31 min abituriyent imtahan verəcək
Bizi izləyin

Elm və təhsil

31 min abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dəön Publika.az-a verilən məlumata görə, imtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Abituriyentlərdən 29370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13641, III qrup üzrə 15729 nəfər), 2534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1352, III qrup üzrə 1182 nəfər) məzunudur. Abituriyentlərin 13849 nəfəri oğlanlar (II qrup üzrə 9419 nəfər, III qrup üzrə 4430 nəfər), 18055 nəfəri isə qızlardır (II qrup üzrə 5574 nəfər, III qrup üzrə 12481 nəfər). 24666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 18-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli,“İmtahana buraxılış vərəqəsi", 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidir.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm