Dünyanı hələ belə görməmişdiniz - FOTOLAR
Bizi izləyin

Foto

Dünyanı hələ belə görməmişdiniz - FOTOLAR

Baş verən hadisələrə hardan və necə baxmağımızdan asılı olaraq, fərqli mənalar veririk. Bizim fərd olaraq, maraqlarımızdan, təcrübəmizdən, həyatımızda nələri əsas götürməyimizdən asılı olan bu tendensiya kollektiv vahid şüur olaraq toplumda da özünü göstərir.

Yəni, eyni keyfiyyət fərdlərin təşkil etdiyi bütöv bir cəmiyyətə, millətə və xalqa da şamil edilir. Necə ki, ayrı-ayrı xalqların, toplumların bir-birindən kəskin şəkildə seçilən adət-ənənələri formalaşıb.

Eyni zamanda dünya siyasətində də buna yönəlik çox sayda nümunə var. Başqa sözlə desək, bu tendensiya müasir dünya siyasətinin də əsas şifrəsidir.

Publika.az bunu Rusiya, Avropa, Çin, Avstraliya, Çili və Cənubi Afrikanın bir-birindən fərqli dünya xəritələrininin timsalında təqdim edir. Bu fərqliliklər xəritələr tərtib edilərkən müəlliflərin üç əsas şərtdən hansını seçməsindən irəli gəlir:

Şərq və qərbə əsaslanaraq xəritənin mərkəzinin seçilməsi

Şimal və cənuba əsasən xəritənin mərkəzinin seçilməsi

Hansı növ proeksiyanın tətbiq edilməsi

Rusiyanın dünya xəritəsi

Rusiya xəritəsi şərq və qərbə əsasən mərkəzləşdirilmə ilə tərtib edilib. Dünyanın mərkəzi şaquli oxu Moskvadan keçir. Amerika qitəsi və Avstraliya dünya periferiyası (sərhəd xətləri) təşkil edir. Sakit okean isə vahid və bütöv məkan olaraq təsvir edilib.

Avropanın dünya xəritəsi

Şaquli mərkəzi ox Londondan keçir. Rusiyada olduğu kimi hər iki Amerika və Avstraliya dünya periferiyasını təşkil edir. Lakin Sakit okean burada vahid və bütöv müstəvi deyil. Eyni zamanda xəritənin tərtibatında şimal və cənuba əsasən mərkəzləşdirmə əsas götürülüb. Beləliklə də Cənubi Amerika, Cənubi Afrika və Avstraliya Şimali Amerika və Avrasiyaya nisbətən kiçik görünür.

ABŞ-ın dünya xəritəsi

Şaquli mərkəzi ox ABŞ-dan keçir. Amerika üç okeanın əhatəsində adaya bənzəyir. Avropa xəritəsində olduğu kimi şimal və cənuba əsasən mərkəz təyin edilib. Buna görə də burada da Şimali Amerika və Avrasiyanın ölçüləri Cənubi Amerika, Cənubi Afrika və Avstraliyaya nisbətən böyük görünür. Xəritənin bu tərtibatı sıravi amerikalını çaş-baş salır. Çünki burada Rusiya, Çin və Avstraliya iki yerdə - həm şərqdə, həm də qərbdə mövcuddur.

Çinin dünya xəritəsi

Çin xəritəsi də şərq və qərbə əsasən mərkəzləşdirilib. Çin öz siyasi xəritəsində Sakit okeanın qərbində yerləşir. Bu tərtibatda dünya periferiyasını təşkil edən Avropa və Afrikadan başqa, Sakit okeanın bütün qitələrə çıxışı var.

Avstraliyanın dünya xəritəsi

Burada da ümumi stereotip özünü göstərir. Vacib olan, dominant hesab edilən yuxarıda yerləşir. Avstraliya hökuməti dünyanın mərkəzi şaquli oxunu öz materikindən keçirməklə kifayətlənməyərək, 180 dərəcəlik bir çevrilmə də edib. Beləliklə də qarşımızda olduqca fərqli bir mənzərə yaranır. Burada ABŞ-a nisbətdə materik üç okeanın əhatə etdiyi adaya bənzəyir. Ən maraqlısı isə cənubda görməyə adət etdiyimiz Antarktidanın yuxarıda bir yerlərdə gizlədilməsidir.

Cənubi Afrikanın xəritəsi

Cənubi Afrika da analoji olaraq Avstraliya kimi yuxarıda yerləşir. Beləliklə biz onu aşağıdakılar üzərində dominant mövqe sahibi kimi qəbul edirik. Cənubi Afrika iki okean (Hind və Atlantik) arasına sığışmış yarımada kimi görünür. Sakit okeanla Rusiya dünya periferiyasını təşkil edir.

Çilinin dünya xəritəsi

Bu xəritə Hərbi Geoqrafiya İnstitutunun sifarişi ilə məktəb dərslikləri üçün hazırlanıb. Cənubi Afrika və Avstraliyada olduğu kimi burada da xəritə tərsinə çevrilmiş formatda tərtib edilib. Məqsədsə digərlərində olduğu kimi eynidir. Yuxarıda olan güc sahibidir. Xəritənin mərkəzi şaquli oxu Sakit okeandan keçir. Bu da müasir Çili siyasətindən qaynaqlanır. Belə ki, müasir Çili Sakit okean hövzəsində vacib mərkəz olmağı əsas hədəf olaraq qarşıya qoyub. Bu plana əsasən Çili Çin siyasətinə yaxınlaşmış olur. Onların hər ikisində də Afrika və Avropa dünya periferiyasını təşkil edir.

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm