Qəzalı məktəblər: təmirdənsə, yenisini tikmək sərfəlidir - Ekspert RƏYİ
Bizi izləyin

Elm və təhsil

Qəzalı məktəblər: təmirdənsə, yenisini tikmək sərfəlidir - Ekspert RƏYİ

“Azərbaycanda 4440-dan çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onların 3750-si yararlı, yerdə qalanları isə qəzalı vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görülsə də, problem hələ də durur".

Bu barədə Publika.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, regional təhsil idarələrinin hər birində qəzalı vəziyyətdə və təmirə ehtiyacı olan məktəblər kifayət qədərdir:

"Son dövrlər həm bu, həm də bəzi ərazilərdə yeni məktəb tikintisi ilə bağlı prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb, tapşırıqlar verib. Bir müddət əvvəl modul tipli məktəblərin inşası ilə bağlı da dövlət başçısı tərəfindən sərəncam imzalandı. Bu gün Ağsu, İsmayıllı və Cəlilabad rayonlarında, eləcə də Mərkəzi Aran iqtisadi rayonunda xeyli sayda qəzalı məktəb var. Onlar şagird sıxlığı nəzərə alınmaqla əsaslı təmir olunmalıdır. Bizə görə, təmirin əvəzinə yenilərinin tikilməsi daha məqsədəuyğundur".

Hazırda ölkədə 1,6 milyon şagirdin təhsil aldığını söyləyən ekspert vurğuladı ki, onların 1 milyonu rayonların üzərinə düşür:

“Qalanları isə Bakı şəhərində təhsil alır. Bölgələrdə təmirini gözləyən və ya yeni təhsil müəssisələrinin tikintisini sürətləndirmək lazımdır. Artıq işğaldan azad olunmuş rayonlarda prezident İlham Əliyev tərəfindən bəzi məktəblərin təməli atılıb. Zəngilan rayonunun Ağalı kəndində yeni məktəb binası istifadəyə verildi, Ağdam, Füzuli və digərlərində yeni təhsil müəssisələrinin inşası davam etdirilir".

Mütəxəssisin sözlərinə görə, Bakının ətrafında elə yaşayış məntəqələri var ki, orada yeni məktəbə ehtiyac yaranıb:

"Məsələn, Güzdək, Çiçək və Hökməli qəsəbələrində, Atyalı deyilən ərazidə, Müşfiq qəsəbəsi tərəfdə, eləcə də Biləcəri qəsəbəsinin şərti olaraq Ordubadi massivi adlanan yeni ərazidə məktəb yoxdur. Bu ünvanlarda yaşayan ailələrin övladları qonşu kəndlərin məktəblərinə getməyə məcbur olurlar, bu da şagird sıxlığına səbəb olur. Bəzi siniflərdə 30-35, hətta 40-45 şagird var. Bu isə tədrisin keyfiyyətinə birbaşa təsir edir".

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm