Növbəti hərraca 148 dövlət əmlakı çıxarılıb
Bizi izləyin

Əmlak

Növbəti hərraca 148 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Publika.az xəbər verir ki, bu dəfə müxtəlif çeşidli 148 dövlət əmlakı hərraca çıxarılacaq. Bunlardan 25-i səhmdar cəmiyyətləri, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Sözügedən səhmdar cəmiyyətlərə “Salyan Broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” və digər bu kimi səhmdar cəmiyyətləri aid etmək olar.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 170 min manata yaxındır.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Yevlax, İsmayıllı, Sabirabad, Yevlax, Zərdab, Şirvan, Xızı bölgələrində və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 19 kv.m ilə 4 min 386 kv.m arasında dəyişir. Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.

Hərracda daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatını nümunə kimi göstərmək olar. Əmlakın ümumi faydalı sahəsi 4 min 386 kv.m-ə torpaq sahəsi isə 44 min kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilir.

İnvestorlar üçün əlverişli qazanc sahəsi Şəki istirahət zonasıdır. Əmlakın ümumi faydalı sahəsi 372 kv.m-ə, torpaq sahəsi isə 10 min kv.m-ə yaxındır.

Xatırladaq ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 37-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 547 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm