Türkdilli ölkələr arasında ticarət dövriyyəsi genişləndirilir - TARİXİ BAKI GÖRÜŞÜ
Bizi izləyin

İqtisadi gündəm

Türkdilli ölkələr arasında ticarət dövriyyəsi genişləndirilir - TARİXİ BAKI GÖRÜŞÜ

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib.

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edib.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləşdirilməsi imkanları müzakirə olunub. Çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu ilin yanvar–oktyabr ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Bunun 1,2 mlrd. dolları idxal, 900 mln. dolları isə ixracın payına düşüb.

Nazir deyib ki, Azərbaycanın Türkiyəyə qoyduğu ümumi investisiyaların həcmi 8 mlrd. dollar təşkil edir:

“Bunun da böyük hissəsi Azərbaycanın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisinə yatırılıb. 2020-ci ilə qədər Azərbaycan Türkiyəyə yatıracağı investisiyaların həcmi 18-20 mlrd. dollar təşkil edəcək. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 10 mlrd. dollar təşkil edir ki, bunun da 2 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yatırılıb”.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın Qazaxıstana qoyduğu investisiyaların həcmi 190 milyon dollar təşkil edib:

“Bu ticarət əlaqələrinin əsas kapitalı Aktau dəniz limanının yaradılmasıdır. Qazaxıstan isə Azərbaycana 67 milyon dollarlıq investisiya qoyub”.

Nazir vurğulayıb ki, son dövrlər türkdilli dövlətlər arasında ixrac-idxal əməliyyatı xeyli azalıb. Nazir Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan bir-biri ilə idxal-ixrac əməliyyatlarını artırmağı təklif edib:

“Bu ölkələr istehsal etdiyi məhsulları bir-birinə ixrac etməlidir və öz ticarət dövriyyəsini artırmalıdır. Azərbaycan bu ölkələrə çay və bir çox kənd təsərrüfatı məhsulları ixrac edə bilər. Bu gün Azərbaycan, Türkiyə və Qazaxıstanı birləşdirən Bakı-Tbilisi-Ceyhan boru kəməri mövcuddur. Yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti də işə başlayacaq. Bu layihələr bütün ölkələrin ticarətinin artırmasına imkan verəcək.

Türkdilli ölkələr arasında tranzit potensialı artırılmalıdır. Ölkələr arasında qarşılıqlı turizmin təşviq edilməsinə böyük potensial var. Birgə turizm şirkətlərinin yaradılmasın üçün böyük imkanlar var”.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybedkçi isə bildirib ki, türkdilli ölkələr eyni tarixi yaşayır, eyni dili danışır:

“Biz eyni süfrədən eyni çörəyi yeyirik. Bizim coğrafiyamız, tariximiz, keçmişimiz və gələcəyimiz bir taledir. Bu taleyi paylaşmaq bir qürurdur. Biz eyni dildə danışırıq”.

Türkiyəli nazir bildirib ki, Türkdilli Dövlətlərin bir-biri ilə iqtisadiyyatı güclü olmalıdır:

“Bunun üçün aramızdakı ticari əlaqələrini artırmalıyıq. Bu baxımdan iqtisadiyyat nazirlərinin bu görüşünü olduqca önəmli sayırıq. Türkiyə bu gün dünyanın 16-cı böyük iqtisadiyyatına malik ölkəsidir. Hazırda Türkiyə dünyanın bir çox ölkələri ilə ümumilikdə 430 milyard dollarlıq yatırıma sahibdir. Ancaq Türkdilli Dövlətlər arasında heç bu məbləğin 1%-nə sahib deyilik. Bütün türkdilli ölkələr öz milli valyutalarını gücləndirməlidir:

“Ölkələrimiz arasında enerji və neftin qiymətlərinin düşməsi səbəbindən 30-40% azalma qeydə alınıb”.

N.Zeybekçi türkdilli ölkələr arasında onlayn ticarətin gücləndirilməsi barədə danışıb:

“Çində bir onlayn ticarət saytı bir gündə məhsulun satışından 18 milyard dollar gəlir əldə edir. Biz bu sahəni genişləndirməliyik. Bu sahə bizim ölkələrimiz arasında mövcud ticarəti əlaqələri və sərmayələri artıracaq”.

Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Aydar Aripkhanov isə deyib ki, türkdilli ölkələrin öz aralarında ticarət dövriyyəsini artırmaq üçün Xəzər dənizi böyük önəm daşıyır. O bildirib ki, Aktau limanın inşası Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsini artırıb. Onun fikrincə, hazırda Xəzər dənizində inşa olunan Kırık limanı da bu ticarət dövriyyəsini ikiqat artırmağa imkan verəcək.

Qazaxıstanlı nazir müavini də ölkəsinin türkdilli ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına dəstək verəcəyini bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm