Üzümçülük Naxçıvanda yeni inkişaf mərhələsini yaşayır
Bizi izləyin

İqtisadi gündəm

Üzümçülük Naxçıvanda yeni inkişaf mərhələsini yaşayır

Qədim Naxçıvanda üzümçülük dərin tarixi köklərə malikdir. Aparılan arxeoloji qazıntılar zamanı tapılan meyvə, xüsusilə üzüm toxumları, eləcə də çaxır hazırlamaq və saxlamaq üçün işlədilən iri küplər göstərir ki, muxtar respublika ərazisində yaşayan insanlar hələ eradan əvvəl bağçılıq və üzümçülüklə məşğul olublar. Qeyd etmək lazımdır ki, yabanı üzüm indi də regionun ərazisində geniş yayılıb. Hələ çox qədimdən burada üzümdən kişmiş, mövüc, bəhməz və sair məhsullar hazırlayaraq qonşu ölkələrə ticarət məqsədi ilə aparıblar.

Muxtar respublika ərazisində 120-dən çox üzüm sortu yetişdirilir

Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, hazırda muxtar respublika ərazisində 120-dən çox üzüm sortu yetişdirilir. Onlardan yüzə yaxını yalnız muxtar respublikanın ərazisində yayılıb. Həm qidalılıq əhəmiyyətinə, həm də iqtisadi səmərəsinə görə üzüm əkilməsi vacib sayılan kənd təsərrüfatı bitkilərindən biridir. Ən bəsit hesablamalar göstərir ki, bir hektar üzüm sahəsi dənli bitkilərdən 3,9, pambıqdan 2,7, tərəvəz bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə artıq gəlir gətirir.

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Yəni, üzümçülük kənd təsərrüfatı istehsalının çox xərc tələb edən sahəsi olmasına baxmayaraq, 1 hektar sahədən əldə edilən məhsula görə ən yüksək göstəriciyə malikdir.

Dövlət proqramları üzümçülükdə yeni uğurlara yol açıb

Sovet dönəmində ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdi. Görkəmli dövlət xadiminin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdü. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına və kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vuruldu, insanlar gəlir mənbələrindən məhrum olundular. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradıldı və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməyə başlandı. Belə ki, 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu və icrası başa çatan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" kimi mühüm sənədlərin təsdiq edilməsi üzümçülükdə yeni uğurlara yol açdı.

Muxtar respublikanın torpaq-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bununla da üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın isə azalmasına şərait yaratmaq imkanları mövcuddur.

Üzüm istehsalı üçün regionun əlverişli torpaq-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksəkkeyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsini zəruri edir. Məhz buna görə muxtar respublikada bu sahənin inkişaf etdirilməsinə diqqət və maraq getdikcə artmaqdadır.

Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatında innovativ texnologiyalar tətbiq olunur

Naxçıvanda yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən istifadə etməklə üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanılıb. Nəticədə üzüm sahələrinin genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığın tədricən artımına nail olunub. Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatı da bu baxımdan diqqəti cəlb edir. Kənddə üzümçülük təsərrüfatının yaradılmasına 2015-ci ildə başlanılıb. Ərazidə yerli sortlarla yanaşı, İtaliya, Fransa, Türkiyə və Özbəkistan mənşəli 10 məhsuldar üzüm sortu əkilib. 150 hektar ərazidə ümumilikdə 326 mindən artıq üzüm tingi əkilib, ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmaqla lazımi aqrotexniki tədbirlər həyata keçirilib. İstehsal prosesində innovativ texnologiyalar tətbiq olunur.

Becərmə və yığım işlərini aparmaq üçün xüsusi texnikalar alınıb, ərazidə inzibati və yardımçı binalar, nasos stansiyası tikilib, 50 kilometrdən çox damcılı suvarma şəbəkəsi qurulub. Gələcəkdə ərazidə soyuducu anbarın inşa olunması da nəzərdə tutulub. Bütün bunlar isə daxili bazarın tələbatını ödəyən və yüksək ixrac potensialına malik keyfiyyətli məhsul istehsalına imkan verəcək.

Təsərrüfatın ərazisində üzümlə yanaşı, digər meyvələrin əkininə də diqqət yetirilir. Hazırda 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingi əkilib. Nehrəm Üzümçülük Təsərrüfatında 140 kənd sakini işlə təmin olunub.

Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxıb. Ali Məclisin Sədri kənd təsərrüfatının inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulayıb, üzümçülük təsərrüfatının yaradılmasında əməyi olanlara təşəkkür edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü xüsusi əhəmiyyət kəsb edir

Üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli üzüm sortlarının yetişdirilməsi Naxçıvanda da tingçilik təsərrüfatlarının yaradılmasını şərtləndirir. Yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən, 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə mənbələri ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.

Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyevin sözlərinə görə, istehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə həmin məhsulların plantasiya-istehlakçı sxemi üzrə reallaşdırılması məsələləri həllivacib məsələlərdəndir. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" qeyd olunan problemlərin həllinə, üzümçülük və şərabçılığın kompleks inkişafına yönəldilib. Prezident İlham Əliyev 2011-ci il dekabrın 15-də imzaladığı Sərəncam ilə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Bu proqramın icrası ölkəmizdə, o cümlədən muxtar respublikada üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına imkan verəcək və beləliklə, kənd təsərrüfatının geniş miqyasda inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradacaq.

Dövlət proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılmasından ibarətdir. Qeyd olunan məqsədə nail olmaq üçün süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması, tingçilik təsərrüfatlarının yaradılması, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədilə saxlama kameralarının tikilməsi, üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafı və digər vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.

Üzüm muxtar respublikanın bütün rayonlarında talvar və geniş plantasiyalarda əkilib-becərilə və inkişaf etdirilə bilər

Üzüm muxtar respublikanın bütün rayonlarında talvar və geniş plantasiyalarda əkilib-becərilə və inkişaf etdirilə bilər. Bu bitkinin inkişafına geniş yer verilməsi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış rayonlar üzrə əkin sahələrinin atlasında da öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm