Maliyyə ehtiyatlarımız ilə xarici borc arasında məsafə azalsa...
Bizi izləyin

İqtisadi gündəm

Maliyyə ehtiyatlarımız ilə xarici borc arasında məsafə azalsa...

Maliyyə ehtiyatlarımız ilə xarici borc arasında məsafə azala bilər...

Avropa İttifaqı (Aİ) maliyyə ehtiyatları və dövlət borcumuzun səviyyəsinə görə iqtisadiyyatımızın xarici mövqeyini yüksək dəyərləndirib. Azərbaycanın iqtisadi vəziyyətinin yaxşı olduğunu göstərən amillərdən ən mühümü şübhəsiz ki, xarici dövlət borcu ilə əlaqədardır. Bu sahədə inkişaf etmiş ölkələrlə müqayisədə olduqca yaxşı vəziyyətdəyik. Onların əksəriyyətində xarici dövlət borcu ümumi daxili məhsul (ÜDM) həcminin 100 %-i ətrafında və yuxarı olduğu halda, bizdə ilin əvvəlinə 4,753.2 milyon manat təşkil etməklə 8,2 % səviyyəsindədir.

Üstəlik, valyuta ehtiyatlarımız da yüksək səviyyədədir və artmaqdadır. Keçən ilin nəticəsinə görə, 50 milyard ABŞ dollarını keçib. Bu məbləğ xaricə dövlət borcu səviyyəsini az qala 10 dəfə üstələyir. Ümumiyyətlə, hazırda strateji valyuta ehtiyatlarımızın ÜDM-ə nisbəti 70 %-ə yaxın təşkil edir ki, Azərbaycan dünyada buna görə 20 ölkədən biri sayılır.

Sözün qısası, ölkəmizin xarici dövlət borcunun real səviyyəsi nəyinki təhlükəli həddə deyil, ona xidmət üzrə dövlət büdcəmiz də xeyli geniş imkanlara sahibdir. Bundan əlavə, strateji valyuta ehtiyatlarımız nöqteyi-nəzərindən hökumət xaricə borcu hər an bağlaya bilər.

Ancaq iş ondadır ki, bu, hər şey demək deyil. Aİ-nin Avropada Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair sözügedən hesabatında ökənin tədiyyə balansında cari əməliyyatların qeyri-neft sektoru hesabına dair kəsirinin ÜDM-in 17,4 %-i səviyyəsində olduğu da diqqətə çatdırılıb ki, bu da dövlət məqsədilə qeyri-neftə aid məhsulların idxalı və nef-qaz sektoruna birbaşa xarici investisiyalarla izah olunub.

Hesabatda Azərbaycanın dövlət xərclərinin böyük hissəsinin karbohidrogen məhsullarının satışı hesabına maliyyələşdirildiyi nəzərə çatdırılıb. Sənəddə 2013-cü ildə dövlət büdcəsinin ÜDM-in 0,47 %-i səviyyəsində profisitlə yerinə yetirilməsi gəlirlərin 58,43 %-nin Dövlət Neft Fondundan transfertlər hesabına əldə olunması ilə əlaqələndirilib.

Odur ki, maliyyə ehtiyatları və dövlət borcumuzun səviyyəsi arasındakı fərq əslində, yaxın gələcəkdə itirilə bilər. O səbəbdən ki, hasilatın enməkdə olması neft gəlirlərini azaldacağından strateji valyuta ehtiyatlarımızın indiki artım sürəti gec-tez səngiyəcək. Ümumiyyətlə, neft gəlirlərimizin azalmaqda olduğunu nəzərdən qaçırmaq olmaz. 2010-cu ildə ölkəmizdə 50795,5 milyon ton neft hasil olunmuşdu ki, bu, ən yüksək nəticə idi. 2009-ci ildə 50419,3 milyon ton təşkil etmişdi. 2011-ci ildə isə birdən-birə 5170,1 milyon ton azalma baş verərək, hasilat 45625,4 milyon ton təşkil etdi. 2012-ci ildə neft hasilatı üzrə proqnoz 46 milyon tona bərabər olsa da, 43,0 milyon (5,3 % az) əldə edildi.

Düzdür, 2013-cü il üçün isə 43,2 milyon ton proqnozlaşdırılsa da Azərbaycan 43,5 milyon ton neft hasil etdi. Halbuki, sözügedən ildə proqnozların özünü doğrultmayacağı və bəzi müşahidəçilərə görə 2013-cü ildə maksimum 40-41 milyon ton neft hasil olunacağı deyilmişdi.Sözümüz bunda deyil.

Digər tərəfdən, xarici borc səviyyəsi isə hazırda az olsa da artır. Bu da vacib prosesdir. O səbəbdən ki, ölkəmizin beynəlxalq maliyyə qurumlarıyla əməkdaşlığı davam edir. Və ölkənin xarici dövlət borcuna dair hökumətin açıqladığı məlumatda da göstərilir ki, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, o cümlədən digər beynəlxalq maliyyə qurumlarıdan cəlb etdiyi vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, elektrik stansiyalarının tikintisi və bərpası, aviasiya, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika kimi sahələrə sərf edilir.

Bu gün kənardan borc alınmasında məqsəd heç də vəsait əldə etmək deyil, ölkəyə yeni texnologiyaların gəlməsinə və mütəxəssis axınına nail olmaqdır. Düzdür, hökumət yaxın 5 ildə Azərbaycanın xarici dövlət borcunun səviyyəsini ÜDM-in 10 %-i həcmində saxlamağı nəzərdə tutur.

Ancaq neft gəlirlərinin azalmaqda olması ilə əlaqədar strateji valyuta ehtiyatlarının artım sürəti səngiyəcək ki, həmin resurslardan xərcləri də nəzərə alsaq, xarici borc səviyyəsi ilə aradakı məsafə istər-istəməz daralacaq.Bəs, nə etməli?

2013-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcminin 6,3 milyard dollar təşkil etdiyi və burada neft-qaz sektorunun xüsusi çəkisinin 82,4 % səviyyəsində olduğu deyilir. Bu investisiyalar Azərbaycan ərazisində əsasən "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsinə sərf edilib. Qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 1,108 milyard dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 17,6 %-ini təşkil edib.

Sual yaranır ki, dövlət xərclərinin böyük hissəsinin karbohidrogen məhsullarının satışı hesabına maliyyələşdirildiyi ölkədə iqtisadiyyata cəlb edilmiş xarici kapitalın ümumi həcminin 82,4 % hissəsinin neft-qaz sektoruna yatırılması nə dərəcədə səmərəlidir? Üstəlik, keçən il investisiyaların ümumi həcmindən 76,7 %-i daxili investisiyaların payına düşüb ki, artıq bir neçə ildir davam edən bu tendensiyaya uyğun olaraq 28 milyard dolların 17,5 milyardı daxili sərmayə olub. Düzdür, 2013-cü ildə xarici mənbələrdən əsas kapitala 5 milyard manata yaxıb vəsait yönəldilib.

Ancaq 23,3 % olduqca kiçik rəqəmdir.

Yuxarıda da qeyd etdik ki, Aİ-nin hesabatında ökənin tədiyyə balansında cari əməliyyatların qeyri-neft sektoru hesabına dair kəsirinin ÜDM-in 17,4 %-i səviyyəsində olması qeyri-neftə aid məhsulların idxalı və nef-qaz sektoruna birbaşa xarici investisiyalarla izah olunub. Deməli, təcili şəkildə iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafında ixrac yönümlüyünə nail olmalı və ölkəyə cəlb olunan xarici investisiyaların neft-qaz sektorunda xüsusi çəkisini azaltmaq yolu ilə qeyri-neft sektoruna yatırım stimullaşdırılmalıdır.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm