Aydın Əliyev özbəkistanlı həmkarı ilə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Aydın Əliyev özbəkistanlı həmkarı ilə görüşdü

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycana səfərə gələn özbəkistanlı həmkarı Muydjon Toxiriyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn M.Toxiriyi salamlayan A.Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyən komitə sədri, eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və özbək həmkarının Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Özbəkistanın Dövlət Gömrük Komitəsinin sədri Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. İki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

M.Toxiriy qeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Görüş başa çatdıqdan sonra isə Özbəkistan nümayəndə heyəti DGK-da gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm