Valyutadəyişmə məntəqləri bərpa olunur - YENİ QANUN
Bizi izləyin

İqtisadi gündəm

Valyutadəyişmə məntəqləri bərpa olunur - YENİ QANUN

“Çoxlu sayda insanlarımız işsiz qalıb, pullar qara bazarda fırlanıb”

“Azərbaycanda 1 ilə yaxındır ki, valyutadəyişmə məntəqlərinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi. Vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu günklü plenar iclasında “Valyuta tənzimi haqqında” qanun layihəsinin müakirəsi zamanı komitə sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib:

“Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problemi həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa o zaman bununla bağlı təqdimat verilsin”.

Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını vurğulayan S.Novruzov qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insanlarımız işsiz qalıb, pullar isə qara bazarda fırlanıb:

“Bundan əvvəl valyutadəyişmə məntəqlərinin yerləri var və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımızın istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyutadəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə durur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur”

Komitə sədri qeyd edib ki, valyutadəyişmə məntəqələri deposit qoymamalıdırlar:

“Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytara bilməsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarını dövlət özü qarant verir. Çünki onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir”.

Müzakirələrdə çıxış edən millət vəkili Elmira Axundova valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qaldığını söyləyib:

“Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb.

İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.

Bunları nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyi mühüm addım hesab edirəm. Yeni dəyişikliklər valyuta dəyişmə məntəqələrinin qanuni şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Həmin şəxslər artıq vergi ödəyicisinə çevriləcəklər”.

E.Axundova müsbət məqamlarla yanaşı, bəzi fikir və iradlarımı da bölüşüb:

“Əvvəla, ilk sualım rezident fiziki şəxsin fəaliyyət ünvanı ilə bağlıdır. Məncə, fəaliyyət ünvanı mütləq tələb olmamalıdır. Bu, vətəndaşlar üçün əlavə çətinliklər yaradacaq. Çünki hər dəfə ünvan dəyişəndə gərək lisenziya yenidən rəsmiləşdirilsin.

Qanunun 13-5-ci maddəsi ilə bağlı sual vermək istərdim. Lisenziya yenidən rəsmiləşdirilərkən hər hansı rüsum tələb olunacaqmı? Bununla bağlı məsələyə qanunda aydınlıq gətirilməlidir.

Qanunun 13-8-ci maddəsində lisenziyanın ləğvi halları sadalanır. 13-8.1.7-ci maddəyə görə lisenziya sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda lisenziya ləğv edilir. Düşünürəm ki, bu müddəti uzatmaq da olar, çünki lisenziya alandan sonra müəyyən səbəblər ola bilər ki, şəxs dərhal işə başlaya bilməsin. Mən Qüdrət (Qüdrət Həsənquliyev) müəllimlə tamamilə razıyam ki, girov məsələsinə yenidən baxmaq lazımdır, çünki bu məsələ o qədər də məntiqli deyil. Ona görə ki, bu insanlar dövlət köməyi olmadan öz vəsaiti hesabına valyutadəyişmə məntəqələrini yaradırlar və bu fəaliyyətdən dövlətə vergi ödəyəcəklər. Nəyə görə onlar üstəlik girov da qoymalıdırlar?

Digər tərəfdən, hesab edirəm ki, lisenziya alınması proseduru çox da asan olmamalıdır. Məncə, 500 manat lisenziya rüsumu azdır, onu ən azı iki dəfə qaldırmaq lazımdır. Çünki lisenziya onsuz da müddətsiz verilir. Digər tərəfdən lisenziya alan hüquqi və fiziki şəxslərin sənədləri ciddi yoxlanılmalıdır, söhbət təkcə vergi cinayətlərinin olub-olmamasından getməməlidir, həm də bu sahədə işləmək istəyənlərin təcrübəsindən, professional biliklərindən getməlidir, yəni valyutadəyişmə məntəqəsini açan şəxs ən azından ali maliyyə ixtisasına malik olmalıdır.

Xahiş edirəm qeyd etdiyim məsələlərə aydınlıq gətirilsin. Ümumilikdə isə qanuna təklif edilən dəyişiklikləri labüd hesab edirəm”.

Yəhudi əsilli deputat Yevda Abramov isə yenidən sərt çıxışı ilə yadda qalıb. Y.Abramov qeyd edib ki, “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənlışdirə bilmirlər:

“Valyutadəyişmə məntəqələrinin sayını azaltmaq lazımdır. Amma 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Primorskidə öz villarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişirdilər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. Mən qeyd edim ki, babalarımızın, nənələrizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur. Ona görə də mən bu qanuna ikiəlli, ikibarmaqlı səs verəcəm”.

Deputat Vahid Əhmədov isə qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib.

O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır:

“Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanuna dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Müzakirələrə ehtiyac var”.

Deputat Əli Məsimli isə bildirib ki, “qara bazar"da alış-satış daha yumşaqdır:

“Banklarda isə alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır. Bankların bugünkü siyasəti davam edəcəksə, 21 fevrala (21.02.2015-ci il - ilk devalvasiya) yenidən dönəcəyik. Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. “Qara bazar” ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik "qara bazar"ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı "qara bazar"a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, qanuna ediləcək dəyişiklik nəticəsində Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq:

“Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq”.

Daha sonra layihə Milli Məclisin səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm