Azərbaycanın inkişaf strategiyası: Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ixrac potensialını artırır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın inkişaf strategiyası: Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ixrac potensialını artırır

Post-neft dövrünün tələblərinə uyğun olaraq Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Bu gün qarşıda emal müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, fermer təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, daxili bazarın yerli məhsullarla təmin edilməsi, eləcə də ixracın artırılması kimi mühüm vəzifələr dayanır.

Azərtac aqrar sektorun prioritet sahələri üzrə görülən işlər və qarşıda duran hədəflər barədə analitik yazını təqdim edir.

Pambıqçılıq: əkin sahələri ötən illə müqayisədə üç dəfə artırılacaq

Vaxtilə pambıqçılıq respublikamızın aqrar sektorunda ən aparıcı sahə hesab olunurdu. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə pambıq istehsalı 300 min tondan 1 milyon 15 min tona çatmışdı. 1969-1981-ci illərdə ölkə büdcəsinin 22–25 faizini pambıqçılıqdan əldə olunan gəlir formalaşdırırdı.

SSRİ-nin süqutundan sonra Azərbaycanda bu ənənəvi sahə də tənəzzülə uğradı. 2015-ci ildə cəmi 18,8 min hektarda pambıq əkilmiş, 35 min ton pambıq istehsal olunmuşdu.

Pambıq ixractutumlu məhsuldur, əhalinin məşğulluğuna və gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yeni iqtisadi mərhələdə qarşıya qoyduğu ümdə vəzifələrdən biri də pambıqçılığın inkişaf etdirilməsidir. Bu məqsədilə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub.

Dövlətimizin başçısı ötən il pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilir.

Görülən tədbirlər nəticəsində ötən il pambıq əkini sahələri 52 min hektara çatdırıldı, 90 min tona yaxın məhsul yığıldı. Bu il isə keçən illə müqayisədə təxminən 3 dəfə çox pambıq əkilməsi planlaşdırılır.

İndi isə işlərin gedişinə nəzər salaq. İndiyədək ölkə üzrə 135198,1 hektar sahədə çiyid səpilib və 118123,2 hektarda çıxış alınıb. Bu isə təxminən çiyid səpilən sahələrin 87,4 faizi deməkdir. Saatlıda 17190 hektar, İmişlidə 15629,4 hektar, Sabirabadda 15055 hektar, Biləsuvarda 11351,8 hektar, Neftçalada 10101 hektar sahədə çiyid səpilib. “MKT İstehsal Kommersiya” MMC üzrə 70 min 2 hektarda, “CTS Agro” MMC üzrə 28 min 560 hektarda, “Şamo” MMC, “Goran-Cotton” MMC, “Zərdab Pambıq” ASC üzrə 6 min 869,3 hektarda, fərdi qaydada isə 17907,1 hektarda səpin aparılıb.

Təbii ki, digər mühüm məsələ yüksək məhsuldarlığa nail olmaqdır. İndiki halda söhbət hər hektardan orta hesabla 20 sentner məhsuldan gedir. Əgər buna nail olunarsa, istehsal 270 min tona çatacaq. Nəzərə alınsa ki, 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdı, bu, qısa müddət ərzində çox böyük göstərici sayıla bilər. Göründüyü kimi, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda qarşıya qoyulan istənilən məqsədə çatmaq mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik”.

Pambıqçılığın inkişafı, öz növbəsində, yüngül sənayenin inkişafına da təkan verəcək. Keçən il Mingəçevirdə təməli qoyulan yüngül sənaye parkında tikiləcək doqquz zavoddan biri də iplik müəssisəsidir. Onun xammalla yerli istehsal hesabına təchiz olunması gəlirin yüksəlməsinə şərait yaradacaq.

Baramaçılıq: bu il hədəf 300 tondur

Hazırda ənənəvi və ixracyönümlü sahələrin dirçəldilməsi istiqamətində geniş iş aparılır, davamlı olaraq stimullaşdırıcı tədbirlər görülür. Bu sahələrdən biri də baramaçılıqdır. Ölkəmizdə baramaçılıq üçün münbit şəraitin olması, vaxtilə toplanılan zəngin təcrübə nəzərə alınaraq, ipəkçiliyin inkişafı üçün kompleks tədbirlər görülür. Ötən il uzun fasilədən sonra barama istehsalında müəyyən irəliləyişlər əldə edilib. Belə ki, 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir götürüb. Təbii ki, bu, hələ başlanğıcdır.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında baramaçılıq sahəsində vəziyyəti təhlil edən Prezident İlham Əliyev deyib: “Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik”.

Daha bir fakta nəzər salaq. Ötən ilin payız mövsümündə respublika üzrə 1 milyon 793 mindən çox tut (çəkil) tingi əkilib.

Ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı Prezidentin tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Əldə olunan yüksək keyfiyyətli ipəkqurdları respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə pulsuz paylanılıb.

İstehsalın stimullaşdırılması istiqamətində atılan digər önəmli addım barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə kümçülərə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsidir.

Prezidentin digər Sərəncamına əsasən, barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil) tinglərinin alınmasına isə 600 min manat vəsait ayrılıb.

Baramaçılığın inkişafı təkcə tut bağlarının salınması, ipəkqurdları əldə edilməsi ilə yekunlaşmır. Qeyd etdiyimiz kimi, bu sahənin dirçəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.

Artıq bir sıra rayonlarda yeni mövsümün barama tədarükünə başlanılıb. Ümumilikdə respublika üzrə iyunun 1-nə “Şəki-İpək” ASC tərəfindən 8,717 ton barama qəbul olunub və bu proses davam edir. Məhsul istehsalı və tədarükündə Zərdab (4,157 ton), Ağdam (1,296 ton) və Zaqatala (0,933 ton) rayonları irəlidə gedir. İri barama istehsalçılarından olan Füzuli rayonunda 36,5 ton, Zərdabda 24 ton, Şəkidə 22,5 ton, Zaqatala 21 ton, Ağcabədidə 17,5 ton, Ağdam, İmişli və Kürdəmir rayonlarının hər birində 15 ton məhsul istehsalı gözlənilir. Ölkə üzrə isə 300 tona yaxın barama tədarükü proqnozlaşdırılır.

Daha bir önəmli fakt: bu il ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb.

Fındıqçılıq: 40 min hektar sahədə yeni bağlar salınacaq

İxracyönümlü sahələrdən olan fındıqçılığın inkişafı da diqqət mərkəzindədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü yeri tutur. Ölkəmizdə ildə təqribən 35 min ton fındıq istehsal olunur. Fındıqçılığın inkişafının sürətləndirilməsi, fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, 700 min manat ayrılıb.

Dövlətimizin başçısı fındıq bağlarının genişləndirilməsinin vacibliyini qeyd edərək deyib: “Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir.”

Xatırlatmaq yerinə düşər ki, 2016-cı ildə ölkəyə ən çox valyutanı fındıq gətirib: 105 milyon dollar. Hazırda 46 rayonda fındıq yetişdirilməsi üçün potensial var. Hesablamalara görə, fındıq istehsalını və ixracını iki dəfə artırmaq, əldə olunan valyutanı 200 milyona asanlıqla çatdırmaq mümkündür.

Əlavə fındıq bağlarının salınması istiqamətində real addımlar atılır. Aprelin 29-dək 16328,5 hektar fındıq bağı salınıb. Bunun 3158 hektarı Zaqatala, 2264,2 hektarı Balakən, 2250,2 hektarı Qusar, 2037 hektarı Xaçmaz, 1787,5 hektarı Qax, 1203 hektarı Quba rayonlarının payına düşür.

Bu sahənin inkişafı və perspektivləri Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasını şərtləndirib. Assosiasiya müvafiq vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparır. Eyni zamanda, yeni bazarlar araşdırılır, idxalçılar və alıcılar arasında əlaqələr qurulur.

Tütünçülük: ilk mərhələdə hədəf 10 min ton quru tütündür

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında kənd təsərrüfatı ilə bağlı prioritet istiqamətlərə toxunarkən respublikamızda tütünçülüyün inkişaf etdirilməsinin vacibliyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı bu sahədə qarşıda duran vəzifələrdən danışaraq deyib: “Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir”.

Tütün əkini işlərinin gedişi ilə bağlı builki statistikaya nəzər salaq. Respublikamızda tütünçülük üçün ən əlverişli region Şəki, Zaqatala, Qax və Balakəndir. İndiyədək respublika üzrə tütün əkilmiş 3154 hektara yaxın sahənin 2659 hektarı, yəni 84 faizi bu dörd rayonun payına düşür. Fermerlər daha məhsuldar və keyfiyyətli tütün sortlarına üstünlük verirlər. Belə ki, bu il əkilmiş sahələrin 2 min 5,7 hektarını “Virciniya”, 170,5 hektarını “Berley”, 977,7 hektarını isə digər növ tütün şitilləri təşkil edib.

Son məlumata görə, indiyədək respublikada nəzərdə tutulan 3000,5 hektar əvəzinə, 3154 hektar sahədə tütün əkilib.

Bu sahəyə marağı artıran əsas amillərdən biri istehsalçılara göstərilən dövlət dəstəyidir. Prezidentin müvafiq Sərəncamına əsasən, istehsal olunan və emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə fermerlərə 0,05 manat məbləğində subsidiya hesablanır.

Şəkər çuğunduru: ixractutumlu, perspektivli və gəlirli sahə

Ölkəmizdə 10 il əvvəl şəkər zavodu yaradılsa da, o, uzun illər xaricdən gətirilən xammal hesabına işləyib. İndi isə dövlətimizi başçısı qarşıya belə bir vəzifə qoyub ki, bu sahədə idxaldan asılılıq aradan qaldırılmalı, şəkər çuğunduru istehsalı və emalı inkişaf etdirilməlidir. Artıq bununla bağlı real dövlət dəstəyi göstərilir. Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı Fərmana əsasən, emal müəssisələrinə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə istehsalçılara 4 manat məbləğində subsidiya ödəniləcək.

Statistik məlumatlara görə, şəkər çuğunduru əkinində müəyyən irəliləyişlər əldə olunub. İndiyədək nəzərdə tutulan 18 min 754 hektar sahədən 14 min 93 hektarında əkin aparılıb. Ən çox şəkər çuğunduru Ağcabədi (2009,9 hektar), Tərtər (1541 hektar), Şəmkir (1203 hektar), Samux (1194,4 hektar), Ağdam (1001 hektar), Bərdə (959,3 hektar) və Cəlilabad (634 hektar) rayonlarının təsərrüfatlarında əkilib. Bununla yanaşı, İmişli, Ağsu, Biləsuvar, Goranboy, Hacıqabul, Kürdəmir, Qəbələ və digər rayonlarda da şəkər çuğunduru istehsalının genişləndirilməsi üçün tədbirlər görülür. Ümumiyyətlə, bu il 27 rayonda şəkər çuğunduru yetişdiriləcək.

Hazırda İmişli şəkər zavodunun gündəlik emal potensialı 10 min tona çatdırılıb. Zavod Azərbaycanın tələbatını üç dəfə ödəyəcək gücə malikdir. Bu, o deməkdir ki, zavod tam gücü ilə işləyərsə, istehsal edilən məhsulun üçdəiki hissəsini ixrac etmək olar. Əminliklə demək olar ki, bu hədəfə yetişmək tam realdır və yaxın gələcəkdə zavod bütünlüklə yerli xammal hesabına işləyəcək.

Yazlıq əkinlərə 432 mindən çox işçi qüvvəsi cəlb olunub

Statistik məlumatlar ölkəmizdə yazlıq əkinlərin proqnozlaşdırılan templə getdiyini göstərir. Mayın 31-dək olan məlumata əsasən, ümumilikdə, 363 min 346 hektar sahədə yazlıq əkin aparılıb. Əsas bitki növləri üzrə göstəricilərə nəzər salaq: kartof - 49952,7 hektar, qarğıdalı - 26921,6 hektar, pomidor-xiyar - 16908,6 hektar, dənli və dənli paxlalı bitkilər - 9628,4 hektar, soya 9074,9 hektar, baş soğan - 8519,7 hektar, çəltik - 3683,9 hektar və s. əkilib.

Aqrar sektorun inkişafı, əkin sahələrinin genişləndirilməsi həm də yeni iş yerləri, kənd əhalisinin əhalinin məşğulluğunun təmin olunması və artan gəlirlər deməkdir. İyunun 1-nə olan məlumata görə, respublika üzrə yazlıq əkinlərə 432 min 146 nəfər cəlb olunub. Bu, may ayının 1-i ilə müqayisədə 60,4 faiz artım deməkdir.

İndi isə hazırda ayrı-ayrı sahələr üzrə işlə təmin olunanların sayı ilə bağlı göstəricilərə nəzər salaq. Pambıqçılıqda 75 min 417, şəkər çuğunduru yetişdirilməsində 12 min 485, tütünçülükdə 7962 iş yeri açılıb. Fındıq istehsalçılarının sayı isə 8 min 897-yə çatıb.

Bir sözlə, kənd təsərrüfatı sahəsində reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, özəl sektorun inkişafı üçün yaradılan münbit şərait öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin idxaldan asılılığın azaldılmasına və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinə dair tapşırıqları uğurla yerinə yetirilir. O cümlədən aqrar sektorun istər ixrac, istərsə də məşğulluq sahəsində böyük potensialından getdikcə daha səmərəli istifadə olunur. Bu sıraya torpaqlardan səmərəli istifadə, ekoloji təmiz məhsulların istehsalı, ixracın şaxələndirilməsi, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxış kimi amilləri əlavə etsək, göz önündə müasir aqrar-sənaye kompleksinin aydın mənzərəsi yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm