Yanacaq məhsullarının qiymətlərinin sərbəstləşdirilməsi niyə səmərəlidir...
Bizi izləyin

İqtisadi gündəm

Yanacaq məhsullarının qiymətlərinin sərbəstləşdirilməsi niyə səmərəlidir...

Yanacaq məhsullarının qiymətlərinin buraxılması niyə səmərəlidir...

Bazar iqtisadiyyatında dövlətin əsas vəzifələrindən biri həm də istehlaka nəzarət etməkdir. Bunun ən səmərəli yolu isə qiymətlərin düzgün tənzimlənməsindən keçir. Bizdə qiymətlərin tənzimlənməsi dedikdə isə bütün növ tariflərin nədənsə, dövlət tərəfindən müəyyən edilməli olduğu başa düşülür.

Halbuki bazar ən düzgün tənzimləyici sayılır.Keçən ilin dekabrın 3-dən ölkədə yanacaq məhsullarının qiymətləri 25-33 % artırılarkən çoxları bunun əleyhinə çıxış etdi. Ancaq buna hələ xeyli əvvəl ehtiyac olduğu görünürdü. O səbəbdən ki, yanacaq məhsullarına tələbatın ildə 10-12 % artması bunu çoxdan vacib sayırdı. Ümumiyyətlə, daxili bazarda bu və ya digər strateji məhsula təklif əgər tələbi ödəmirsə və vəziyyətdən çıxış yolu idxala və yaxud bunu genişləndirməyə qalırsa, deməli tariflər dəyişdirilməli, ya da sərbəst buraxılmalıdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bir sıra yanacaq məhsullarının ixracını azaltması və kəsməsinə münasibətdə yazmışdıq ki, ölkədə neft məhsullarına, xüsusən də benzinə tələbatın nizamsız artımının qarşısını almaq lazımdır. Bunun üçün isə yanacaq məhsullarından asılı sahələri nəzarətə götürmək, enerji istehsalı, nəqliyyat sektorunda fəailiyyət və daşımalarda benzindən və dizeldən istifadə maksimum səviyyədə səmərəli təşkil olunmalıdır.

O cümlədən, bilavasitə ARDNŞ-in hasil etdiyi nefti emala yönəltmədən əvvəl, ölkəyə zəruri yanacaq növlərinin - benzinin idxalı məsələsini də nəzərdən keçirməyi və bunun səmərəlilik dərəcəsini hesablamağı təklif etmişdik. O səbəbdən ki, bu, daxili bazarda əlverişli rəqabət yarada bilər. Bəlli olduğu kimi Azərbayca Beynəlxalq Əməliyyat Şirkətinin hasil etdiyi neft emal oluna bilməz. Sözümüz bunda deyil.

Sual yarana bilər ki, yanacaq məhsullarının sözügedən qiymət artımı səmərə verdimi?

Məsələ bundadır ki, ən azı isteklak səviyyəsi aşağı düşmüşdür. Ölkədə ilin ilk 2 ayının nəticələrinə görə, daxili bazarda neft məhsulları istehlakı 6,7 % azalmışdır. İqtisadiyyatda ümumi artım prosesi fonunda bu və ya digər istiqamətdə istehlakda azalma baş verərsə bu, sözsüz ki, keyfiyyətli inkişafdan xəbər verir. Müqayisə üçün qeyd edək ki, keçən ilin yanvar-fevral aylarında 2012-ci ilin eyni dövrünə nisbətdə isə 28 %-dən çox artım əldə olunmuşdu.

Ümumiyyətlə, daxili bazarda ilin əvvəlindən avtomobil yanacağının azalması qeydə alınmışdır. Cari ilin ilk 2 ayının nəticələrinə görə, daxili bazara 192,8 min ton avtomobil benzini yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 min ton az təşkil edib. Yəni, bazarda gündəlik avtomobil benzininə olan tələbatda bu ilin əvvəlindən 55,9 ton azalma əldə olunmuşdur. Dizel yanacağına gəldikdə 2 ayın nəticəsinə görə, daxili bazara 173,6 min ton yanacaq yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 min ton və ya gündəlik tələbatda 379,6 ton az olub.

Göründüyü kimi təkcə 2 ay ərzində isteklakda xeyli qənaət əldə olunmuşdur. Diqqət yetirin ki, ölkədə yanacaq məhsullarının istehlakında nə qədər ciddi israfçılıq hökm sürür. Odur ki, sual yaranır: belə şəraitdə tələbatı ödəmək mümkündürmü?

İstehsal nə qədər artırılsa da bunun öhdəsindən gəlmək əsla, mümkün deyil.

Lakin qiymətləri artırmaq da yeganə çıxış yolu sayılmır. Azərbaycanda sözügedən məhsulların topdansatış və pərakəndə satış qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi və buna Tarif (qiymət) Şurasının baxması nə qədər əhəmiyyətli olsa da bazarı operativ və düzgün idarə etmək - vəziyyətə hərtərəfli nəzarət etmək mümkün deyil. Ümumiyyətlə, Tarif Şurasının hər bir qərarının bazarın bütün tələblərinə cavab verdiyini düşünmək absurd sayılır. Təkrar edirik ki, Azərbaycanda sözügedən qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin böyük əhəmiyyəti vardır.

Əks halda, indiyə qədər xaos yaranmışdı.

Bununla belə, bazarda tələb fasiləsiz olaraq dəyişir. Odur ki, bəzi növ yanacaq məhsullarının tariflərini buraxmaq tələb olunur. Ancaq qiymətlər keçən ilin dekabr ayının 3-dən yüksəldilərkən ARDNŞ prezidenti Rövnəq Abdullayev Aİ-95 markalı benzinin də qiymətini Aİ-98 kimi sərbəst buraxmaq lazım gəldiyini söyləyəndə bəzi ekspertlər bunu “top” atəşinə tutdu.

Halbuki diqqət yetirək ki, 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçiddən sonra isə Aİ-98 markalı benzin 1,5 manatdan 1,03-ə endi. Düzdür, bunda Nazirlər Kabinetinin (NK) 7 fevral 2014-cü il tarixli qərarının rolu var.

Lakin əsas səbəb bu deyil.

Aİ-98 markalı benzinin qiymətinin 1,5 manatdan 1,03-ə enməsi bilavasitə tələbatla bağlıdır. Aİ-98 markalı benzini ölkəmiz kənardan alır. Və rəqəmlərə diqqət yetirsək, ötən il cəmi 179,8 ton (3 vaqon-sistern) Aİ-98 gətirilmişdir ki, bu da ölkədə sözügedən benzin növünə olduqca cüzi ehtiyac olduğunu göstərir.

Bu baxımdan, NK-nin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunacaq Avro-5 ekoloji normalarına uyğun Aİ-95 benzinin də dövlət tərəfindən tənzimlənən mallar siyahısından çıxarılması zəruri idi. Bu növ avtomobil benzininin daxildə istehlak payı isə 10 % təşkil edir. Ümumiyyətlə, Aİ-95 markalı benzinin ölkə üzrə istehsal edilmiş avtomobil benzinlərində xüsusi çəkisinin cəmi 5 %-ə yaxın təşkil etdiyi deyilir.

Fikrimizcə, yanacaq məhsulları sarıdan ölkənin daxili bazarında keyfiyyətə, real qiymətlərə və şəffaflığa nail olmaq istəyiriksə qiymətlərin sərbəst buraxılmasına öyrəşməliyik. Çünki dövlətin əlində onsuz da kifayət qədər tənzimləyici vasitələr vardır.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm