• USD 1,7000 0,00% EUR 1,8991 +0,26%
    • GBP 2,2877 +1,78% RUB 0,0271 +0,74%

Türkiyəyə kursant qəbulu başladı

Türkiyəyə kursant qəbulu başladı

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydalarına əsasən, müraciət edənlər türk dilini bilməlidir. Həmçinin müvafiq təhsil müəssisəsində ingilis dilinin tədrisinə böyük önəm verilir. Kursantlara 4 illik ali təhsildən öncə 1 il müddətində İngilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa 1-ci kursdan təhsilə başlayırlar. Təhsil forması əyanidir və ingilis dili hazırlığı ilə birlikdə təhsil 5 il olacaq. Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Ali Məktəbə qəbulun birinci mərhələsində namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən IV qrup üzrə test yolu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya ı fənlər üzrə azərbaycan dilində aparılır. İkinci mərhələdə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 20 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilər.

Qəbul imtahanlarından 250-dən yuxarı bal toplamış 6 (altı) nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Azərbaycan Respublikasındakı Türkiyə Jandarma Təlim Qrupu tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 3 (üç) nəfər namizəd Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına təhsil almağa göndəriləcək.

Jandarma və Sahil Təhlükəsizlik Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı 10 (on) il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Akademiyadan xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildikdən sonra iyulun 27‑dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR