Magistraturaya qəbulda imtahan nəticələri yüksəlib - DİM
Bizi izləyin

Elm və təhsil

Magistraturaya qəbulda imtahan nəticələri yüksəlib - DİM

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, 2019-cu il fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib və onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0.93%-i) imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq, qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109 (0.83%) və 146-sı (1.18%) imtahana gəlməyib. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Bununla yanaşı qeyd etmək lazımdır ki, 2014-2016-cı illərdə imtahana gəlməyənlərin qeydiyyatdan keçənlər içərisindəki payı 6-12% arasında olub. 2017-2019-cu illərdə isə bu göstərici 1.18%-dən yüksək olmayıb. Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb.

Bakalavrların imtahanda göstərdiklərin nəticələri müvafiq illər üzrə müqayisə etdikdə yuxarıda qeyd olunanların təsdiqini görmək olar. 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49.73% və 53.61%-nin 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 51.36 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb.

2018-ci ildə isə median daha aşağı – 49.91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49.91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb.

2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı artıb. Qeyd edək ki, 90 və daha yuxarı bal toplayanların sayı 33 nəfərdir və bu şəxslərin ali təhsil müəssisələrinə qəbul olunarkən topladıqları balın orta göstəricisi 634 baldan yuxarı olub. Bu iştirakçıların abituriyent kimi əldə etdikləri yüksək nəticələr magistraturaya qəbul imtahanında da təkrarlanıb.

Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57.96%) cari ilin, 5274 nəfəri (42.04%) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 6793 (55.49%) və 5448 (44.51%) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2.47% artıb.

Cari il məzunlarının imtahanda əldə etdikləri nəticələri əvvəlki illərin məzunlarından hər il olduğu kimi bu il də yüksək olub. Belə ki, imtahanda cari il məzunlarının 65.94%-i ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34.06% olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 63.80% və 36.20%-ə bərabər olub.

Bu il imtahan iştirakçılarının 5434-ü (43.32%) oğlan, 7111-i (56.68%) qız olub. Ötən il də demək olar ki, eyni mənzərənin şahidi oluruq. 2018-ci ildə imtahanda iştirak edənlərin 42.79%-ni (5238 nəfər) oğlanlar, 57.21%-ni (7003 nəfər) isə qızlar təşkil edib.

2018-ci ildə olduğu kimi bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. 2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq, 55.53% və 55.28%-i, oğlanların isə müvafiq olaraq, 44.47% və 44.72%-i imtahanda ən azı 50 bal toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm