyyə çatışmazlığı ilə əlaqədardır - EKSPERT
Bizi izləyin

Elm və təhsil

“İstək” liseyinin bağlanması maliyyə çatışmazlığı ilə əlaqədardır - EKSPERT

“İstək” liseyinin fəaliyyətini dayandırmasına səbəb sırf maliyyə çatışmazlığıdır.

Bu sözləri Publika.az-a təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, “İstək” liseyi “Çağ öyrətim” liseyinin yerinə yaradılmış təhsil müəssisəsi idi: "Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra bu liseyə də inam azalmağa başladı. Çünki bildiyiniz kimi, “Çağ öyrətim” dövlət çevrilişinə cəhd edənlərin müəssisəsi idi. Hesab edirəm ki, liseyin bağlanmasına səbəb siyasi və yaxud başqa nüans deyil, birbaşa maliyyə çatışmazlığıdır. Çünki liseydə təhsil haqqı olduqca yüksək idi. Məndə olan məlumata görə, liseydə təhsil haqqı 11 min manat civarındadır ki, bu da əhalinin büdcəsinə görə kifayət qədər yüksək məbləğdir.

Ekspert bildirib ki, müəssisə bağlanmamışdan iki ay qabaq öz işçilərinə xəbərdarlıq etməli idi: "Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən "İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin başqa təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində valideynlərin ödənişlərinin geri qaytarılması məsələsi nəzərdə tutulmayıb".

Ekspertin sözlərinə görə, lisey yaşadığı maliyyə sıxıntısına görə valideynlərin ödədikləri təhsil haqlarını qaytara bilmir: “Məndə olan məlumata görə, liseydən dörd yüzdən çox valideyn öz övladını qeydiyyatdan keçirib və 9-11 min manat təhsil haqqı ödəyib. Lakin onların ödədikləri məbləğ geri qaytarılmayıb".

K.Əsədovun fikrincə, şagirdlərin yerləşdirilməsində isə yəqin ki, hər hansı problem yaranmayacaq: "Çünki ölkədə dörd min beş yüz orta məktəb var və bu, tələbatı ödəyir”.

Ekspertin fikrincə, özəl sektorda bəzi təhsil müəssisələrinin uzun müddət fəaliyyət göstərə bilməməsi Azərbaycanda özəl təsil müəssisələrinə inamsızlığı ortaya qoyur.

Qeyd edək ki, ötən gün “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

Müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Məlumatda qeyd olunur ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm