Sabit Bağırov: "Risksiz və hər an pula çevrilən yatırımdır..." - VİDEOMÜSAHİBƏ
Bizi izləyin

İqtisadi gündəm

Sabit Bağırov: "Risksiz və hər an pula çevrilən yatırımdır..." - VİDEOMÜSAHİBƏ

Azərbaycan vətəndaşları üçün yatırım imkanları, əhalinin bu sahədəki vərdişləri və hazırda ölkədə mövcud olan investisiya alətləri, o cümlədən SOCAR istiqrazları ilə bağlı APA-nın suallarına Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov cavab verir.

- Sabit müəllim, SOCAR İstiqrazlarının Azərbaycan qiymətli kağızlar bazarına xeyri oldumu?

- SOCAR-ın İstiqrazlarının, təbii ki, Azərbaycan iqtisadiyyatına, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına xeyri az olmadı və getdikcə də bu təsir artacaq. Yəni, bu baxımdan sanki Azərbaycan investoru üçün yeni bir alət yarandı. Azərbaycan investoru SOCAR İstiqrazlarına kifayət qədər böyük maraqla yanaşdı. Məndə olan məlumata görə, bu istiqrazlara sifarişlər hətta iki dəfədən artıq olub. Hər istiqrazın qiyməti 1000 dollar olmaqla, cəmi 100 milyon dollarlıq istiqraz buraxılmışdı. Amma istiqrazları almaq üçün müraciətlər 200 milyonun üstündə idi. İstiqrazların buraxılması ilə təkcə investorlar və qiymətli kağızlar bazarı deyil, ümumilikdə qiymətli kağızların infrastruktur subyektləri də müəyyən inkişaf potensialını əldə etdilər. Bunlar broker şirkətləri və müxtəlif bazar oyunçularıdır. Yəni, əlbəttə ki, SOCAR tərəfindən bu istirqazların buraxılması Azərbaycan iqtisadiyyatında müsbət bir hadisə oldu.

- Əhalinin bir hissəsinin istiqrazlar haqqında təsəvvürü çox az, bir hissəsinin isə neqativ idi. Sizcə, SOCAR–ın buraxdığı bu istiqrazlar bu fikirlərdə dəyişiklik yaratdımı?

- Azərbaycan vətəndaşlarının, investorların bu hadisəyə münasibəti, inamı, etimadı, düşünürəm ki, getdikçə artmaqdadır. Əlbəttə, SOCAR istiqrazları yeni buraxılarkən elanlar veriləndə bəzi insanlar bu hadisəyə inamsız yanaşırdı. Amma əslində biz görürük ki, bu istiqrazlar kifayət qədər etibarlı qiymətli kağızlardır. Yanvarda artıq birinci faizlər ödənildi, təkrar bazarda da alğı-satqı başlayıb, maraq az deyil. Hesab edirəm ki, bunlar müsbət hadisələrdir. Biz bunları dəyərləndirməliyik və ümid edirəm ki, SOCAR bu istiqamətdə addımlarını davam etdirəcək.

- SOCAR İstiqrazlarının ilk abunə yazılışı zamanı onlara tələbat 2 dəfədən artıq oldu. Sizcə, bunun səbəbi nə idi - yeni investisiya alətinə ehtiyac olması, yoxsa SOCAR-a olan etimad?

- Düşünürəm ki, hər iki amil öz rolunu oynadı. Həm SOCAR-a kifayət qədər böyük inam, etimad var, çünki Azərbaycanın ən güclü şirkəti, dövlət şirkətidir və artıq beynəlxalq aləmdə tanınan şirkətdir. Artıq beynəlxalq qiymətli kağız bazarlarında da SOCAR-ın bondları (istiqrazları) satılmaqdadır. Bütün bunları nəzərə alaraq, Azərbaycanda da artıq kifayət qədər bu məsələdən agah olan, qiymətli kağızın nə olduğunu bilən insanlar, şirkətlər var. Təbii ki, onlar dərhal maraq göstərdilər və heç də təəccüblü deyil ki, sifarişlər bu istiqrazların emissiyasını iki dəfədən çox üstələmişdir.

- SOCAR İstiqrazlarını alan şəxslər qazandımı? Yəni, Sizcə, SOCAR İstiqrazları bir investisiya aləti kimi özünü doğrultdumu?

- SOCAR İstiqrazlarını alan insanlar, fikrimcə, heç nə uduzmayıb, əksinə qazanıb. Baxın, bizim vətəndaşlarımız, insanlarımız öz dollar ethiyatlarını ya banklarda saxlayırlar, ya da yastıq altında. Bank faizləri SOCAR İstiqrazları ilə müqaisədə bir çox hallarda daha əlverişsizdir. Yastıq altında saxlanılan dollarların isə inflyasiyaya məruz qalma riski böyükdür. Biz dolların inflyasiya göstəricilərinə baxsaq, görərik ki, misal üçün, 2000-ci ildən indiyədək dollar təxminən 40% dəyərdən düşüb, yəni, son 16 ildə dollar 40% dəyərini itirib. 2010-cu ildən bu yana illəri nəzərdən keçirsək, görərik ki, dolların orta illik inflyasiyası təqribən 2%-dir. Demək, yastığın altında saxlanılan dollarlar hər il orta hesabla 2% dəyərsizləşir. Belə vəziyyətdə, pulu yastığın altında saxlamağın bir üstünlüyü varmı? Xeyr, yoxdur, harasa yatırmalısan. Yaxşı olar ki, əlbəttə, hansısa şirkətin qurulmasında istifadə edəsən, böyük şirkətlərin qiymətli kağızlarını alasan ki, qazanc əldə olunsun. Və bu qazanc istiqamətlərindən biri də məhz SOCAR kimi şirkətlərin istiqrazlarıdır. Bu yeni bir şey deyil, yəni, istiqrazların buraxılması ilə bir çox neft şirkətləri məşğuldur. Uzaq xaricdən yox, elə Rusiyanın şirkətlərini götürsək – Lukoil, Qazprom – onların da artıq 10 ildən çoxdur ki, istiqrazları buraxılır, alınır. Bundan həm şirkət qazanır, yəni şirkətin hansısa digər layihələrə yatırım imkanları yaranır. Amma təkcə şirkət qazanmır axı, həmin istiqrazları alan insanlar, hüquqi şəxslər, yəni, şirkətlər də, təbii ki, qazanır. Çünki əgər sən qazanmısansa, səndə müəyyən dollar ehtiyatı varsa, onu elə-belə yatırımsız saxlamaq, dəyərsizləşməyə məruz qoymaq deməkdir. Ona görə ya şirkət olaraq, ya da şəxs olaraq dolların varsa, mütləq onu düzgün istifadə etmək lazımdır - yastığın altında saxlamaq onu dəyərsizləşdirir. Mən daha öncə qeyd etdim, son 16 ildə dollar 40% dəyərdən düşüb. Hələ bu dollardır, başqa valyutalar daha çox düşüb. Ona görə mütləq əgər kiminsə dollarda, avroda, yendə, funt sterlinqdə və s. valyutası varsa, o pul işləməlidir, qiymətli kağızlara yatırılmalıdır. Əgər sənin ya şirkət açmaq, ya da hansısa şirkətin inkişafına vəsait xərcləməyə həvəsin yoxdursa, bunu başqaları edir, o cümlədən SOCAR. Burada vətəndaşlara tövsiyəmiz ondan ibarət olar ki, belə şeylərdən, xüsusilə də SOCAR kimi dövlət neft şirkətinin təklif etdiyi investisiya alətlərindən faydalansınlar, hansı ki, bu şirkətin arxasında dövlət də var, özü də kifayət qədər nəhəng şirkətdir, beynəlxalq səviyyədə tanınan şirktədir. Düşünürəm ki, dollar ehtiyatları olan insanlar istiqraz alarlarsa, uduzmayacaqlar, əksinə bir az da qazanacaqlar.

- SOCAR İstiqrazları başqa investisiya alətləri ilə müqaisədə hansısa üstünlüklərə malikdirmi? Məsələn, bank əmanəti, əmlaka yatırım və s. ilə müqayisə etsək, SOCAR İstiqrazları hansı üstünlüklərə sahibdir?

- SOCAR İstiqrazlarının əsas üstünlüyü yüksək likvidlik. Bu nə deməkdir? Bu o deməkdir ki, sən istədiyin anda bu kağızları təkrar bazara çıxara bilərsən, sata bilərsən və öz vəsaitini geri qaytara bilərsən. Baxın, bu gün Azərbaycanda şirkət yaradan, yəni investisiya yatıran şirkətlər, nə barədə düşünürlər? «Mən nə qədər qazanacam» - bu tamamilə normal bir şeydir. Amma eyni zamanda istənilən investor, sahibkarlığa vəsait yatıran insan onu da düşünməlidir ki, sabah müxtəlif hadisələr ola bilər və bu şirkəti satmaq istəyər, və ya əmlakı satmaq istəyər. Bu gün Azərbaycanda deyək ki, əmlakın likvidliyi yüksəkdirmi? Qətiyyən yox. Likvidliyin səviyyəsi əvvəlki illərə nisbətən xeyli azalıb. Ona görə də sən şirkət yaradırsansa, öz sərmayəni şirkətə yatırırsansa, mütləq düşünməlisən ki, sabah sənə vəsait lazım olsa, sən o şirkəti sata biləcəksənmi? Bax, bu likvidlik məsələsi istiqrazlarda, demək olar ki, risksizdir. Yəni, istənilən an istiqrazı qaytarıb, öz vəsaitini itirmədən ala bilərsən. Bax, əsas üstünlük bundadır, likvidlik.

- Sizcə, SOCAR ikinci dəfə bazara qiymətli kağız çıxarsa, yenə də maraq böyük olacaqmı?

- Düşünürəm ki, hə, maraq böyük olacaq. İndi baxır həcmi nə qədər olar, yəni, bazarın potensialı böyükdür. Öncə qeyd etdiyim kimi, bizim vətəndaşlarımızın dollarda 6 milyarddan çox əmanətləri var. Və bunlar hamısı potensial olaraq SOCAR İstiqrazlarının müştəriləridir. Sadəcə olaraq məlumatlandırma yaxşı səviyyədə olmalıdır, izahatlar verilməlidir. Hesab edirəm ki, problem olmayacaq ikinci buraxılışda da, çünki hazırda likvidlik problemi ona gətirib çıxarıb ki, artıq daşınmaz əmlaka yatırım 5 il bundan öncəki situasiya ilə qətiyyən müqaisə olunmazdır. Ona görə vəsaiti olan insan düşünməlidir ki, pulunu hara yatırsın ki, lazım olanda da o pulu götürə bilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm