Bu il Azərbaycanda yüzlərlə tələbə universitetlərdən xaric edilib - SİYAHI
Bizi izləyin

Elm və təhsil

Bu il Azərbaycanda yüzlərlə tələbə universitetlərdən xaric edilib - SİYAHI

Ali təhsil müəssisəsində oxumaq hər gəncin arzusudur. Müəyyən səbəblər də var ki, bu, tələbənin ali təhsil arzusunu yarımçıq qoya bilər. Tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir.

Xaric edilmə ilə bağlı qaydalar Təhsil Nazirliyinin (TN) Kollegiyasının təsdiq etdiyi qərarla tənzimlənir.

Ötən il ərzində sadalanan qaydalara riayət etməyən tələbələrin sayını öyrənmək üçün ali məktəblərə və TN-ə sorğu göndərib.

Beləliklə, 2019-2020-ci tədris ili üzrə cavabları təqdim edirik.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) ötən tədris ili üçün ümumilikdə 188 tələbə xaric edilib. Onlardan 4-ü yekun dövlət attestasiyasından keçməyənlər (buraxılış işini müdafiə etməyənlər, 64-ü ADPU-dan digər tədris müəssisələrinə köçürülənlər, 120-si isə digər səbəblərdən (nizam-intizam qaydalarını kobud və dəfələrlə pozanlar, dünyasını dəyişənlər, universitetlə əlaqəsi kəsilənlər, öz ərizəsi ilə xaric olunanlar, təhsilini donduranlar və s) universitetdən çıxarılanlardır.

Bakı Slavyan Universitetinin heç bir tələbəsi universitetdən xaric edilməyib. Yalnız bir tələbə öz arzusu ilə təhsilini Türkiyədə davam etdirməyə qərar verib.

Azərbaycan Tibb Universitetindən 15 tələbə xaric olunub ki, onlardan 4-ü vəfat edib, 3-ü akademik məzuniyyətdən qayıtmayıb. Yerdə qalanlar isə öz xahişləri ilə universitetdən xaric olunub.

Bakı Mühəndislik Universitetindən (BMU) təhsil haqqının ödənilməsi və ya gecikdirilməsi halı ilə bağlı hər hansı tələbənin xaric olunma faktı yoxdur: “Başqa məsələlərlə bağlı xaric olma təbii ki, mövcuddur. Yəni, elə tələbə var ki, öz istəyi ilə başqa universitetə keçib və s. Bu say isə adətən elə də böyük olmur və tələbə sayı ilə müqayisədə çox cüzi rəqəmlə ifadə olunur. Hazırda müəyyən dəqiqləşmələr aparılır. Fevralın əvvəlinə dəqiq rəqəm söyləmək mümkün olacaq. Amma bu dəqiqdir ki, BMU-da təhsil haqqı ilə bağlı hər hansı tələbənin universitetdən çıxarılması faktı qeydə alınmayıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən ümumilikdə 319 tələblə xaric olub. Onlardan 162-si ərizə yazıb öz xahişi ilə çıxıb. 157 nəfər isə universitetlə əlaqəni itirdiyi üçün xaric olunub.

Azərbaycan Dillər Universitetindən 32 nəfər xaric olunub. Onların hamısı təhsillərini digər universitetlərdə davam etdirmək istəyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 242 tələbə xaric olunub. Onlardan 73 nəfər öz xahişi ilə, 43 nəfər digər ali məktəbə köçürülməsi ilə əlaqədar, 123 nəfər universitetlə əlaqələrini kəsdiyinə görə, 3 nəfər isə vəfat etdiyinə görə xaric olunub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasından 15 nəfər öz xahişi ilə xaric olunub.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 305 tələbə xaric olunub.

Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunan tələbələrin sayı 115 nəfərdir. Onlardan öz arzusu ilə 12 nəfər, başqa təhsil müəssisəsinə gedən 79, 2018-ci ildən universitetlə əlaqə saxlamadığına görə Təhsil Nazirliyinin kollegiyasının müvafiq əmri ilə təsdiq edilən 24 nəfər, ötən il 22 tələbə LDU-ya köçürülüb. Respublika daxilindən 19, xaricdən isə 3 tələbə köçürülüb. Xaric edilən tələbələrdən 7-si yenidən bərpa olunub.

Mingəçevir Dövlət Universitetində normativ təhsil müddətində təhsil alan 2 tələbə universitetdən xaric olunub. Əyani şöbədə təhsil alan hər iki tələbə işlədikləri üçün öz arzuları əsasında xaric olunublar.

Bakı Dövlət Universitetindən isə bildirilib ki, 2020-ci il ərzində universitet sıralarından qovulan tələbə olmayıb.

Digər ali təhsil müəssisələri sorğuya cavab vermək istəməyib.

Təhsil Nazirliyindən isə "Report"un sorğusunu cavab olaraq bildirilib ki, nazirlikdə bütün ali təhsil müəssisələrini əhatə edən elektron sistemin hazırlanması üzərində iş gedir: "Həmin sistem işə salındıqdan sonra xaric olunmuş tələbələrin sayı və digər statistik məlumatları asanlıqla əldə etmək mümkün olacaq. Hazırda isə ali təhsil müəssisələrindən xaric olunmuş tələbələrin sayı barədə məlumatı bir-başa ali təhsil müəssisələrinə müraciət etməklə əldə etməyiniz məqsədəuyğundur".

Qeyd edək ki, hazırda Azərbaycan 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır. Təxminən 182 000 tələbə universitetlərdə ali təhsil alır. Onlardan 167 000-i bakalavr, 15 000-i magistrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm