Valyuta mübadiləsində YENİ QAYDA: bundan sonra dollar alarkən...
Bizi izləyin

İqtisadi gündəm

Valyuta mübadiləsində YENİ QAYDA: bundan sonra dollar alarkən...

Maliyyə Bazarlarına Nəzaərət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nı təsdiqləyib.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeni qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir. Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.

Qaydalara görə, valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Bundan başqa, binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.

Həmçinin, valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır. Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir. Valyuta mübadiləsi məntəqəsinin ön divarından vizual müşahidə təmin olmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməlidir. Valyuta mübadiləsi məntəqəsində təhlükəsizlik (video müşahidə kameraları) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. Video müşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır.

Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsi hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir. Valyuta mübadiləsi məntəqəsi aparılan hər bir əməliyyatın qeydə alınması üçün texnoloji vasitələr (kompüter, printer) və müvafiq proqram təminatı, video müşahidənin aparılması üçün texnoloji vasitələr ilə təmin edilməlidir. Valyuta mübadiləsi məntəqəsinin proqram təminatı əməliyyat günü ərzində valyuta mübadiləsi əməliyyatlarının, həmçinin hər bir valyuta üzrə müəyyən olunmuş alış və satış məzənnəsinin uçota alınmasını, kassa işinin aparılmasını və ləğv olunmuş əməliyyatların qeydiyyatını təmin etməlidir. Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.

Qaydalarda valyuta mübadiləsi məntəqəsi tərəfindən pul vəsaitlərinin təhlükəsiz daşınmasını təmin edilməsi yolları da öz əksini tapıb. Belə ki, qaydalara görə, valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 (iyirmi) min manatdan və ya ekvivalentindən 200 (iki yüz) min manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə həyata keçirilir. 200 (iki yüz) min manat və ya ekvivalenti və daha artıq pul vəsaitinin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə inkassasiya xidmətindən istifadə edilməlidir.

Bundan başqa, valyuta mübadiləsi məntəqəsində müştərilərin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə aşağıdakı məlumatlar əks olunmalıdır:

xüsusi elektron lövhədə (lövhənin üzərində valyuta mübadiləsi məntəqəsinin adı nəzərə çarpan hərflərlə yazılmalıdır) nağd xarici valyutaların milli valyutaya nisbətən alış və satış məzənnəsi;

valyuta mübadiləsi məntəqəsinin iş vaxtı;

Palata tərəfindən valyuta mübadiləsi məntəqəsinə verilmiş lisenziyanın və ya lisenziyaya əlavənin surəti;

istehlakçıların müraciət və ya şikayət edə bilməsi üçün Palatanın “qaynar xətt”i barədə məlumat .

valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs tərəfindən lisenziyanın alınması üçün müraciət zamanı “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq bu Qaydada müəyyən edilən təsdiqedici sənədlər təqdim edilir.

Qaydalarda valyuta mübadiləsi əməliyyatlarının aparılması və uçotu ilə bağlı tələblər də müəyyənləşib. Bu tələblərə görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

Qaydalara əsasən, valyuta mübadiləsi məntəqələrində aşağıdakı valyuta mübadiləsi əməliyyatları həyata keçirilir:

nağd xarici valyutanın nağd milli valyuta ilə alınması və satılması;

bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;

xarici valyutanın nağd qaydada dəyişdirilməsi.

Qaydalara görə, valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.

Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyat onun həyata keçirildiyi anda bu qaydada müəyyən edilən formada uçota alınmalıdır . Uçota alınmış məlumatlar ən azı 3 il müddətinə valyuta mübadiləsi məntəqəsinin müvafiq proqram təminatında saxlanılmalıdır. Valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir. Valyuta mübadiləsi qəbzi iki nüsxədə hazırlanır. Qəbzin bir nüsxəsi müştəriyə verilir, digər nüsxəsi isə valyuta mübadiləsi məntəqəsində saxlanılır. Valyuta mübadiləsi məntəqəsində aparılan valyuta mübadiləsi əməliyyatları üzrə valyuta mədaxili və məxarici əməliyyat gününün sonunadək bu qaydada müəyyən olunmuş formada kassa jurnalında qeydiyyata alınmalıdır. Əməliyyat günü başa çatdıqdan sonra əməliyyatların uçotuna dair məlumatlar əsasında kassanın faktiki qalığı hər bir valyuta növü üzrə yoxlanılır. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq aşkar edildikdə valyuta mübadiləsi məntəqəsinin xəzinədarı kənarlaşmanı müvafiq aktla rəsmiləşdirir və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə (xəzinədar funksiyası hüquqi şəxsin yeganə iştirakçısı və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən şəxsən həyata keçirildiyi hallar istisna olmaqla) təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm