Danimarkadan Azərbaycana dəstək: BMT-yə məktubu ünvanladı
Bizi izləyin

İqtisadi gündəm

Danimarkadan Azərbaycana dəstək: BMT-yə məktubu ünvanladı

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar BMT-nin Baş katibi Pan Gi Muna, Danimarkanın Xarici İşlər naziri Kristian Censenə, Danimarka Xarici Siyasət Komitəsinin sədri Soren Espersenə, həmçininin, Danimarka parlamentinin deputatlarına etiraz məktubu ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, məktubda işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlıq ifadə edilib.

Bildirilir ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün səylər göstərir: “Aprelin 2-ə keçən gecə erməni hərbi birləşmələri cəbhə bölgəsində dinc əhalini atəşə tutaraq atəşkəsi pozublar. Ermənilər tərəfindən ağır hərbi texnikanın istifadə edilməsi nəticəsində mülki vətəndaşlar arasında ölən və ağır yaralananlar olub”.

Etiraz məktubunda bildirilir ki, uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi təxribatlar, hücumlar nəticəsində xeyli sayda hərbi qulluqçular və dinc sakinlər həlak olub.

“Azərbaycanın əsas məqsədi sülhün və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı təcavüzkarlıq siyasəti apararaq torpaqlarımızın 20 faizini işğal altında saxlayır . Bunun nəticəsi olaraq bir milyondan artıq insan evsiz və torpaqsız qalıb. Bu faktlara baxmayaraq, Azərbaycan sülhə nail olmağa və əhalinin təhlükəsizliyini qorumağa çalışır”, - deyə məktubda vurğulanır.

Məktubda Ermənistan dövlətinin Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi diqqətə çatdırılır. Dünya icitmaiyyətindən isə tələb edilir ki, erməni qəsbkarlarını işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmağa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə vadar etsinlər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm