Azərbaycanı Dubaya çevirəcək 100 milyonluq layihə: Yeni Ticarət Limanı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanı Dubaya çevirəcək 100 milyonluq layihə: Yeni Ticarət Limanı

Avqustun 2-də Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə qurulan limanın tikintisi üçün daha 30 milyon manat ayrıldı. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının yüksəldilməsində həlledici rol oynayacaq.

"Bu liman Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən dövlətə çevirəcək"

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Publika.az-a açıqlamasında limanın iqtisadi əhəmiyyətinin əvəzsiz olacağını bildirdi: “Cənab prezidentin apardığı iqtisadi siyasətin məğzində o dayanır ki, Azərbaycan nəqliyyat dəhlizində önəmli rol oynasın. Bakı-Qars dəmiryolunda ciddi işlər görülür. Digər tərəfdən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi və orada azad ticarət zonasının qurulması təkcə Azərbaycanın yox, Qafqazın nəqliyyat sistemində önəmli rol oynayacaq. Bu həm də Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən dövlətə çevirəcək. Limanın tikintisi üçün əlavə vəsaitin ayrılması onu göstərdi ki, prezident limanın tikintisini tamamlanmasına xüsusi diqqət yetirir. Yükdaşımalar tez gəlir gətirən sahədir. Ona görə bu limanın istifadəyə verilməsi Azərbaycan üçün böyük hadisə olacaq”.

Vahid Əhmədov model olaraq Dubay təcrübəsindən istifadə olunacağını bildirdi:

“Bizdə Dubay variantından istifadə nəzərdə tutulub. Mən özüm o limanda olmuşam. Doğurdan da çox böyük işlər gedir. Hətta prezidentin göstərişi var ki, orada böyük bir yaşayış qəsəbəsi salınsın. Orada azad iqtisadi zona yaradandan sonra çox böyük irəliləyişlər olacaq. Faktiki olaraq limanın tikintisinə 100 milyon manata yaxın vəsaitin ayrılması onu göstərir ki, hökumət açılışı tezləşdirmək istəyir. 2018-ci ildə artıq bu liman azad iqtisadi zona ilə birlikdə istifadəyə verilməsi planlaşdırılır".

Qeyri-neft sektorunun inkişafında yeni imkan

İqtisadçı-ekspert Samir Əliyev limanın tikintisini neft sektorundan asılılığı azaldacağını düşünür. Publika.az-a danışan ekspertin fikrincə, strateji mövqeyimiz sayəsində bu liman iqtisadiyyatın şaxələnməsini sürətləndirəcək:

“Limanın tikilməsi birbaşa neftdən asılılığın azaldılmasına yönəlib. İqtisadiyyatımızın böyük bir hissəsi neftdən asılıdır. Yerdə qalan sektorlar da neft sektoruna bağlıdır. Buna görə də mən buna qeyri-neft sektorunun inkişafına imkan kimi baxıram. Digər tərəfdən, əgər bizim dənizə çıxışımız varsa, niyə də bundan istifadə etməyək. Çünki su hövzəsinə çıxış istənilən bir ölkə üçün imkandır. Bu günədək bu üstünlükdən o qədər də yaxşı istifadə etməmişik. Biz daha çox neft daşımalarına üstünlük vermişik. Nəzərə alsaq ki, Azərbaycanın yerləşdiyi strateji mövqe uğurlu yerdir, yəni Şərqlə Qərbi birləşdirir, belə olan halda mövqeyimizin önəmi birə beş artır. Ona görə nəqliyyat daşımaları vasitəsilə iqtisadiyyatı şaxələndirə bilərik.

Azad Ticarət Zonasının bariz nümunəsi Dubaydır. Nəyə görə hamı Çin malını Dubaydan alır? Ucuz olduğu üçün. Yəni burada xüsusi vergi rejimindən, güzəştdən söhbət gedir. Bu baxımdan azad iqtisadi zona iqtisaiyyata böyük canlılıq gətirəcək.

Bizim çətinliyimiz bir sahədə ola bilər. O da dünya okeanına çıxışımızın olmaması. Odur ki, azad iqtisadi zona salınanda bu amillər nəzərə alınmalıdır”.

Amin Nəzərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm