Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib - VİDEO
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib - VİDEO

Aprelin 12-də “Azərosmos” ASC tərəfindən Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyi və “Azərkosmos” ASC-nin birgə keçirdiyi “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini uğurla keçən komandalar iştirak edib.

Festival çərçivəsində “Azərkosmos” və Rusiyanın “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyəti və iş prinsipi barədə təlim keçirilib. Təlim əyani olaraq raket modelləri üzərində aparılıb.

Təlim mərhələsi bitdikdən sonra iştirakçılar “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) ərazisində raket modellərinin real uçuşunun şahidi olublar. Raketlər səmaya buraxılmazdan əvvəl “CanSat Azərbaycan 2019” müsabiqəsinin iştirakçılarının hazırladıqları 350 qramlıq model peyklər raketlərin daxilinə yerləşdirilib. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər ƏYPİM-in ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyü, temperatur və təzyiqini müəyyən etmək mümkün olub.

“Rocketry Azerbaijan” festivalı tələbələri aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə istiqamətləndirib.

“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov bildirib ki, bu ilin iyun-iyul aylarında final mərhələsi keçiriləcək “CanSat Azərbaycan 2019” müsabiqəsində iştirak edən komandalar artıq sərbəst olaraq hazırladıqları peyk modellərini raket daşıyıcılara yerləşdirəcək və həmin raket daşıyıcılarını səmaya buraxacaqlar.

“CanSat Azərbaycan” müsabiqəsinin və “Rocketry Azerbaijan” festivalının keçirilməsi, öz növbəsində imkan verir ki, növbəti illərdə Azərbaycanda kosmik sənayenin inkişafında yeni nəsil peyk mütəxəssisləri yetişsin və aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması daha da geniş vüsət alsın.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir. “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm