"Bilik Günü"ndən FOTOREPOERTAJ
Bizi izləyin

Foto

"Bilik Günü"ndən FOTOREPOERTAJ

Bu gün ölkəmizdə 15 sentyabr "Bilik günü” qeyd olunur. Balacaların ilk zəngi, ilk həyəcanı, cəmiyyətə ilk sərbəst addımının birinci günüdür. Məktəb həyatına ilk dəfə qədəm basan birincilərin səbirsizliklə gözlədiyi bu gün valideynlərin sevinci, balacaların da bir az gülüş, bir az göz yaşları ilə maraqlı xatirəyə çevrilir. Bu bayrama şahidlik etmək, şagirdlərin sevinc və həyəcanlarını paylaşmaq üçün 288 saylı tam orta məktəbə yollandıq.

İlk zəng...

Bu gün bütün məktəblərin həyətində böyük izdiham var. Burada da həmin izdiham müşahidə edilirdi. Amma onu deyək ki, məktəb həyətində şagirdlərdən daha çox onlara dəstək olmaq üçün valideynlər, qohumlar, qonşular, dostlar yığışmışdı. Hərdən müəllimlər öz siniflərinə yazılan birinciləri tapmaqda çətinlik çəksələr də, nəticə etibarilə bütün birincilər nəzarətçilərin köməyi yerdə yazılan hərflərə müvafiq olaraq öz sıralarına düzüldülər. Dövlət himni oxundu. Məktəb kollektivi birinciləri salamladı, valideynləri təbrik edib birincilərə ilk dərs ilində, digər şagirdlərə isə yeni tədris ilində uğurlar arzuladı.

Bu gün məktəbə ilk dəfə qədəm qoyan bu fidanlar Azərbaycanın gələcəyidir. Gələcəkdə savadlı müəllim, peşəkar həkim, bəlkə də güclü hüquqşünas olacaq bu şagirdlərin qazanacağı uğur hər birimizindir. Bu da ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün çox önəmlidir. İlk zəng çalındı və uşaqlar məktəbə daxil oldular. Daha çox həyəcanlı görünən birinci sinif şagirdləri gül çələnglərini müəllimlərinə təqdim edərək ilk tanışlığa başladılar.

"Qorxma, yanındayam..."

Uşaqlar qruplara bölünərək sinif otağına getməyə başladılar. Elə bu zaman gülüş səsləri hıçqıra-hıçqıra ağlayışlarla əvəz olundu. Valideynlərin bir hissəsi sinif otaqlarına qədər getsə də, bir qrup valideynlər işə tələsdiklərindən balacaları sinif rəhbərinə təhvil verib gedirdi. Sinif otağında stol arxasına keçən birincilər əvvəlcə 11 il eyni stolu bölüşəcəkləri parta yoldaşlarını, daha sonra sinif rəhbərlərini tanımağa başladılar. Valideynlərin sinif otağını tərk etmək zamanı gəldi. Uşaqlardan biri "Ana, qorxuram" deyə səslənir. Sinif rəhbəri uşağa yaxınlaşaraq "qorxma, yanındayam" deyərək uşağa psixoloji cəhətdən dəstək olur. Yavaş-yavaş onlar yeni həyatlarına, yeni dərs ilinə başlayırlar. Biz isə bu gözəl mənzərəni bir neçə fotolarda əbədiləşdirərək, birincilərlə sağollaşıb həyatımıza qaldığımız yerdən davam edirik.

Publika.az "Bilik Günü"ndən maraqlı fotoları təqdim edir:

Könül Cəfərli,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm