Millət vəkili: “BTQ həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan üçün önəmlidir”
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili: “BTQ həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan üçün önəmlidir”

Bu gün Bakıda Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin açılış mərasimi keçirilir. Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri və Qazaxıstanın baş naziri, həmçinin, digər yüksək səviyyəli şəxslər iştirak edirlər.

Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov tarixi bir gün yaşadığımız deyib.

BTQ-ni strateji layihə adlandıran iqtisadçı millət vəkili onun həm iqtisadi, həm də siyasi əhəmiyyətinin olduğunu vurğulayıb. Azərbaycanın stabil bir ölkə olduğunu və bu cür layihələrin yalnız stabil ölkələrdə həyata keçirildiyini vurğulayan millət vəkili layihənin həm də Azərbaycanın müstəqilliyi üçün önəmli olduğunu qeyd edib.

“Belə layihələr o ölkələrdə həyata keçirilir ki, orada stabilliklə bağlı ciddi problemlər olmasın. Azərbaycan məhz belə ölkələrdən biridir. Azərbaycan stabil ölkə olduğu üçün dəmiryolu xəttinin inşasına xarici dövlətlər də böyük maraq göstərdilər. Çin kimi böyük dövlət bu xətdən geniş istifadə edəcək və məhsullarını geniş Avropa bazarına çatdıracaq. BTQ həm iqtisadi, həm də siyası cəhətdən ölkəmiz üçün önəmlidir”, - müsahibimiz bildirib.

V.Əhmədov BTQ dəmiryolu layihəsinin çox ciddi mərhələlərdən keçdiyinə diqqət çəkib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə qarşı olan, həmçinin Ermənistan ərazisindən keçməsinə nail olmaq istəyən ölkələr var idi. Millət vəkili ABŞ Senatında belə, layihənin gerçəkləşməməsi üçün təkliflərin səsləndirildiyini xatırladıb. V. Əhmədovun sözlərinə görə, məhz Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi ilə layihə gerçəkləşdi.

Dəmiryolu xəttinin Pekindən Londona qədər olan ərazidəki ölkələri birləşdirdiyini deyən millət vəkili qeyd edib ki, ilkin mərhələdə dəmiryol xətti ilə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşınacaqsa, gələcəkdə dəmiryolu ilə 3 milyon sərnişin və 20 milyon ton yük daşınmalıdır.

V. Əhmədov tranzit yüklərdən illik gəlirin təxminən 1 milyard dollara yaxın olacağını deyib.

“Yəni, layihənin əhəmiyyəti çox böyükdür. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” iyirminci əsrin əsas layihələrindən biri idisə, BTQ də iyirmi birinci əsrin əsas layihələrdən biridir. Millətimi bu münasibətlə təbrik edirəm. Son illər mühüm nəqliyyat dəhlizi olaraq Azərbaycana yüksək əhəmiyyət verilir. Digər dövlətlər də belə layihələri həyata keçirməyə çalışırlar. Rusiya da çalışır ki, dəmiryolu xətlərini inkişaf etdirsin. Ermənistan da çox istəyirdi ki, dəmiryolu xətti onun ərazisindən keçsin”, - millət vəkili söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm