Müharibənin ən məsum qurbanları: Xocalı uşaqları... - - FOTOLAR
Bizi izləyin

Foto

Müharibənin ən məsum qurbanları: Xocalı uşaqları... - - FOTOLAR

Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, əzəli torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

SSRİ-nin süqutundan dərhal sonra isə yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdən-biri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Azərbaycan Fotoqraflar Birliyi Xocalı faciəsinin anım günü ilə əlaqədar “Müharibə uşaqları” virtual foto albomunu təqdim edib.

Fotolarda Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulmuş məcburi köçkün və qaçqın uşaqların faciədən sonra yaşadığı düşərgələrdəki həyatı əks olunub. Virtual albomda Mirnaib Həsənoğlu, İlqar Cəfərov, Vüqar İbadov, Elnur Babayev, Oleq Litvin və Şahvələd Ayvazovun fotoları yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm