Türkiyədən mənzil almaq istəyənlərin DİQQƏTİNƏ - Ekspert AÇIQLADI
Bizi izləyin

Əmlak

Türkiyədən mənzil almaq istəyənlərin DİQQƏTİNƏ - Ekspert AÇIQLADI

Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanının yaydığı məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 137 obyekt daha çoxdur.

Publika.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, Türkiyəyə işləmək və ya yaşamaq üçün gedən vətəndaşlarımızın sayı xeyli dərəcədə artıb. Onun sözlərinə görə, bu da təbii olaraq Türkiyədə daşınmaz əmlak, xüsusilə də mənzil alqı-satqısında azərbaycanlıların payını artıran əsas səbəblərdən biridir:

“Eyni zamanda burada qonşuluq münasibətləri, din, adət-ənənə, xalqların yaxınlığı və digər formada bağlılıqlar kimi məsələlər ciddi rol oynayır. Nəzərə almaq lazımdır ki, Türkiyə hüquqi baxımdan da investisiya qoyuluşları üçün əlverişli ölkədir. Bu ölkəyə investisiya qoyuluşlarında risklər olduqca aşağıdır. Məsələn, qonşu Rusiyaya, Gürcüstana, eyni zamanda Qazaxıstana, Ukraynaya investisiya qoyuluşlarının artımı müşahidə olunur. Amma paralellər aparsaq görərik ki, Türkiyədə adını qeyd etdiyim ölkələrlə müqayisədə risklər olduqca aşağıdır. Burada söhbət hüquqi, siyasi və digər risklərdən gedir. Məsələn, bu gün Türkiyə gəlirlilik baxımından Rusiyanın mərkəzi şəhərləri ilə müqayisədə zəifdir. Ancaq hüquqi baxımdan daha üstündür. Eyni zamanda, Gürcüstanda da problemlər və risklər var, amma bu, Türkiyədə yox səviyyəsindədir. Sadaladağımız faktorlar Türkiyəyə azərbaycanlıların getmək imkanlarını artırır. Türkiyədə yaşamaq və işləmək üçün məskunlaşan azərbaycanlıların sayı artdıqca, təbii olaraq oradan daşınmaz əmlak alan insanların sayı da artır”.

Ekspert bildirib ki, Azərbaycanla müqayisədə Türkiyədə daşınmaz əmlak qiymətləri yüksəkdir: “Türkiyənin ikinci və üçüncü dərəcəli şəhərlərindəki qiymətlər bu gün Bakının 2-ci və 3-cü dərəcəli bölgələri ilə müqayisədə yüksəkdir. Məsələn, İzmir, Antalya, Bursa kimi şəhərlərdə mənzilin bir kvadratmetri təqribən 1200 dollardan başlayır ki, bu da paytaxtın Nərimanov, Yasamal və Nəsimi rayonlarının bir hissəsi ilə müqayisədə yüksəkdir. Ancaq buna baxmayaraq, həmin şəhərlərdə əmlakın gəlirlilik əmsalı və gəlirlilik dərəcəsi Bakı ilə müqayisədə daha yuxarıdır”.

R.Osmanlı hesab edir ki, lirənin dəyərdən düşməsi fonunda Türkiyədə daşınmaz əmlak bazarında qiymətlər dəyişməz olaraq qalacaq: “Düşünmürəm ki, Türkiyədə mənzillərin qiyməti ucuzlaşsın. Aparılan təhlillər də göstərir ki, Türkiyə bazarında bu gün bazara çıxarılan əmlaklarda qiymət təklifində dolların və avronun çəkisi türk lirəsini üstələyib. Yəni, əksər şirkət və iş adamları bazara əmlakı çıxararkən onun qiymətini daha çox dollar və avro ilə müəyyən edir. Buna görə də qiymətlərdə ucuzlaşmanın olacağını düşünmürəm. Lirənin dəyərdən düşməsi əslində, qiymət artımına daha çox təsir göstərən amildir”.

Qeyd edək ki, məlumata görə, 2021-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-ci ilin sentyabrından 21 obyekt azdır. 2021-ci ilin sentyabr ayında Türkiyədə 147 143 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Sentyabrda Türkiyədə 6 630 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm