Bu ixtisas qrupu üzrə imtahanlarda dəyişiklik edildi
Bizi izləyin

Elm və təhsil

Bu ixtisas qrupu üzrə imtahanlarda dəyişiklik edildi

2019/2020-ci tədris ili üçün ali təsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaq. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda (14) və Gəncədə (87) təşkil olunacaq.

Komissiyalar üzrə qabiliyyət imtahanı 2 fənn - rəsm və rəsmxət və ya kompozisiya üzrə keçiriləcək.

Qabiliyyət imtahanının yekun nəticəsi “məqbul”la qiymətləndirilir. Hər bir fənn üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası ilə qiymətləndirilir. 5 və daha yüksək bal müsbət qiymət hesab edilir. Fənlər üzrə toplanılmış ballar əsasında orta qiymət hesablanır. Qabiliyyət imtahanından yekun olaraq "məqbul" almaq üçün abituriyentin orta qiyməti 7 və daha çox olmalıdır. Rəsm imtahanından müsbət qiymət ala bilməyən abituriyent 2-ci imtahana buraxılmır.

Dizayn ixtisası üzrə qeydiyyatdan keçmiş bütün abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verməlidirlər. Rəsm imtahanından müsbət qiymət almış abituriyentlər 2-ci fənn üzrə qabiliyyət imtahanına buraxılırlar. 2-ci imtahan rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə olacaqdır. Abituriyentlər öz seçimləri əsasında rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə qabiliyyət imtahanında iştirak edirlər.

Qabiliyyət imtahanından yekun olaraq “məqbul” qiymət almış abituriyentlər müsabiqəyə buraxılırlar. Müsabiqəyə buraxılmış abituriyentlər hansı fənn üzrə 2-ci imtahanı verməsindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Azərbaycan Texnologiya Universiteti istisna olmaqla) dizayn ixtisasını seçmək hüququ qazanırlar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və kompozisiya fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.

Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və rəsmxət fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.

Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Gəncə şəhərində DİM-in Gəncə Regional bölməsində keçiriləcəkdir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, ədəbiyyat siyahıları yaxın vaxtlarda DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə nəşr ediləcək. Dizayn ixtisası haqqında ətraflı məlumat “Təsviri sənət” vəsaitində veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm