Dilçilik İnstitutundan ittihamlara cavab
Bizi izləyin

Elm və təhsil

Dilçilik İnstitutundan ittihamlara cavab

“Sosial şəbəkələrdə və qeyri-ciddi saytlarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi fəaliyyəti haqqında bir neçə aydır xoşagəlməz yazılar gedir. Guya institutda faydalı işlər görülmür. Bu, qarayaxmadan başqa bir şey deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib

Onun sözlərinə görə, institutun kollektivi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir:

“2015-ci ildən indiyədək institutda kifayət qədər elmi tədbirlər: beynəlxalq və respublika konfransları, görkəmli dilçi alimlərin yubileylərinə, anım günlərinə həsr olunmuş elmi konfrans və sessiyalar keçirilib. Qeyd etməliyik ki, təkcə 2018-ci ildə 10-a yaxın konfrans və mötəbər elmi tədbirlər yüksək səviyyədə keçirilib. Onların bəzilərini nəzərə çatdırırıq: AMEA Nəsimi adına Dilçilik İnstitutunda türkoloq-alim Vaqif Aslanovun 90 illik yubileyi münasibətilə “Sələflər və Xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” adlı elmi-nəzəri konfrans, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans, Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının – “www.azerbaycandili.az” portalının təqdimatı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Cümhuriyyət dövründə dil məsələləri” mövzusunda tədbir, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyulda imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının yerinə yetirilməsilə bağlı tədbir, “Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda respublika elmi konfransı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya və s.”.

İnstitut əməkdaşı bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunun alimlərinin səyi fundamental dilçilik məsələlərin həllinə yönəlib:

“Hazırda Dilçilik İnstitutunda 12 şöbə fəaliyyət göstərir. Son zamanlar həmin şöbələrin əməkdaşları çox əhəmiyyətli və sanballı araşdırmalar aparırlar. Araşdırmaların nəticələri dilçilik elminə böyük bir töhfədir. Bütün bu uğurlar Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun rəhbərliyi ilə həyata keçirilmişdir.

Azərbaycan dilinin və dilçiliyinin inkişafına təkan verən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına yol açır. Dilçilik İnstitutunda çalışan alimlərimiz bu Sərəncamdan irəli gələn məsələləri ləyaqətlə həyata keçirirlər.

Məlum olduğu üzrə, AMEA-nın elmi tədqiqat müəssisələrində il ərzində aparılmış elmi tədqiqat işlərinin yekunları barədə hesabatlar verilir. Dilçilik institutunun elmi katibi kimi qeyd etməliyəm ki, həmin hesabatlarda institutun fəaliyyəti müsbət qiymətləndirilir. Beynəlxalq tədbirlərin keçirilməsi və fundamental işlərlərin nəticələri uğurlu hadisələr kimi vurğulanır. Dilçilik İnstitutunun istedadlı gənc alimləri AMEA-nın prezidenti çox hörmətli akademik Akif Əlizadə tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışdır. Dilçilik İnstitutunun və ümumiyyətlə Azərbaycan Milli Elmlər Akademiyasının uğurlu inkişafı ilk növbədə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AMEA-nın prezidenti akademik Akif Əlizadənin adı ilə bağlıdır.Azərbaycan dilinin tətbiqi, qorunması və inkişafı dilçi alimlərin müqəddəs borcudur və Dilçilik İnstitutu öz fəaliyyətini uğurla davam etdirir və etdirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm